Yay mövsümü gəldi, Bakının hər yerində sanki qiymətlər də “isti”ləşdi. Bazarlarda, ərzaq dükanlarında, xidmət sektorunda əksər məhsulların və xidmətlərin qiyməti qalxdığı halda, şəhərin tikinti materialları dükanlarında qəribə bir səssizlik və sabitlik hökm sürür.
Musavat.com-un əməkdaşı olaraq bu gün paytaxtın müxtəlif tikinti materialları mağazalarında və bazarlarında apardığımız müşahidələr zamanı həm satıcıların, həm də alıcıların əhvalını öyrəndik, qiymətlərə nəzər yetirdik.
Söhbət etdiyimiz satıcıların əksəriyyəti deyir ki, son bir ildə ciddi bahalaşma olmayıb. Qiymətlər ötən ilin eyni dövründə necə idisə, indi də təxminən eyni səviyyədədir.
Tikinti materialları dükanında 20 ildir işləyən Rövşən müəllim deyir: “Bizim sahədə elə bir kəskin bahalaşma yoxdur. Parket, laminat, sement, boya, taxta… hamısı eyni qiymət civarındadır. Bahalaşma 50 qəpik civarındadır. Amma alıcı yoxdur. Çünki insanlarda pul yoxdur, iş yoxdur, ona görə bazar ölüb. Bir-iki ay əvvəldən bu vəziyyətdəyik”.
Başqa bir dükan sahibi Namiq bəy isə daha kəskin danışır: “Düzdür, qiymətlər saxlanır, amma alver yoxdur. Əvvəl bir günə nə qədər müştəri gəlirdi, indi heç 5-də biri gəlmir. Mal qalır əlində, qazanmaq çətindir. Hər kəs evini, bağını təmir etməyə ürək eləmir. Ona görə də çox adam sadəcə soruşur, gedir”.
Musavat.com əməkdaşının bazarlardan topladığı məlumata görə, bəzi əsas tikinti materiallarının hazırkı qiymətləri belədir:
Parket - təxminən 41 AZN/m²
Emulsiya boya -20- 25 AZN
Sement (50 kq) -9 AZN
Laminat -9-13 AZN/m²
Taxta (1 m³) - 330–340 AZN
Sulu boya - 3,55 AZN/litr
-Divar kağızı yapışqanı -25,3 AZN/kg
-Oboy (rulon) -22,4 AZN
- PVC pəncərə şüşəsi -16,67 AZN/m²
-Armatur (dəmir çubuq) -0,30-1 AZN/kg
- Kərpic / Hörgü blokları — təxminən 0,36 AZN/ədəd (bölgədən asılı olaraq)
Satıcıların sözlərinə görə, bu qiymətlər son bir neçə aydır dəyişməyib. Bəzi alıcılarla da söhbət etdik. Adını demək istəməyən bir müştəri deyir:
“Evimdə bir otağı təmir etmək istəyirdim. Gəldim gördüm ki, qiymətlər lap baş çıxaran deyil, amma pul yoxdur. Başqa ehtiyaclar, başqa xərclər çoxdur. Ona görə indi hər kəs ya gözləyir, ya da minimal iş görür”.
Tikinti bazarındakı vəziyyət satıcıları da, alıcıları da məmnun etmir. Satıcılar gözlərini yay aylarına dikiblər və ümid edirlər ki, bağ evləri və yay təmir mövsümü ilə bəlkə vəziyyət bir az yaxşılaşar. Hazırda isə bazarda vəziyyət belədir: qiymətlər sabit, amma hər tərəfdə durğunluq var.
Şahanə Rəhimli,
Sultan Məmmədli,
Musavat.com