“Azərbaycanı bizə gətirdiyiniz üçün çox sağolun”, Qırğızıstanda Azərbaycan mədəniyyəti günlərindən - REPORTAJ

20 aprel 2025-ci il, səhər saat 04:00. 150 nəfərlik heyət yolculuğa hazırlaşır. Türklər türklərə qonaq gedir. Kimi kiçik əl çemodanı, kimi qutu-qutu yükü ilə qeydiyyat növbəsindədir. Azərbaycan nümayəndə heyəti Qırğızıstana mədəniyyətimizi təmsil etməyə hazırlaşır.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək mədəniyyət günlərini işıqlandırmaq üçün dəvət olunan media nümayəndələri arasında bəndəniz də yer alıb ki, bu, məni həddən artıq sevindirib. İlk dəfə xarici ölkədə Azərbaycan mədəniyyətinin necə təmsil olunduğunu öz gözlərimlə görmək şansı yaranıb.

Xanəndələrimiz, rəqqaslarımız, xalq çalğı alətləri ifaçılarımız dəfələrlə xarici ölkələrdə səfərlərdə olsalar da, hər səfər ayrı məsuliyyət deməkdir. Nümayəndə heyətinin hər üzvünü müşahidə etdikcə yaradıcı insan kimi onları müşahidə edir, həyəcanlarını bölüşürdüm. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirovun məsul olduğu yükün sayı lap çox idi.

Qırğızıstan Milli Kitabxanasında açılacaq Azərbaycan ədəbiyyat guşəsi üçün onlarla kitabın olduğu qutuları bir-bir yoxlayır, baqaja qoyulduğuna əmin olmaq istəyirdi. Mədəniyyət günlərinin ilk günü açılacaq sərgidə nümayiş olunacaq eksponatlar da xüsusi ehtiyatlılıqla yoxlanır və baqaja təhvil verilir.

Və minik başlanır. Səhər saat 06:00 olmasına baxmayaraq, mədəniyyət, incəsənət xadimləri hər zamankı kimi şən görünürlər.

Gülərüz rəqqaslardan biri ilə dialoqumuz:

-Jurnalistsiniz?

-Bəli.

-Hiss olunur...

-Nədən hiss olunur?

-Bir sizsiniz, bir də bizik, gecə-gündüz işləyirik, amma yorulduq demirik, üzümüz də hər zaman gülür..

-Haqlısınız, işini sevərək görəndə ondan zövq alırsan və yorğunluq yada düşmür.

Səfərin xoş təəssüratlarla yadda qalacağı ilk anlardan bəlli idi. Onlarla yaradıcı insanın bir arada olması nə deməkdir?!



Uçuş başladığı andan əksər sərnişinlər “biraz yatmaq lazımdır” desələr də, heç kim yata bilmədi. Hər kəs səfərdən, repertuardan, hazırlığın ayrı-ayrı detallarından danışırdı. “Azərbaycan Hava Yolları”nın peşəkar pilotları təxminən 3 saat davam edən uçuşdan sonra təyyarəni Manas Beynəlxalq Aeroportuna uğurla endirdilər.

Baqajımızı təhvil aldıqdan sonra bizi xoş sürpriz gözləyirdi. Qırğızıstanda bizi güllü-çiçəkli, musiqili və milli təamlarla qarşıladılar. Hava limanında bizi Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və qırğız rəsmilər salamladı. “Günəşli Qırğızıstana xoş gəlmisiniz” salamına “rahmat” deyib otelə yola düşürük.

Qırğızıstan deyəndə ilk ağla gələn başı qarlı dağlar, ucsuz-bucaqsız çöllər, yaşıl çəmənlərdir. Aeroportdan otelə qədər gözümüzü sağdan-soldan ayırmamağa çalışırdıq. Deyilənlər həqiqətən doğru imiş...Yolun hər iki tərəfinə baxdıqca özümə sual verirdim-bu divar kağızıdır, ya həqiqi mənzərədir? Üzü Tyan Şan dağlarına doğru getdikcə təbiətin bu ölkəyə nə qədər gözəllik bəxş etdiyi aydın görünür.

Paytaxt Bişkekin mərkəzində qalacağımız oteldə bizim üçün daha da təmtəraqlı qarşılama hazırlanmışdı. Süfrəyə bir-birindən ləziz təamlar düzülmüşdü. Ab-havanı milli musiqi müşayiət edirdi. Rəqs qrupunun çıxışı isə qarşılanma mərasiminin gözəl kulminasiyası oldu.

Yaxşıca dincəlib, tədbirlərə hazırlaşmaq lazım idi. İncəsənət xadimləri otaqlara yerləşməyə tələsirlər.



Azərbaycan mədəniyyəti günlərinə aprelin 21-də Qırğızıstan Milli İncəsənət Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” sərgisi ilə start verildi.

Ziyarətçilər xalçalarımızı, bir-birindən zərif zərgərlik əşyalarını, rəsm əsərlərini, qurama nümunələrini, bir sözlə, Azərbaycan tarixini özündə əks etdirən dəyərli əsərləri o qədər diqqətlə izləyirdilər ki?! Kimi oxşarlıq tapır, kimi də sadəcə heyranlıq duyurdu...



