Almaniyanın xarici işlər naziri vəzifəsini Yohan David Vadeful tutacaq.
62 yaşlı siyasətçi ölkənin yeni kansleri Fridrix Merzin yaxın silahdaşı hesab edilir.
Sağ-mərkəzçi Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi olan Vadeful Yaşıllar Partiyasından olan Annalena Berboku əvəz edəcək, mayın 6-da and içəcək.
Vadeful Azərbaycan üçün yad sima deyil. Vadeful Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri vəzifəsini tutub. Vadeful bu vəzifədə bir neçə dəfə Azərbaycan rəsmiləri görüşüb. Deputat kimi ötən il Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə görüş keçirib.
O, Vətən müharibəsindən əvvəl dəfələrlə Qarabağın işğal olunmuş Azərbaycan ərazisi olduğunu bildirib. “Bir məsələ aydındır: Azərbaycan ərazisi Ermənistan tərəfindən qeyri-qanuni işğal edilib”, - o, Xocalı qırğınının 27-ci ildönümü münasibətilə Almaniya-Azərbaycan forumu, Azərbaycanın AFR-dəki səfirliyi və Almaniya Atlantik Cəmiyyəti tərəfindən Berlində təşkil edilmiş “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik: Almaniya-Azərbaycan tərəfdaşlığının perspektivləri” mövzusunda simpoziumda söyləyib. (New Diaspora)