Çoxəmcəkli dövlət büdcəsi - "Qaramaskalı"ların fəallaşmasına ehtiyac var

Sözü mətləb üstünə bir az gendən gətirəcəm ki, nə demək istədiyimə dair yəqinlik hasil olsun.
İndiki cavanlar bilməz, 20-25+ il öncə, “kopi-peyst” və “sualıma cavab yaz, göndər” jurnalistikasının olmadığı vaxtlarda bəzi jurnalistlər mövcud hakimiyyətə alternativ “kölgə kabineti” formalaşdırar, ictimai-siyasi gündəmi ayaqda tutardılar.

Maraqlı iş idi. “Müxalif dairələrdən sızmış” bu “kölgə kabineti”nin tərkibi uzun-uzadı müzakirə predmeti olardı, siyasi fəallar kabinetin qəzetdə çıxmış siyahısını çayxanalarda qarşılarına qoyar, mübahisə edər, hansısa kadrın təyinatı ilə bağlı təəssüflərini bildirər, bəzi “layiqli namizədlər”in adının siyahıda olmamasından narazılıq edər, “hökumət kabineti qurmuş” liderləri qınayardılar.

Bəzi bəylər şübhələnərdilər ki, bu siyahını partiya liderləri yox, jurnalistlər tərtib edib. Bu dəfə də onlar həmin jurnalistlərdən inciyərdilər ki, nədən ona aşağı vəzifə veriblər. Baş nazirin 1-ci müavini heç, amma adi müavini vəzifəsinə yiyə duran yox idi. Yaşı az olduğu üçün gənclər və idman naziri vəzifəsinə “təyin edilmiş” şəxs salamımızı incik-incik alırdı. Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə layiq görülən şəxs o vəzifəyə yalnız “bir müddət üçün” razılıq verirdi.

Belə “kölgə kabineti” bir qayda olaraq koalisyon əsasda olurdu, bu da müttəfiq partiyalar arasında intriqanın səbəbi demək idi – “güc nazirliklərini özlərinə götürüblər”-zad.

Sonra daha maraqlı bir şey oldu. O biri qəzetlər də gördülər ki, “kölgə kabineti” formalaşdırmaq işində babat tiraj var, bir çoxu başladı öz yanlarından “kölgə kabinetləri” formalaşdırmağa. İctimai-siyasi fəallıq göz görə-görə artırdı. Vəzifə bölüşdürülməsi həmişə maraqlıdır və qızğın müzakirələr sevir axı.

Ancaq iş getdikcə absurd xarakter alırdı. Bir gün başqa bir qəzet tərəfindən yaradılmış “kölgə kabineti”ndə öz adımı da gördüm. İTV-nin baş direktoru təyin edilmişdim. Açığı, nə yalan deyim, təyinat xoşuma gəldi. Qəzetin baş redaktoruna zəng vurub mənə göstərdiyi etimad üçün təşəkkürümü bildirəcəkdim, qəfildən şübhələndim ki, yox e, bu, yəni mənim potensialımı bu qədər aşağı qiymətləndirir?

Bax, belə maraqlı dövr idi. İnternet əsri yeni-yeni start götürürdü, yalnız məşhur qəzetlərin saytı vardı, xəbər istehsalı zəif idi, ona görə də özümüz xəbər yaratmağa, intriqa körükləməyə məcbur idik.
Çoxdandır “kölgə kabineti” yaradan yoxdur. Partilyalararası intriqalar da səngiyib. Hamı “yorğun demokrat” olub.

Bu gündən baxanda o söhbətlər adama məzəli biçimdə görünə bilər, amma gerçəklik bu idi ki, o dövrün siyasətçiləri bir xeyli idealist, amma çox ambisiyalı idilər. Hər kəs birinci vəzifəni (nazir, komitə sədri, dövlət şirkətinin prezidenti) tutmaq istəyirdi.

İndi gələk mətləb üstünə. Bu gün vəzifə tutmaq, seçilmiş kadr olmaq məsələsi xeyli fərqlidir. Zəif bir dövlət agentliyinin, xidmətin idarələrindən birinin, məsələn, texniki-təchizat şöbəsinin müdirinin müavini olmaq artıq yaxşı bir vəzifə yiyəsi olmaq deməkdir.

Dünən mənə bir neçə elə adamdan danışdılar. Müəllimlərin ta nələri yoxdur? 200 minlik ev, yarım milyonluq bağ, özlərinin lüks avtomobilləri. Xanımları, oğulları, qızları, hamısı ayrı-ayrı bahalı maşın sürür. Və onları heç kəs tanımır.

Keçmiş hərəkatçılar nəinki şöbə müdiri və ya onun müavini vəzifəsinə, heç həmin agentliyin, xidmətin rəisi vəzifəsinə yiyə durmazdılar. Amma bu adamlar ən xırda bir vəzifədə işləməyə razı olublar, hətta o vəzifəni tutmaq üçün keys dolu pulu rüşvət verib və özlərinə cah-cəlal qurublar.

Əslində bunların da ambisiyaları var, fikirləşirlər ki, gələcəkdə şöbə müdiri də olacaqlar, idarə rəisi postuna da keçəcəklər, hələlik isə pul yığmaq lazımdır.

“Pul yığmaq” deyəndə elə çıxmasın ki, adamlar maaşlarını yığırlar. Xeyr. Dövlət büdcəsi çoxəmcəkli inək kimidir, hərəsi bir yandan ağızlarını uzadıb sümürdükcə sümürürlər. İnək də məhsuldardır, qurutmur, qısır qalmır, acgöz buzovları qidalandırır. Bəzi buzovlar çoxdan dana, öküz, kələ olublar, amma bübcəni sormaqda davam edirlər.

“Qaramaskalı” qardaşlar da son vaxtlar “sorucu”ları cələkləyib içəri aparmırlar, “at arğacı, vur qılıcı” erası yenidən başlayıb. O vaxt İH başçıları kabinetlərində qandallananda o birilərin hamısı möhkəm qorxubmuş, rayonlarındakı təsərrüfatlarını, obyektlərini tez-tələsik satanlar, onun-bunun, o qədər də yaxın olmayan qohum-əqrəbanın adına keçirənlər olub. Sonra ortalığın tos-dumanı yatışıb və dövləti, xalqı talama prosesi qaldığı yerdən başlayıb.

Ara yerdə yazıq Vilyam müəllim içəri getdi. Abutalıbov məktəbinin layiqli davamçısı olan Alimpaşa müəllim də, Allah bilir, içəridə nə edir, ya şeir yazır, ya da dinə-imana gəlib, namaz qılır.

Vaxtilə bizim gənclər və idman naziri təyin etdiyimiz bəy isə hələ də işsizdir, axırıncı dəfə bələdiyyə üzvlüyünə namizədliyini verib, DSK-nın yekun protokolunda adı çıxmayıb.

 

25.04.2025 11:11
1241