“Ənənəvi sənətkarlıq sərgisi”, “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında”, “Xalça və qurama sərgisi” adlı bölmələrdə təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinin fondları və şəxsi kolleksiyalar əsasında təqdim olunmuşdu. Qonaqlar şəkili şəbəkə ustası Hüseyn Hacımustafazadəni sual yağmuruna tutdular:

-Bəs bu şüşələr burada necə dayanır?

-Bu şüşələri haradan tapırsınız?

-Bir mismar, yaxud yapışdırıcı olmadan nə qədər möhkəm dayan bilər ki? və s. və s. Usta da bütün sualları səbirlə cavabladı.

Mədəniyyət naziri Adil Kərimli diplomatlar və digər qonaqlarla bərabər sərgini gəzdikcə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilovu müşahidə edirdim. Doğma Azərbaycanın təqdimatına o qədər diqqətlə yanaşırdı ki, qonaqlara bəzi məlumatları özü verirdi.

İlk tədbir “Zümrüd Mirzəliyeva” brendinin milli ornamentləri özündə əks etdirən kolleksiyasının nümayişi ilə bitdi.

İlk günün axşamı Azərbaycan Mədəniyyət günlərinin qala konserti təşkil olunub. Azərbaycan Dövlət Rəqs Ansamblının bir-birindən gözəl kompozisiyaları ilk andan tamaşaçıların zövqünü oxşayıb. Gecə boyu xalq musiqisi, klassik əsərlər, estrada musiqisi nümunələri bir-birini əvəz edib. Tamaşaçılar isə hər çıxışdan sonra alqışlamaqdan yorulmadılar. Əməkdar artist Şirzad Fətəliyevin (balaban), xalq artisti, xanəndə Teyyub Aslanovun, Səxavət Məmmədovun, Nurlan Cəbizadənin və Atay Oqonbayevin, əməkdar artist İnara Babayevanın, əməkdar artist Xəyyam Mustafazadənin, əməkdar artist Nuriyyə Hüseynovanın, aşıq Samirə və Aşıq Əli Rzanın, “Qaya” vokal ansamblının və Nərgiz Kərimovanın çıxışı hələ uzun müddət unudulmayacaq. Özəlliklə, rəqqaslarımızın çıxışı zamanı tamaşaçılar yerində oturmaqda çətinlik çəkirdilər. Emosiyaların ifadələri isə fərqli idi: “Gözəldirlər”, “Möhtəşəmdirlər”, “Kaş, biz də səhnəyə çıxıb, oynaya biləydik”, “Azərbaycan musiqisindən heç yerdə yoxdur” və s. onlarla xoş cümlə. Bu cümlələri eşidəndə fərəhdən bütün duyğular bir-birinə qarışır. Konsert bitən kimi kulisin yolunu axtaranlar da az deyildi, sənətkarlara təşəkkür etmək üçün...

Qırğızıstanda on minlərlə azərbaycanlı yaşayır. Azərbaycan mədəniyyəti günlərində tamaşaçılar arasında onlar da var idi. Konsertin ortasında yanımda əyləşən nurani xanımla azərbaycan dilində kiçik dialoqumuzu unutmuram:

-Qızım, Azərbaycandan gəlmisən?”

-Bəli.

-Qızım, biz Vətənə tez-tez gedə bilmirik, musiqimizi eşitmək imkanımız çox olmur, mənim adımdan təşkilatçılara təşəkkür et. Onlara de ki, sağ olsunlar ki, Azərbaycanı bizə gətirdilər...

Kövrəlməmək mümkün deyil. Qərib eldə yurddaşınla dərdləşmək...



Azərbaycan mədəniyyət günlərinin ikinci günü ədəbiyyat bayramı ilə yadda qaldı. Qırğızıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Ədəbiyyatı Guşəsinin açılışı oldu, davamında isə Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) 100 illiyi münasibətilə qırğız dilində yeni nəşr olunmuş "Seçilmiş əsərləri"nin ("Tandalqan çıkarmalar") və "Mənim dostlarım" (1949) adlı ilk kitabının təkrar nəşrinin təqdimatı keçirildi. Hər iki ölkənin rəsmiləri, ədəbiyyat dünyasının tanınmış simaları ədəbiyyatsevərləri sevindirmək üçün qarşılıqlı görüşlərin keçiriləcəyini, oxucuları yeni nəşrlərlə sevindirəcəklərinin anonsunu verdilər.



İkinci günün axşamı isə Azərbaycan Dövlət Rəqs Ansamblının konserti təşkil olunmuşdu. Azərbaycan təbiətinin, tarixinin monitorda əks olunan görüntülərinin fonunda rəngarəng geyimli, bir-birindən zərif, gözəl, yaraşıqlı rəqqaslarımız Bişkek tamaşaçılarını ilk anlardan heyran qoydular. Artıq ikinci nömrədə, rəqqaslar səhnəyə çıxar-çıxmaz “bravo”, “ura” sədaları səslənməyə başladı. Təxminən 1 saat davam edən konsert boyu alqış sədaları bir an olsun dayanmadı. Musiqilərin ritmi dəyişdikcə tamaşaçıların alqış ritmləri də dəyişirdi.

