Xarici mətbuatın yazdığına görə, daha bir azərbaycanlı patriot Serbiya vətəndaşlığı almışdır. Bu, neft şirkətimizin keçmiş müdiri Rövnəq müəllimin yaxın qahımlarından olan Anar Əliyevdir. Anar müəllimin ismi-şərifi indiyədək bizim yerli, rəhmətlik mətbuat orqanlarında da dəfələrlə korrupsiya kimi şanlı əməllərdə hallanmışdı. Lakin nədənsə ona güldən ağır söz deyilmədi.
Yəqin qaçaqmalçılıq üsulu ilə ölkəmizə pul gətirsə tutardıq. İndiki halda niyə tutaq? Nə aparıbsa, buradan aparıb. Üstəlik, dost və qardaş Serbiyanın vətəndaşlığını almışdır. (Fürsətdən istifadə edərək böyük Turan qurduğumuz yerdə qəfil dönüb Kipr yunanlarının əlindən öpən Türküstan ellərimizə bozqurd salamı göndəririk. Əsgər Akayev İrəvanda “soyqırım” heykəli önündə dombalandan bəri belə müsibət olmamışdı).
Mənim ağlıma dərhal başqa versiya da gəldi: böyük ehtimalla Anar müəllimə qarşı mərhəmətli davranışımızın kökündə onun xalq yazıçısı, AYB-nin əbədi sədri Anar müəllimin adaşı olması durmuşdur. Həqiqətən, sözə, saza elimizdə böyük hörmət vardır. O cür sənətkarın adını daşıyan şəxsi necə məsuliyyətə cəlb edəsən? Adamın (indiki halda prokurorun) əli quruyardı.
Sözgəlişi, belə xilas metodları, deyilənə görə, 1937-ci ildə də xalqın işinə yarayıbdır. Bir nəfəri NKVD əməkdaşları güllələməyə aparıblar, adam sinəsini açıb, görüblər orada yoldaş Stalinin nakolkası - indiki dildə yazsam, tatuirovkası, döyməsi əks edilmişdir. Stalinin şəklinə güllə atmaq olardımı? Olmazdı. Ona görə adamı açıb buraxıblar, deyiblər, get yaşa. Hətta bəlkə partkom qoyublar.
Güman edirəm ki, xalq yazıçısı Anarın adını övladlarına qoyan zəhmətkeşlərimiz də məhz belə uzaqgörənlik etmişdir. Məsələn, mən heç Çingiz Abdullayev, Fikrət Qoca, Qabil, Ramiz Rövşən, lap elə Nizami Gəncəvi adında korrupsionerə rast gəlməmişəm. Ancaq azı iki Anar adlı korrupsioner tanıyıram. Biri də Ziya müəllimin övladı idi.
Mövzudan gen düşmüşkən, Anar müəllimin elmi fəaliyyəti də ətraflı şəkildə davam edir. Bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasında “Elm günü”nə həsr edilən tədbirdə baş akademik İsa Həbibbəyli builki elm gününü məhz Anar müəllimə həsr etdiklərini açıqladı (sanki keçənilkində Eynşteyn iştirak edibdir). Sitat: “Anar "Qobustan" kimi ədəbi məktəb yaradıb".
Əlbəttə. Ancaq İsa müəllim bir az təvazökarlıq etməsə, Qobustan qayaüstü rəsmlərini Anar müəllimin cızdığını deməliydi. Əks halda, bizə belə ədəbi məktəb məlum deyildir. Qobustan rayonunda bəzi kəndlərdə heç məktəb qalmayıb.
Ümumiyyətlə, baş akademikin çıxışı məzmunsuzluğu, tavtalogiya olması ilə diqqəti cəlb edirdi. Daha bir sitata baxın: “Elm dünyəvi anlayışdır, ədəbiyyat isə milli xüsusiyyətləri təmsil edir. Ədəbiyyat milli olduqca, bəşəri xarakter alır, elm isə bəşəri olduqca milliləşir”. Birdən elə bilərsiniz özümdən uydururam, hamısı AMEA saytında cağbacağ durur.
Əgər bu fikirlərdə bircə qram elm, zəka varsa, AMEA-nın Şamaxı rəsədxanasının müşahidə elədiyi asteroid fırlanıb mənim başıma düşsün. O boyda idarənin müdiridir, qurduğu cümlələrə bax. Yəqin bunu da Rövnəq müəllimin qahımı olduğu üçün qabağa çəkiblər. İnşallah, Monteneqro pasportu qisməti olsun. Bizim bütün patriotların xarici pasportu olmalıdır. Mən özüm Afrika məmləkəti Burundiyə müraciət eləmişəm, vətəndaşlıq alan kimi çıxıb gedəcəm, bir ağaca çıxıb yaşayacam özüm üçün. Bəlkə onda qədrimi bilərsiniz.
Sonra elm naziri Emin müəllimi qınayırlar ki, nə üçün respublikada elm olmadığını söyləmişdir. Budur da elminiz. Elm bəşəri olduqca milliləşirmiş... Yox, bir, Naxçıvan alçasını Göyçayda əkəndə nara çevrilir...