Kamerunlu futbolçu Kristian Kamtanın ölkəmizin futbol liqasında irqi ayrı-seçkiliyə məruz qalması xəbərini dalaq ağrısı ilə oxudum. (Futbolçularla bağlı xəbərlərdə adam ürək ağrısı yox, dalaq sancısı hiss edir və bunun nə demək olduğunu bilənlər bilir).
Düzdür, Kamta konkret ona qarşı necə irqi ayrı-seçkilik edildiyini mediaya açıqlamayıb, amma dəvət olunduğu və izahat verdiyi Ombudsman Aparatında bu barədə yəqin ki, özbək qardaşlar demişkən, bətəfsil (yəni təfsilatla) danışıb.
Biz sadəcə, bu xüsusda təcrübəli olduğumuzdan təxmin edə bilərik ki, kamerunlu Kamta hansı irqi ayrı-seçkiliyə məruz qalıb.
Əlimi Stalinin “Makrsizm və milli məsələ” kitabına basıb and içərəm ki, yerli komanda yoldaşları Kamtaya dəqiqəbaşı “qarabala” deyirmişlər: “Ə, qarabala pas ver dəə”; “Ə, Krısa, qaç, iki butulka, pivə al, gəl”; “Marketə gedirəm, qarabala, sənə banan alım?”; “Kamta, dəniz sezonu açılsın, gedək bir zaqar alax, hı-hı-hı” və sair və ilaxır.
Bu, bizdə qaydadır, özümüz sanki polyakıq, islandiyalıyılıq, norveçliyik, dərimiz də kağız ağıdır, ona-buna “qara” deyirik. Heç yadımıza düşmür ki, Rusiyada bizə “çernojop” deyiləndə necə cırnayırdıq.
Hərçənd şimal elləri ilə qaynayıb qarışdığımız vaxtlarda bir xeyli tolerant olmuşduq, ruslar dərimizin rənginə ilişəndə o qədər də məhəl qoymurduq, sadəcə, onlar kəmərdən aşağı hissənin qaralığına ilişəndə dözmürdük, çünki gün görmədiyindən yeganə ağ yerimoz oradır.
Xüləs, özü irqi ayrı-seçkiliyə məruz qalan xalqın oğulları olaraq biz gərək belə şeylər etməyək, mülahizə edək ki, təki adamın bəxti qara olmasın, rəngindən heç nə olmaz.
Amma hələ sovet vaxtı Afrika ölkələrindən gəlib Bakıda universitetlərdə oxuyan əcnəbi tələbələrə qarşı müəyyən qabalıqlar edən, sonra ağız-ağız verib hırıldaşan cayıllarımız olub. Arada heç nə üstündə onları tutub döymək cəhdləri də olurmuş.
Təsəvvür edin ki, o vaxtın lotu gədələri Joze Eduardu duş Santuşa da sataşırmışlar. O, Bakıda Neft-Kimya İnstitutunda oxuyanda ölkəsinin Joze vitse-prezidenti imiş. Burdan gedəndən sonda Anqolanın prezidenti olub və 38 il bu vəzifədə işləyib. Bakının cibində 3 manat olmayan cavanları isə onu görəndə “alə, alə, qarabalaya baxın” deyirmişlər.
Burası 100 faizdir. Çünki qaradərili əcnəbi tələbələr münasibətin necə olduğunu çox görmüşəm.
Fəqət bu elə də ciddi diskriminasiya sayılmırdı, zərərsiz lağlağı hesab olunurdu, heç kim dövlət və hökumət səviyyəsində onları incitmirdi, müəllimlər də rusca xırda-xırda qırıldadan tələbələrə müvəffəq qiymət yazıb kursdan-kursa keçiriridilər. Amma küçədəki lağlağı münasibət onların xətrinə dəyirdimi? Əlbəttə, dəyirdi.
Monqoloid irqindən olanların gözünün qıyıqlığına küçə sataşmaları hələ də qalır. Şəhərin küçələri başadan-başa Çində istehsal olunan avtomobillərdir, hər bir evdə Cənubi Koreya televizorları, kondisonerləri, paltaryuyan maşınları, kombiləri, ütüləri var, amma onlar, hı-hı-hı, qıyıqgözdürlər.
Adama deyələr, hələ sən bir düz-əməlli aftafa düzəlt, sonra ona-buna lağ edərsən.
Bir biz deyilik, Avropanın irqçi gədələri də tez-tez milyonçu qaradərili futbolçulara sataşırlar – xüsusilə də o rəqib komandanın oyunçusudursa. Parisdə Mbappeni öpüb bağırlarına basırlar, amma Marseldə onunla eyni rəngdə olan qaradərili qapıçıya banan atırlar. Yəni, meymunsan, xörəyin budur.
Dünya üzündə belə hərəkətlər qəbul edilmir. O vaxt İtaliyanın baş naziri Silvio Berluskoni ABŞ prezidenti Barak Obamaya sataşaraq demişdi ki, Barak qara deyil ki, sadəcə, günəş vannasını bir az artıq alıb. Az qala iki ölkə arasında diplomatik böhran yaranacaqdı, amma Berluskoni zarafat elədiyini dedi, Obama da çox üstünə getmədi.
İnsan insandır, onun dərisinin rəngi, gözünün qıyıqlığı, burnunun ölçüsü, saçının qıvrımlığı əsas məsələ deyil. Əsas məsələ insanın qanacağı, qabiliyyəti, tərbiyəsi, adamlığıdır, o da insanın daxili ilə bağlıdır.
Ona görə də biz gərək uzaq ellərdən ölkəmizə gəlib futbol oynayan və sair işlərlə məşğul olanları incitməyək. Öz əlimizdən, qıçımızdan yaxşı futbol oynamaq gəlsəydi, gedib Afrikanın o başından futbolçu gətirməzdik.
Baxın, Türkiyədə futbol oynayan Viktor Osimhen də qaradərilidir, “Qalatasaray”ın yüz minlərlə azarkeşi onun başına and içir. Heç “fənər”lilər də adamı təhqir etmirlər.
“Barselona”nın hücumçusu Lamin Yamal isə saçını saraldıb, “sarışın” olub ki, İspaniyada ona “qarabaş” deməsinlər.
P.S. Vəziyyət çox dəyişib. Yəqin ki, indi şair Səməd Vurğun da öz poemasına “Zəncinin arzuları” adı qoymazdı, “Afro-amerikalı vətəndaşın arzuları” qoyardı.