Qırğızıstanda təşkil olunan Azərbaycan mədəniyyət günlərində teatrallar da sevinib. Qırğızıstan Dövlət Milli Rus Dram Teatrında Azərbaycan Dövlət Pantomim Teatrının rejissoru, aktyor, pedaqoq Ceyhun Dadaşov tərəfindən ustad dərsi təşkil olunub. Ustad dərsində Milli Rus Dram Teatrında fəaliyyət göstərən studiyanın və incəsənət məktəbinin tələbələri, eləcə də teatrın gənc aktyorları iştirak edib. Ustad dərsi son dərəcə interaktiv formada keçib. Rejissorun bir kəlmə “səhnəyə kim gəlmək istəyir?” sualı ilə demək olar ki, bütün iştirakçılar səhnəyə çıxıb və ustadın bütün tapşırıqlarını yerinə yetirməyə çalışıblar.



Aprelin 22-də Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş möhtəşəm konsert baş tutub. Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında gerçəkləşən konserti beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Əyyub Quliyev idarə edib. A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Ü.Hacıbəylinin, Niyazinin, Müslüm Maqomayevin, Fikrət Əmirovun tarixi əsərləri səslənib. Dinləyicilər pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, əməkdar artistlər Nərgiz Kərimova (vokal) və Xəyyam Mustafazadə (vokal), Fatimə Cəfərzadənin ifasında Azərbaycan peşəkar musiqisinin sehrinə düşmək imkanı qazanıblar.

Hər tədbirdən sonra dəhlizdə o qədər maraqlı dialoqlar olur ki, hansı birini yazım sualına? cavab tapmaq çətinləşir.

Məsələn, bu konsertdən sonra qırğız jurnalistlərdən biri ilə söhbətimiz:

-Siz Azərbaycandan gəlmisiniz?

-Bəli.

-Nazirlikdə işləyirsiniz, ya...

-Xeyr, mədəniyyət günlərini işıqlandırmaq üçün dəvət olunan jurnalistəm.

-Mən də jurnalistəm, musiqinizdən zövq aldım. Yaxşı ki, Azərbaycan mədəniyyət günləri keçirildi, sizin mədəniyyətinizlə tanış ola bildim.

Hər gün bir neçə belə xoş dialoq olurdu. Yaşadığımız qüruru, sevinci təsvir etmək çətindir.

Aprelin 23-də təşkil olunan konsertin konsepsiyası isə tam fərqli idi. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Ansamblı (bədii rəhbər Xalq artisti Munis Şərifov) xalq musiqisi və klassik əsərlərdən ibarət zəngin proqramla çıxış edib.

Vurğulamaq yerinə düşər ki, Qədim Musiqi Alətləri Ansamblı 1996-cı ildə professor, sənətşünas-alim, Xalq artisti Məcnun Kərim (1945-2013) tərəfindən yaradılıb. Ansamblda çəng, bərbət, rud, çəqanə, səntur, setar, Şirvan tənburu və rübab kimi qədim musiqi alətləri yer alır. Bu cür spesifik tərkibli ansamblın dünyanın bir çox ölkəsində çıxışı sözsüz ki, mədəniyyətimizin nə qədər çoxşaxəli olduğunun göstəricisidir.



Çoxşaxəlilikdən söz düşmüşkən, Qırğızıstanda Azərbaycan mədəniyyəti günləri musiqi mədəniyyətimizin ayrılmaz hissəsi olan caz musiqisi konserti ilə başa çatıb. Cazmenlər Elbəy Məmmədzadə (piano), Saleh Məmmədov (bas-gitara) və Eyvaz Həşimov (zərb aləti) Azərbaycan və dünya musiqisinin tanınmış nümunələrini yüksək peşəkarlıq və məharətli improvizasiyalarla təqdim ediblər.



Beləcə, 4 gün davam edən, zəngin proqramlı, yüksək peşəkarlıqla təşkil edilmiş Azərbaycan mədəniyyəti günləri başa çatdı.

Deyə-gülə çıxdığımız yolun dönüşü də sazlı-sözlü oldu. Azərbaycan nümayəndə heyəti təyyarədə sözün əsl mənasında konsert verdi. “Yaşa, Azərbaycan” mahnısının sədaları aydın səmada əks-səda verdi. Hər kəs bir ağızdan xanəndələr, aşıqlara qoşuldu. Bəs necə? Hər birimizin amalı Azərbaycanın var olması, güclü olmasıdır. Biz də əlimizdən gələn qədər ölkəmizi uğurla təmsil etməyə, bayrağımızı ucaltmağa hazırıq.

Təşkilati dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik!

Nigar HƏSƏNLİ,
Qırğızıstan, Bişkek
“Yeni Müsavat” Media Qrup

 

30.04.2025 20:09
278