Allahşükür Paşazadə ABŞ-də nələrdən DANIŞDI - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarında səfərdədir.

Musavat.com xəbər verir ki, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatında səfərdə olan QMİ sədri Şeyxülislam A. Paşazadə oktyabrın 2-də Solt-Leyk-Siti şəhərində prezident Dallin Oks başda olmaqla İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin rəhbərliyi ilə görüşüb.

Səmimi salamlamadan sonra Dallin Oks sözü Şeyxülislama verib.

QMİ sədri dəvət üçün təşəkkür edib, Prezident İlham Əliyevin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın və Azərbaycan xalqının salamlarını, xoş arzularını çatdırıb. Şeyxülislam A. Paşazadə Kilsənin rəhbəri prezident Rassel Nelsonun vəfatı ilə bağlı dərin hüznlə başsağlıqlarını diləyib, daha sonra Kilsənin yeni prezidenti Dallin Oksu təbrik edib.

QMİ sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin icmasının Azərbaycanın multikultural ailəsinə rəsmən üzv olması ilə əlaqədar təbriklərini kilsə rəhbərliyinə çatdırıb. ABŞ-Azərbaycan arasında yüksələn xətlə inkişaf edən əlaqələri yüksək qiymətləndirən Şeyxülislam A.Paşazadə bu tərəqqidə hər iki ölkə prezidentlərinin rolunu qeyd edib.

Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində ABŞ-ın davamlı səylərini yüksək dəyərləndirən Şeyxülislam A. Paşazadə 8 avqust Vaşinqton zirvəsini bu dəyərli səylərin, ABŞ prezidenti Donald Tramp cənablarının sülh işinə şəxsi dəstəyinin nəticəsi olaraq olduqca yüksək qiymətləndirib. QMİ sədri Vaşinqton Sülh Zirvəsinin baş tutmasında prezident Donald Trampın roluna görə təşəkkürlərini ifadə edib.

Amerika Birləşmiş Ştatları və Azərbaycanın dini konfessiyaları arasında yaranmış dostluq əlaqələrinin olduqca dəyərli olduğunu vurğulayan QMİ sədri A.Paşazadə qarşılıqlı səfərlərin, birgə tədbir və müştərək layihələrin mənəvi əhəmiyyət kəsb edib, xalqlarımızın mənafeyinə xidmət etdiyini qeyd edib. Şeyxülislam A.Paşazadə Stirlinq Fondunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi kimi humanist təşəbbüsə verdiyi böyük maddi və mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirib.

Şeyxülislam A. Paşazadə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin prezidenti Dallin Oksu Azərbaycana dəvət edib. Prezident D. Oks, öz növbəsində, Şeyxülislamın Yuta ziyarətini kilsələri üçün əlamətdar hadisə olaraq dəyərləndirib, bundan böyük şərəf duyduqlarını ifadə edib. O bildirib ki, İslam və müsəlmanlarla əlaqələrin inkişafı rəhbərlik etdiyi kilsə üçün əsas prioritetlərdəndir. Kilsələrinə İslam dünyasında dəyərli dəstək münasibətinə görə Şeyxülislama dərin təşəkkürlərini bildirib.

Azərbaycan Prezidentinin salamlarını minnətdarlıqla qəbul edən D. Oks, öz növbəsində, ən səmimi salamlarını Azərbaycanın dövlət başçısına yetirməyi Şeyxülislamdan rica edib. Azərbaycana səfər dəvətini minnətdarlıqla qəbul edən D. Oks ölkəmizi ziyarət etməyə böyük maraq göstərdiyini qeyd edib. Kilsənin mərhum prezidentinin vəfatı ilə bağlı başsağlığı məktubuna görə təşəkkür edən Dallin Oks, həmçinin, özünün yeni prezident seçilməsi ilə bağlı səmimi təbriklərə görə də minnətdarlığını bildirib. Xüsusi qeyd edib ki, Şeyxülislam onu təbrik edən ilk dini lider olub. Kilsə prezidenti Dallin Oks Şeyxülislam A. Paşazadənin Kilsənin ümumi konfransında fəxri qonaq qismində iştirakının onlar üçün böyük şərəf olduğunu fəxrlə vurğulayıb.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Paşazadə iştirak ediblər.

R. Həsənov ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif platformalarda, o cümlədən, dinlərarası dialoq və əməkdaşlıq müstəvisində uğurla davam etməsindən məmnunluğunu ifadə edib.

Deputat Cavanşir Paşazadə Azərbaycan Parlamentinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü olaraq iki ölkə arasında dinlərarası müstəvidə əlaqələrin yüksək səviyyəsini alqışladığını bildirib. O, ABŞ-ın iştirakı ilə paraflanmış sülh sazişinin Cənubi Qafqazda sülh, əmin-amanlıq və inkişaf üçün yeni səhifə açdığını, kommunikasiya imkanlarının inkişafı üçün yeni perspektivlər yaratdığını xüsusi qeyd edib və bununla bağlı ABŞ dövlətinə təşəkkürlərini ifadə edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

04.10.2025 18:03
606