İnsanlara hürriyət, millətlərə istiqlal!

Elton Conun Bülbülə səfəri

Bu yaxınlarda milli telekanalizasiyalarımızdan biri qadınları təhqir edən süjet yaymışdı. Ondan sonra teleradio şurası həmin kanalı cərimə elədi, ya da töhmət verdi - dəqiq xatırlamıram. Yeri gəlmişkən, həmin şuraya hazırda kim başçılıq edirsə, aktiv çalışdığını, vəzifəsini müəyyən dərəcədə yerinə yetirməyə cəhd etdiyini mütləq yazmalıyam. Çünki ondan əvvəlki Nuşirəvan müəllim heç bir zada dərman deyildi, uzağı bayquşları efir xərabələrinə yığıb söhbət apara bilərdi. İndiki müdir isə hətta arada bəzi telekanalizasiyaları 5-6 saatlıq qapadaraq xalqımıza xidmət göstərir.

Həmin cərimə mövzusunun yadıma düşməyinin səbəbi isə budur ki, məncə Şura yenidən fəaliyyətə keçməlidir - həmin kanal növbəti dəfə “qatıqlayıbdır”. Mediada süjetləri yayılmışdı, ordan bilirəm. Süjet çox bərbad bir mövzu haqda idi. Hansısa Bakı kəndində uçuq-sökük mədəniyyət evində Qarabağ mövzusunda nəsə mənasız tədbir keçirilib, orda da transgender manıs çıxış yapmışdır. Pah, dəhşət. Hərə əlinə bir yaba, dəhrə götürüb düşüb mədəniyyət evinin üstünə. Ki, niyə siz o cürə patriot işə cinsi azlıq nümayəndəsini qatmısınız. Bax, bizim bu milli telekanalizasiya da qoşulub qara kütləyə, mədəniyyət evinə hücuma keçmişdi.

İnsanların şəxsi həyatını, cinsi oriyentasiyasını müzakirəyə çıxarmaq, təhqir etmək nə insanlığa, nə mədəniyyətə, nə də qəbul olunan qanunlarımıza uyğundur - bunu heç təzədən yazmaqda məna görmürəm. O cümlədən, patriotizmə qalanda, 2-ci savaş vaxtı canını ərazilərimizin azadlığı uğrunda qurban verənlərdən ən azı 1 nəfərin cinsi azlıq olması ortaya çıxmışdı.

Sözgəlişi, hətta biz Qarabağ temasında bütün erməniləri də təhqir edən çıxışlar yapa bilmərik, səbəbi həm də nədir, bilirsinizmi? Çünki bizim anası erməni olan şəhidimiz var! Və biz həmin anaya - Mariya Karapetyana hörmətlə yanaşmağa borcluyuq.

Qayıdaq bir daha o bərbad süjetə. Müxbir böyük mədəniyyətsizliklə (başqa söz yazmaq istədim, onların tayı olmaq istəmədim) mədəniyyət evinin bədii rəhbərini divara dirəmişdi, deyirdi niyə konsertə oxumağa manıs çağıranda onun cinsiyyətini yoxlamamısınız. Vallah, elə belə də deyirdi. Sanki müxbir bunun üsullarını yaxşı bilirmiş. Həmin bədii rəhbər isə mədəniyyət işçisi olsa da, mədəniyyətdən xəbərsiz olduğunu isbat elədi, müxbiri dərhal qovmaq əvəzinə daha cəfəngiyyat izahat verdi: “Onun cinsi azlıq olduğunu oxuyanda bildik, çıxışını yarımçıq saxladıq. Təşkilatçı da cəzalanıb” və sairə.

Bu adamların sanki xəbəri yoxdur ki, dünya şöhrətli Elton Con 2007-ci ilin sentyabrında Bakıda, Bəhramov adına stadionda konsert verib, başda ən yüksək dövlət nümayəndələrimiz olmaq şərtiylə, 32 min nəfər həmin konsertdə iştirak eləyib. Elton müəllim isə, yenə el-aləmə məlumdur ki, homoseksualdır, hətta bir neçə il qabaq başqa kişiyə ərə gedib, uşaq-zad da götürüb ailə kimi yaşayırlar. Özləri bilər, yenə qeyd edirəm, bunun bizə heç bir dəxli yoxdur. Bəs bu ikili standart, lap kəsə yazsaq, ikiüzlülüyün səbəbi nədir? Necə olur ki, Elton Con stadionda konsert verəndə qəbulumuzdur, amma hansısa yetim manıs Bülbülə mədəniyyət evinin kir-pasaqlı salonunda mələyəndə qeyrət-namus yada düşür?

Uzun sözün qısası, Teleradio Şurasından tədbir görməsini gözləyirəm. Kanala cəza verin. İsbat edin ki, hamıya eyni gözlə baxırsınız.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

01 Noyabr 2025

31 Oktyabr 2025

30 Oktyabr 2025

29 Oktyabr 2025

28 Oktyabr 2025

26 Oktyabr 2025

24 Oktyabr 2025

23 Oktyabr 2025

22 Oktyabr 2025

21 Oktyabr 2025

19 Oktyabr 2025

18 Oktyabr 2025

17 Oktyabr 2025

16 Oktyabr 2025

15 Oktyabr 2025

14 Oktyabr 2025

12 Oktyabr 2025

11 Oktyabr 2025

10 Oktyabr 2025

09 Oktyabr 2025

08 Oktyabr 2025

07 Oktyabr 2025

05 Oktyabr 2025

03 Oktyabr 2025

02 Oktyabr 2025

01 Oktyabr 2025

30 Sentyabr 2025

28 Sentyabr 2025

27 Sentyabr 2025

26 Sentyabr 2025