Azərbaycançılıq ideologiyası milli mətbuatımızda

Ulu öndər Heydər Əliyev medianın gücünü dövlətin gücü hesab edirdi

Ötən ay Azərbaycan mətbuatının 150 illiyi təntənəli qeyd edildi. Azərbaycan mətbuatı bu illərdə şanlı, şərəfli yol keçib. Media ölkədə ən sürətlə inkişaf edən, müasir texnologiyaların tətbiqi ilə davamlı şəkildə təkmilləşən fəaliyyət sahəsidir. İnformasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, maarifləndirmə sahəsində mətbu sözün rolu və əhəmiyyəti getdikcə artır. Mətbuatımızın ilk müjdəçisi “Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonra ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan qəzetlər, jurnallar nəşr olunmağa başladı. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri yaşayan Azərbaycan mətbuatı cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Hər zaman ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verməklə milli düşüncənin formalaşmasında müstəsna xidmətlər göstərib. Mətbuatımızın hamisi, jurnalistlərin yaxın dostu olan ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə mətbuatın cəmiyyətdə rolunu, təsir gücünü yüksək dəyərləndirib.

Ulu öndər Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində jurnalistlərin ən yaxın dostu olub və onlara böyük etimad göstərib. O, jurnalistika peşəsinə daim yüksək qiymət verib. Bu gün də Azərbaycan jurnalistləri Ulu öndərin parlaq və işıqlı duyğularını xatırlayırlar. Onun zamanında media güclü zamanlarını yaşadı. Bu gün 150 illiyi qeyd olunan Azərbaycan mediası Heydər Əliyevin zamanında tam formalaşdı, gücə və struktura sahib oldu. Mediamızın imza sütunları, görkəmli yazar və reportyorlar məhz onun zamanında şöhrət və tiraj qazandılar, karyeralarının ən möhtəşəm mərhələsini yaşadılar. Ulu öndər medianın gücünün ölkənin gücü olduğunu vurğulayırdı. Eyni zamanda jurnalistlərə, bütün mediaya fəaliyyətlərində, yaradıcılıqlarında azərbaycançılıq ideologiyasını, Azərbaycan dövlətinin, xalqının maraqlarını daim hər şeydən üstün tutmaq tövsiyəsini verirdi.

Ilyas Huseynov deputatliga namized olacaq? - AÇIQLAMA

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı sayəsində mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ildə Ümummilli liderin rəhbərliyi ilə hazırlanan ilk müstəqil Azərbaycanın Konstitusiyasında mətbuata yüksək qiymət öz əksini tapıb: Konstitusiyamızda qeyd olunub ki, “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.

Müstəqillik illərində Azərbaycan mətbuatı ilə bağlı ilk fərman da Ulu öndər tərəfindən imzalanıb: “Dahi rəhbər azad mətbuatın inkişafını demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amil kimi qiymətləndirirdi. 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ölkəmizdə mətbuatın inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Fərmandan sonra mətbuatın üzərindən dövlət senzurası götürüldü, söz və mətbuat azadlığının əsası qoyuldu. 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun qəbul olundu. Bu sənəd mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə mətbuatın inkişafı ilə bağlı ardıcıl, davamlı tədbirlər həyata keçirildi. 2000-ci ilin martında Ulu öndərin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. Milli mətbuatın yubileylərinin geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata, mətbuat işçilərinə Ulu öndərin göstərdiyi misilsiz qayğının əyani nümunəsidir. Ümummilli lider jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində fərman və sərəncamlar imzalayıb. Əbədiyaşar lider mətbuatın inkişafına yüksək diqqət və qayğı göstərdiyinə görə 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülüb".

Ekspert qeyd etdi ki, müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə qayğı göstərilir: “Dövlətimizin başçısının təşəbbüsü ilə "Əməkdar jurnalist" adı bərpa olunub. Yeniləşmə, təkmilləşmə zamanın tələbidir. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı yeni reallıqların bariz nümunəsidir. Fərmana uyğun olaraq “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Yeni dövrdə milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, “Media haqqında” yeni qanun qəbul edilib. MEDİA Agentliyi qısa müddətdə ölkəmizdə mətbuat sahəsində islahatların daha da dərinləşdirilməsi istiqamətində bir sıra uğurlara imza atıb".

Etibar

05.08.2025 09:55
465