7 nəfərin öldüyü qəzada yaralananların SON DURUMU

Xəbər verdiyimiz kimi, Şəmkirdə ağır yol qəzası baş verib.Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, səhər saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:

“Yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir”.

Şahanə Rəhimli,
Musavat.com

07.08.2025 11:50
1377