Avropa İttifaqının keçmiş xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Qəzza zolağında baş verən humanitar fəlakətlə bağlı sərt bəyanat verib.
Musavat.com xəbər verir ki, o, son bir ay ərzində 550 fələstinlinin öldürüldüyünü bildirib və bu prosesdə “humanitar yardım proqramı adı altında fəaliyyət göstərən amerikalı muzdlular”ı ittiham edib.
Borrell bu cür fəaliyyətlərin bölgədə vəziyyəti daha da gərginləşdirdiyini və fələstinlilərə qarşı aparılan siyasətin pərdəarxasında müxtəlif güc mərkəzlərinin dayandığını vurğulayıb. O, həmçinin Avropa Komissiyası və Avropa Şurasını bu hadisələrə göz yummaqda və yetərli reaksiya verməməkdə günahlandırıb.
Diplomatın sözlərinə görə, Avropa qurumları Qəzzada baş verənlərə laqeyd qalmaqla öz dəyərlərinə zidd davranır və beynəlxalq hüququn qorunması məsələsində nüfuzlarını itirirlər. Borrell vəziyyətə ciddi müdaxilə edilməsinin zəruriliyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti konkret addımlar atmağa çağırıb.
Musavat.com