Azərbaycan təbii qazının 2 avqust 2025-ci il tarixində Türkiyə üzərindən Suriyaya nəqli iki dost xalqın gözlədiyi tarixi hadisədir və iki ölkə arasında ikitərəfli əməkdaşlığın dərinliyini təcəssüm etdirir.
Musavat.com xəbər verir ki, bunu SANA-ya açıqlamasında Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bildirib.
Diplomat qeyd edib ki, iyulun 12-də Suriya Prezidenti Əhməd Əl-Şaranın Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək bu tarixi hadisə ilə nəticələnib.
E.Şahhüseynov həmçinin, Azərbaycan rəhbərliyinin yeni Suriya ilə əlaqələrə xüsusi önəm verdiyini və bunun Suriya tərəfindən müsbət qarşılandığını və cavablandırıldığını, iki dost ölkə və xalqın mənafeyinə uyğun olaraq dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın qurulmasına səbəb olduğunu qeyd edib.
Diplomatın sözlərinə görə, Suriyanın yeni administrasiyası inkişaf və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Suriya xalqının üzləşdiyi bütün problemləri, xüsusilə də iqtisadi problemləri həll etmək üçün yorulmadan çalışır. O qeyd edib ki, Azərbaycan təbii qazı bir çox cəhətdən strateji rol oynayacaq və iqtisadiyyatın canlanmasına müsbət təsir göstərəcək.
E.Şahhüseynov çətin zamanda Suriyada olmaqdan qürur duyduğunu bildirib, Suriya dövlətinə və xalqına təhlükəsizlik, sabitlik və inkişaf arzulayıb.
Məqalədə bildirilib ki, bu ayın 12-də Suriya və Azərbaycan enerji sahələrində əməkdaşlıq və koordinasiya, Türkiyə vasitəsilə Suriyaya təbii qazın tədarükü, neft kəşfiyyatı sahəsində əməkdaşlıq və koordinasiyanı əhatə edən anlaşma memorandumu imzalayıblar.
Nigar HƏSƏNLİ,
Musavat.com