Bakı–Pekin xətti güclənir: ŞƏT-dən Orta Dəhlizə qədər YÜKSƏLƏN ƏMƏKDAŞLIQ

Azərbaycan və Çin arasında münasibətlər son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. İki ölkə arasında iqtisadi, siyasi və strateji sahələrdə əməkdaşlıq genişlənməkdədir. Bu əlaqələr regional sabitlik və qlobal əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayır.

2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb. Çin ölkənizin dördüncü böyük ticarət tərəfdaşıdır və ilk dəfə əsas idxal mənbəyinə çevrilib. Noyabrın 24-də Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksəkkeyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur.

KİTAY.jpg (192 KB)

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir.

Musavat.com-un xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Çinin Sinxua agentliyinə müsahibəsində deyib ki, bu istiqamətdə ciddi praktik layihələr həyata keçirilir:

“Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.

SİNXUA.jpg (73 KB)

Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır”.

Bu məqamda qeyd edək ki, Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlıq son illərdə strateji tərəfdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. İki ölkə arasında təhsil, elm və mədəniyyət sahələrində əlaqələr genişlənməkdədir. Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb, bu da müəllim və tələbə mübadiləsini stimullaşdırır. Bu əməkdaşlıq çərçivəsində hər il onlarla azərbaycanlı tələbə Çin universitetlərində təhsil alır və eyni zamanda çinli tələbələr də Azərbaycanda təhsil imkanlarından yararlanırlar. Azərbaycan və Çin alimləri arasında birgə elmi tədqiqat layihələri həyata keçirilir. Bu layihələr çərçivəsində müxtəlif sahələrdə - enerji, kənd təsərrüfatı, informasiya texnologiyaları və s. - elmi araşdırmalar aparılır. Həmçinin, iki ölkə arasında elmi konfranslar və seminarlar təşkil olunur, bu da elmi bilik və təcrübə mübadiləsinə şərait yaradır.

Ötən il Azərbaycan turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması məqsədilə Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli qaydada tətbiq etdi. Ölkələrimizin vətəndaşlarının vizasız gediş-gəlişinin asanlaşdırılması turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənəcək.

Azərbaycan və Çin arasındakı münasibətlər təkcə ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda beynəlxalq platformalarda, xüsusilə də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində də inkişaf edir. Azərbaycan ŞƏT-də dialoq tərəfdaşı statusuna malikdir və bu qurum vasitəsilə regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji layihələri ilə bağlı qarşılıqlı maraqları bölüşür.

Çin üçün Azərbaycan Cənubi Qafqazda mühüm tranzit ölkə və “Bir kəmər, bir yol” təşəbbüsünün vacib həlqəsidir. Azərbaycanın isə ŞƏT üzvü olan ölkələrlə, xüsusilə Çinlə ticarət, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığı güclənir. Azərbaycanın ŞƏT çərçivəsində fəaliyyəti gələcəkdə həm iqtisadi, həm də siyasi baxımdan ölkənin regional mövqeyini daha da möhkəmləndirə bilər.

SANXAY.jpg (203 KB)

Son illərdə dünya siyasətində “Qlobal Cənub” anlayışı daha çox ön plana çıxmağa başlayıb. Qlobal Cənub dedikdə, inkişaf etməkdə olan ölkələrin birliyi, ədalətli dünya nizamı və çoxtərəfli əməkdaşlıq anlayışı nəzərdə tutulur. Bu konteksdə Çin və Azərbaycan, regionlarının aparıcı dövlətləri kimi, Qlobal Cənubun əsas oyunçuları arasında yer almaqdadır.

Çin artıq uzun illərdir ki, inkişaf etməkdə olan ölkələrə iqtisadi və texnoloji dəstək verən, onları Qərb təsirindən uzaqlaşdıraraq alternativ əməkdaşlıq modelləri təqdim edən əsas güclərdən biridir.

“Bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə Çin, Asiyadan Afrikaya, Latın Amerikasından Avropaya qədər geniş bir coğrafiyada yeni iqtisadi blok formalaşdırır. Bu təşəbbüs çərçivəsində Qlobal Cənub ölkələri Çinin siyasi dəstəyini və sərmayəsini arxasına alaraq inkişaf üçün yeni imkanlar əldə edirlər. Azərbaycan isə öz geosiyasi mövqeyi, enerji resursları və balanslaşdırılmış xarici siyasəti ilə Qlobal Cənubda mühüm körpü rolunu oynayır. Bakı Qlobal Forumları, Qoşulmama Hərəkatına sədrlik və enerji layihələri vasitəsilə Azərbaycan inkişaf etməkdə olan ölkələrin səsini beynəlxalq arenaya daşıyır.

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər, məhz bu qlobal konsepsiyanın tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ticarət, təhsil, enerji, nəqliyyat və texnologiya sahələrində artan əməkdaşlıq, iki ölkənin Qlobal Cənubdakı rolunu daha da gücləndirir.

İLHAMİ SON.jpg (55 KB)

Bu barədə dövlət başçısı İlham Əliyev də müsahibəsində deyib: “Qlobal Cənubun bir hissəsi kimi, biz həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Bizim sədrliyimiz dövründə Qlobal Cənub ölkələrini birləşdirən bu vacib platformanın rolunun və statusunun artırılması istiqamətində bir sıra ardıcıl səylər göstərilib. Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması bizim COP29-da sədrliyimiz çərçivəsində ideyalardan biri olub.

COP.jpg (112 KB)

Bu gün Qlobal Cənubun tərkibinə daxil olan Asiya, Afrika və Latın Amerikası ölkələri birlikdə BMT-yə üzv dövlətlərin təqribən üçdə ikisini təşkil edir. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”.

Şahanə Rəhimli
Musavat.com

22.04.2025 17:48
733