Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam Azərbaycanın geodeziya və kadastr tarixində dönüş nöqtəsinə çevrildi. Bununla da Azərbaycan rəsmi olaraq Sovet Koordinat Sistemi və sovet dönəmindən miras qalmış digər lokallaşdırılmış proyeksiyalardan imtina etdi. Bunun əvəzində isə dünyanın qəbul etdiyi və GPS ilə tam uyğun olan WGS-84 (World Geodetic System) sisteminə keçid elan olundu. Bu sistem BMT, NATO, Avropa İttifaqı və aparıcı beynəlxalq təşkilatlar tərəfindən standart kimi qəbul olunub.
Milli Məclisin deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Musavat.com-a deyib ki, qərar təkcə texniki deyil, strateji və geosiyasi əhəmiyyət daşıyır:
"Xüsusilə də Ermənistanla sərhədin müəyyən olunması və gələcək sülh sazişinə hüquqi baza yaradılması baxımından bu addımın önəmi böyükdür.
Müasir dövrdə istifadə olunan geodeziya məlumatları istər kadastr, istərsə də hərbi-siyasi məqsədli xəritələr olsun, yüksək dəqiqlik və beynəlxalq uyğunluq tələb edir. Azərbaycanda isə indiyə qədər sovetlərdən miras qalan, köhnəlmiş və təhrif olunmuş koordinat sistemləri istifadə olunurdu".
A.Nağıyev qeyd edib ki, Sovet Koordinat Sistemi və SK-42 kimi SSRİ Baş Qərargahının hazırladığı bu xəritələr, ilk növbədə, ərazi dəqiqliyini gizlətmək və strateji yerləri təhrif etmək məqsədi daşıyırdı:
"Bu isə təkcə elmi deyil, həm də siyasi manipulyasiya üçün zəmin yaradırdı.
Yeni sistemə keçidlə Azərbaycan Ermənistanla delimitasiya prosesində də üstünlük qazanır. Artıq tərəflər öz mövqelərini uydurma və təhrif olunmuş sovet xəritələrinə deyil, beynəlxalq hüquqla uyğun və GPS əsaslı real koordinatlara söykənərək təqdim etməlidirlər. Azərbaycan öz sərhədlərini beynəlxalq standartlara uyğun dəqiqliklə ölçür, qonşu Ermənistan da eyni yolu seçməlidir".
Arzu Nağıyev vurğulayıb ki, bu keçid eyni zamanda Rusiya arxivlərindən və təsdiqlərindən asılılığın azaldılması deməkdir:
"Sovet dövründə hazırlanmış xəritələrin əksəriyyəti Rusiyanın Baş Qərargahında saxlanılır və onlardan istifadə üçün icazə tələb olunur. İndi isə Azərbaycan bu təzyiqləri aradan qaldıraraq, müstəqil şəkildə öz koordinat sistemini beynəlxalq məlumat bazaları ilə sinxronlaşdırır.
Geodeziya sistemindəki bu yenilik yalnız sərhəd məsələlərinə aid deyil. Bu, həm də torpaq kadastrı, daşınmaz əmlak uçotu, vergi bazası, kommunal xidmətlər, yol infrastrukturu, hətta kənd təsərrüfatı sahəsində rəqəmsal inqilab anlamına gəlir.
Yeni sistem vasitəsilə kəndlərdəki torpaq sahələri, pay torpaqları, tikililər və digər obyektlər deformasiyasız və dəqiq şəkildə xəritələnəcək. Bu isə vətəndaşlarla dövlət arasında əmlak hüquqları baxımından etimadı artıracaq".
A.Nağıyev hesab edir ki, Azərbaycanda geodeziya sisteminin beynəlxalq WGS-84 koordinat sisteminə keçirilməsi dövlətin həm müdafiə qabiliyyətini, həm də hüquqi mövqeyini gücləndirəcək:
"Qeyd etdiyim kimi, bu, təkcə texniki dəyişiklik deyil. Bu keçid əslində milli təhlükəsizlik tədbiridir. Azərbaycana qarşı zaman-zaman xəritə manipulyasiyası və sərhəd təhrifləri vasitəsilə informasiya və hüquqi müharibələr aparılıb. Yeni sistem bu manipulyasiyalara qarşı cavabdır. Artıq biz kimin harda dayandığını bir qarış dəqiqliklə sübut edə bilirik. Həm sərhəddə, həm də beynəlxalq tribunada".
Deputat əlavə edib ki, bu addım həm də Rusiya təsirindən uzaqlaşmaq və müstəqil hüquqi xəritələmə imkanları əldə etmək baxımından vacibdir:
"Sovet xəritələri ilə yaşamaq, əslində, informasiya blokadasında qalmaq demək idi. İndi Azərbaycan dünya ilə eyni informasiya platformasında işləyəcək. Bu, sərhədlərin hüquqi tanınması, beynəlxalq sərmayə layihələri və hətta hərbi-strateji planlama baxımından böyük üstünlükdür".
Arzu Nağıyev bu keçidin delimitasiya danışıqlarında Ermənistana qarşı hüquqi üstünlük yaratdığını və beynəlxalq arbitraj instansiyalarında Azərbaycanın mövqeyini daha da gücləndirəcəyini bildirib:
"Bu keçid Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat və hüquqi şəffaflıq sahəsində eyni vaxtda 3 cəbhədə irəliləyişidir".
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com