17 Azərbaycan vətəndaşına qarşı 2 milyon manatlıq dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olmuş Qədim Ədilovun çoxcildli cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu haqda Musavat.com-a iş üzrə zərərçəkənlər məlumat veriblər. Bildiriblər ki, Qədim Ədilov uzun müddət istintaqda yayına bilsə də, son nət icədə əməllərinə görə həbsə alınıb. İş üzrə zərərçəkənlər baş prokuror Kamran Əliyevə ünvanladıqları müraciətin mətnini də redaksiyamıza təqdim ediblər. Həmin müraciətdə deyilir:
Hörmətli Kamran müəllim!
Biz məşhur dələduz Ədilov Qədim Ədil oğlunun cinayət əməllərindən zərərçəkmiş Azərbaycan vətəndaşları olaraq şəxsən Sizə və Baş Pokurorluğun İstintaq idarəsinə, xüsusi ilə külli miqdarda dələduzluq törətmiş və uzun müddət müxtəlif yollarla məsuliyyətdən yayınaraq təkrar-təkrar cinayət əməlləri törətmiş bu cinayətkarı layiqli cəzasına çatdırmaq üçün obyektiv araştırma apararaq işi AR CM 178.4( xüsusi ilə külli miqdarda dələduzluq) maddəsi ilə işi Ağır Cinayətlər Məhkəməsinə göndərməyinizə görə təşəkkür edirik! Ümidvarıq ki, Sizin rəhbərlik etdiyiniz qurumun İstintaq İdarəsinin obyektiv araşdırmasına məhkəmə ədalətli hüquqi qiymət verərək cəmiyyətimiz üçün çox təhlükəli olan dələduzu layiq olduğu cəzaya məhkum edəcək.
Qeyd edək ki, Qədim Ədilov ötən ilin fevralına qədər 17 Azərbaycan vətəndaşına qarşı 2 milyon manatlıq dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olub. Zərərçəkənlər Qədim Ədilovun onları necə aldatdığını da açıqlamışdılar.
“2014-cü ildə bu dələduz özünü “Azəri AQA” firmasının direktoru kimi təqdim edib Rusiyadan “Aziz” adlı firmadan taxta alıb satmağı təklif edirdi. Həmin firmadan ayrı-ayrı firmaların adına rəsmiləşmiş vaqon sənədləri göstərib pul alırdı. Sonradan məlum oldu ki, eyni vaqon üçün 8-10 nəfərdən pul alıb. Rusiyadakı “Aziz” firmasının direktoru Mirhəbib Ağalarov ilə biz istintaqda tanış olanda məlum oldu ki, dələduz Qədim Mirhəbib Ağalarova deyirmiş ki, filan firmaya və ya şəxsin adına vaqon yüklə, rəsmiləşdir, nömrəni göstərib pulunu vurduracam. Sonra deyirmiş ki, həmin şəxsin ödəmək imkanı olmadı, indi sənədi ləğv et, başqa firmanın adına rəsmiləşdir. Sonda da deyirmiş ki, heç birindən pul ala bilmədim. Yük dolu vaqonu özümün “Azəri AQA” firmasına göndər, satıb pulunu özüm verəcəm. Beləcə bizlərlə yanaşı, Mirhəbib Ağalarovu da aldadıb 200 min dollarlıq malını ələ keçirib və onun sənədlərini bizə göstərib ümumilikdə 2 milyondan artıq pulu ələ keçirdi”, deyə bildirmişdilər.
Qədim Ədilov 2024-cü ilin fevralında qaçıb gizləndiyi Rusiya ərazisində həbsə alınıb. Onun həbsi zərərçəkənlərin bu ölkənin hüquq-mühafizə orqanlarına müvafiq müraciətlərindən sonra mümkün olub. Rusiya Daxili İşlər Nazirliyinin Kaluqa Vilayəti üzrə İdarəsi Qədim Ədilovu qaçaq həyatı yaşadığı vilayət ərazisində müəyyən edərək həbsə alıb. 26 fevral 2024-cü ildə həbsə alınan Qədim Ədlilov elə həmin gün təcridxanaya yerləşdirilib. Bu haqda onun barəsində beynəlxalq axtarış elan etmiş Azərbaycan hüquq-mühafizə orqanlarına, zərərçəkənlərə də məlumat verilib. Bu ilin oktyabrında Qədim Ədilov Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com