Bu ölkə Azərbaycana yatırımları artırdı - İLGİNC GƏLİŞMƏ

İki iqtisadçıdan fərqli izah

Bu il Hindistana Azərbaycan investisiyaları dəfələrlə artıb. Mərkəzi Bankın məlumatına görə, Yeni Dehlinin Azərbaycan iqtisadiyyatına investisiyası da təxminən 10% artıb. Bildirilir ki, Azərbaycan sahibkarları ilin birinci yarısında Hindistanda iqtisadi layihələrə investisiyalarını 93 dəfə artırıblar. Onlar bu ölkənin iqtisadiyyatına 2,6 milyon dollardan çox sərmayə yatırıb. Maliyyə tənzimləyicisinin hesabatına əsasən, Azərbaycanın ümumi investisiyada payı 0-dan 0,2%-ə yüksəlib.

Maraqlıdır ki, Azərbaycanda həyata keçirilən layihələrə Hindistan biznes sərmayəsi də ilin ilk altı ayında təxminən 10% artıb. Ümumilikdə bu il Hindistan Azərbaycana 24 milyon dollardan çox sərmayə qoyub.

Fikrət yeni.jpeg (153 KB)

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Azərbaycan sülhsevər və bütün ölkələrlə sağlam münasibətlər yaratmaq yolunu tutmuş bir dövlətdir. Professor diqqətə çatdırdı ki, Azərbaycan yalnız regionun deyil, dünyanın istənilən yerində olan bir ölkə ilə məmnuniyyətlə sağlam münasibətlər qura bilir: “Son onilliklər ərzində buna dair çoxsaylı nümunələr gətirmək mümkündür. Bu sırada Hindistan da müstəsna deyil. Baxın, Fransa Azərbaycan Ordusunun Qarabağ torpaqlarımızda apardığı 44 günlük müharibə və 1 günlük antiterror əməliyyatları dönəmində Azərbaycana qarşı nə qədər basqılar etdi. Lakin Azərbaycan hökuməti öz təmkinini itirmədi. Siyasi müstəvidə Fransanın bu ədalətsiz davranışının cavabını layiqincə versək də, Fransa ilə iqtisadi və ticarət əlaqələri qorunub saxlandı. Yəni əslində Azərbaycan hökuməti Fransanın bu ədalətsiz davranışına cavab olaraq burada fəaliyyət göstərən bəzi müəssisələrin fəaliyyətini əngəlləyər və ya onların bağlanmasına nail ola bilərdi. Lakin biz bunu etmədik. Çünki Azərbaycana yönəlmiş bu münasibət Fransanın indiki prezidenti Makronun şəxsi təşəbbüslərindən irəli gəlirdi”.

Onun sözlərinə görə, biz siyasi müstəvidə bu ədalətsiz davranışa qarşı mübarizə aparsaq da, dövlətlər arasındakı münasibətləri şəxsi münasibətlər səviyyəsinə endirmədik: “Bu gün Azərbaycan eyni münasibəti Hindistana qarşı sərgiləyir. Hindistanın Ermənistana silah satması, qardaş Pakistanla münasibətləri gərginləşdirməsi bizim üçün qəbuledilməzdir. Lakin bu o demək deyil ki, biz Hindistan kimi Asiyada xüsusi çəkisi olan və bu gün yerləşdiyi regionda ən böyük iqtisadi artımlar əldə etmiş bir dövlətlə aramızdakı körpüləri yandırmalıyıq. Bir tərəfdən Hindistan silahlarını kiməsə satmalıdır. Bunun Ermənistan olması da adi bir haldır. Digər tərəfdən Hindistanla Pakistan arasında Kəşmir üzərində artıq uzun illərdir ki, münaqişə davam edir. Bu isə o demək deyil ki, biz Hindistanla əlaqələrimizi zəiflətməli və ya dondurmalıyıq”.

Eldəniz Əmirov: Turizm sektorunda xidmət səviyyəsinin yüksəldilməsi bazar  tərəfindən tənzimlənir » Azxeber.com

Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirovun fikrincə, investisiya sahəsində rəqəmlərin yüksəlməsi hələ o demək deyil ki, Hindistan yaxın tərəfdaşımızdır. Onun sözlərinə görə, həm ölkəmizə investisiyaların cəlb olunmasında, həm ölkəmizdən investisiya axınında Hindistan ön sırada duran ölkə deyil: “Azərbaycanın əsas tərəfdaşları Böyük Britaniya, Türkiyə, Kipr, İsveçrə, Gürcüstan, BƏƏ və başqa ölkələrdir. Bir müddət öncə Hindistan Mərkəzi Bankının açıqlamasında Azərbaycan və Türkiyəyə yönəlmiş investisiyanın 6 milyon dollar həcmində olduğu bildirilib. Burada Azərbaycanın payı daha az idi, nəinki Türkiyənin. Hindistanın Azərbaycana yatırımının həcmi 10% artsa da, ümumilikdə, söhbət o qədər də böyük məbləğdən getmir. İki ölkə arasında siyasi münasibətlərdə müəyyən dövrdə gərginlik yaşansa da, hesab edirəm ki, proses stabilləşməyə doğru gedir. Hindistan enerji tədarükündə öz marşrutlarını və mənbələrini diversifikasiya etməyə çalışır. Bu baxımdan, Azərbaycan uğurlu ölkələrdəndir. Eyni zamanda Azərbaycan da öz xarici əlaqələrini diversifikasiya əsasında qurmaq istəyir. Risklərin sığortalanması üçün bu, olduqca önəmlidir. Bütün hallarda 2025-ci ildə də müxtəlif istiqamətlərdə, ələlxüsus enerji, ayrı-ayrı istehsal, xidmət sahələrinə Hindistandan investisiya yatırımında böyük faiz ölçüsündə artım ola bilər, amma bu göstəricilər statistikaya əsaslanır. İnvestisiya sahəsində rəqəmlərin aşağı olması bir az hərəkətlilik olduğu təqdirdə az rəqəmin daha yüksək faizdə artmasına imkan verir. Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqca Hindistanla da iqtisadi və siyasi əlaqələrdə müsbət dinamikanı görə biləcəyik”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

07.10.2025 10:33
706