Ötən il Bakıda çox uğurlu COP29 keçirildi.
Bakı İqlim Həftəsi həm bölgəmizdə, həm də bölgəmizdən kənarda COP29 nəticələrinin, COP29 irsinin qorunub-saxlanması, o cümlədən nəticələrin praktiki həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib. Ötən həftə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşlər barədə də danışan Yalçın Rəfiyev qeyd edib ki, tədbir zamanı dünya liderlərinin iqlim fəaliyyəti ilə bağlı fikirləri öyrənilib:
“Bakı iqlim həftəsi cəmiyyətin bütün seqmentlərindən nümayəndələri bir araya gətirməklə mövcud strategiyaların praktiki həllinə dair müəyyən fikir yaradacaq. Bu proqram hər il təkmilləşir. Builki tədbir ötənilkindən daha geniş miqyasda təşkil olunub. Bu tendensiyanın davam etməsi Azərbaycanın regiondakı liderliyi rolunu daha da artıracaq”.
Y.Rəfiyev diqqətə çatdırıb ki, Azərbaycanın Afrika ölkələri, ümumiyyətlə, Afrika qitəsinə münasibətdə xarici siyasətində yeni gücləndirilmiş strategiya var:
“Bu il 10-dan çox Afrika ölkəsinə hökumət missiyaları təşkil etmişik. Afrikanın bir çox ölkələrindən həm liderlər, həm də hökumət rəsmiləri səviyyəsində Bakıya səfərlər olub. Əsas məqsəd Afrika ölkələri ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin yeni istiqamətlərinin müəyyən olunmasıdır. Bunun üçün dövlət qurumları hərəsi öz istiqaməti üzrə çalışır. Bunun bizim üçün yalnız böyük faydası ola bilər”.
Nazir müavini əlavə edib ki, Azərbaycan Afrika qitəsində diplomatik təmsilçiliyini gələcəkdə genişləndirməyi planlaşdırır:
"Biz həmin ölkələrin gələcəkdə böyük platformalarda dəstəyini qazana bilərik. Eyni zamanda, biz həmin ölkələrlə ortaq dəyərləri bölüşürük, beynəlxalq ədalətə söykənən dəyərlərə üstünlük veririk”.
Nigar HƏSƏNLİ,
Musavat.com