Bakıda “atəşkəs kimi” anlaşma

İran mediası imzalanan sənədə əməl edəcəkmi?

Məlum olduğu kimi, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycanda rəsmi səfərdə olub. Səfər zamanı prezidentlər birgə bəyanat imzalayıb və müxtəlif sahələr üzrə mübadilələr aparılıb.

Həmçinin Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında sənəd imzalanıb. Ötən illər ərzində belə sənədlər Türkiyənin, Qazaxıstanın, Özbəkistanın və digər respublikaların uyğun strukturları ilə imzalanıb.

Ötən əsrin 90-cı illərindən etibarən Azərbaycanın varlığını heç cür qəbul edə bilməyən İran hökuməti Azərbaycana qarşı təbliğat aparan onlarla beyin mərkəzi və informasiya resursları yaradıb. Bunlardan bir hissəsi böyük miqyasda Azərbaycan üzrə ixtisaslaşıblar. Yüzlərlə əməkdaşı olan bu təsisatların bir çoxunun kadr təminatının İranın xüsusi xidmət orqanları və Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirildiyi məlumdur.

İran mediası və hakimiyyətdə təmsil olunan bəzi millətçi radikal qüvvələrə bağlı saytlar zaman-zaman ölkəmizə qarşı iftira kampaniyası aparır. Bu özünü rəsmi Bakının ünvanına saxta ittihamlar, açıq böhtanlar səslənəməsi yolu ilə büruzə verir. Məhz bu tip media Azərbaycanla münasibətlərdə hansısa irəliləyiş olanda ortaya çıxıb pis niyyətlərini  göstərirlər.  Həmin təsisatlar və informasiya resurslarının xüsusilə “Aprel döyüşləri” və Vətən müharibəsindən sonra Azərbaycana qarşı düşmən mövqeyi və dezinformasiya kampaniyasını daha da genişləndirdiyini yada salmaq kifayətdir.

İranda Azərbaycana qarşı sistemli təbliğat aparmaq üçün “ixtisaslaşmış” KİV, sosial şəbəkə hesabları yaradılıb. “Səhər TV”nin, “Nur-az” xəbər portalının və digərlərinin fəaliyyəti buna əyani misaldır. Azərbaycan dövlətinə qarşı neqativ təbliğat aparmaq üçün təkcə Facebook və Telegram şəbəkələri üzərindən çoxlu sayda hesab açılıb. İranda durmadan, fasiləsiz şəkildə yalan, böhtan, təxribatçı məlumat paylaşırlar.

Rəsmi Tehran da dəfələrlə iddia edib ki, guya Azərbaycan mediasında İran təhqir edilir. Əslində ölkəmizin mediasında İrana qarşı məqalələr yazılsa da, bu tənqidi materiallardır və reallığı əks etdirir. İran mediasında isə hər gün Azərbaycan təhdid olunur, “Bakı respublikası” kimi təqdim edilir, dövlət olmadığımız iddia olunur, hər cür uydurmalar tirajlanır. O səbəbdən media sahəsində İranla əməkdaşlıq mühümdür, amma görək bu anlaşma istənilən səviyyədə işləyəcəkmi?

Rəşad Məcid: Elə bilirlər, milyonlarım var, halbuki mən məğlub adamam -  MÜSAHİBƏ - Oxu.az

Rəşad Məcid 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Yeni Müsavat”a bildirdi ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ciddi və mühüm hadisə idi. İranla Azərbaycan arasında gərginlik yaradan məsələlərin müzakirə baxımından da bu vacib səfər idi: “İran mediasında Azərbaycana qarşı təhdidlər daim müşahidə olunur. Son zamanlar isə bir qədər çoxalıb. Hesab edirəm ki, milliyyətcə türk olan İran Prezidentinin bu səfəri cürətli addım idi və səfər zamanı imzalanan media əməkdaşlığı haqqında sənəd də münasibətlərin yaxşılaşmasına təsir edəcək. Şübhəsiz ki, İran tərəfi münasibətlərin yaxşılaşmasını istəyirsə və səmimidirsə, bu sənədi hüquqi bir sənəd olaraq əsas götürüb mediada Azərbaycana qarşı kampaniyanın qarşısının alınmasına çalışacaq. Ümid  edək ki, İranın daxilində Azərbaycanla münasibətləri kəskinləşdirmək istəyən qüvvələrin gücü münasibətlərin yaxşılaşmasına çalışan qüvvələrdən zəif olacaq və imzalanan sənəd həyata keçiriləcək. Azərbaycan mediası İrana qarşı təhdid və təhqirə yol verən kampaniya aparmır. Azərbaycan tərəfi imzasına hörmət qoyan dövlət kimi imzalanan məlum sənəddən irəli gələn məsələlərə də əməl edəcək”. 

MEDİA-nın Müşahidə Şurasına yeni üzv olan Elçin Şıxlı: “Bu barədə danışmaq  hələ tezdir”

Elçin Şıxlı 

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə bildirdi ki, Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında imzalanan “Media əməkdaşlığı haqqında” sənəddə konkret nələrin qeyd edildiyi haqda dəqiq bilgiyə malik deyil. Bunu bilmədən dəqiq proqnoz vermək çətindir: “Sənəddə hansı istiqamətlərə media əməkdaşlığının nəzərdə tutulduğunu bilsək, o zaman söyləmək olar ki, müsbət nəticəsi olacaq, yoxsa olmayacaq. Əgər sənəddə bir-birinə qarşı ittihamlara, təhdidə yol verilməməsi məsələsi əksini tapıbsa, İran mediasının buna əməl edəcəyinə inanmıram. Yenə də həmişəki Azərbaycana qarşı təhdid xarakterli yazılar davam etdiriləcək. Çünki İranda bunda maraqlı qüvvələr var və İran mediasına güclü təsir imkanındadırlar. Azərbaycan tərəfi İran mediası ilə əməkdaşlıq edə bilər. Məsələn, biz Azərbaycanı və Azərbaycan mədəniyyətini, dilini, ədəbiyyatını təbliğ eləməliyik. Bu məsələlərdə əməkdaşlıq edilməlidir. Prezident Pezeşkian Şəhriyarın şeirini Bakıda da səsləndirdi. Bu yaxşıdır. Ancaq daha yaxşı o olar ki, Məsud Pezeşkian ana dilində məktəblər açılmasına nail olsun. Şeirdən vacib budur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

02.05.2025 09:01
1959