Aprelin 26-da Fransanın Strasburq şəhərində bir sıra azərbaycanlı siyasi mühacirin iştirakı ilə yürüş-mitinq keçirilib. “Demokratiya marşı” adlandırılan yürüş ASİMKOM, yəni Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzi tərəfindən təşkil edilib.
Musavat.com arayış üçün bildirir ki, təşkilat ötən ilin (2024-cü il) yanvar ayında təsis edilib. Sədr isə ölkə ictimaiyyətinin çox yaxından bələd olduğu bir sima, Qənimət Zahiddir.
O, təşkilatın 26 yanvar tarixli qurultayında sədrlik postuna seçilib. Sədrlik kimi mühüm bir məsuliyyətin altına girən Qənimət Zahid üçün Strasburq yürüşü təbii ki, olduqca əhəmiyyətli olub.
Sədr üçün yürüş-mitinqini xüsusi təmtəraqlı şəkildə, Qənimət Zahidin öz təbirincə desək “göz dağı verəcək” formada təşkil etməyə ehtiyac yaranıb.
Bu, ilk növbədə ASİMKOM-a qrant təmin edən donor təşkilat qarşısındakı öhdəliyin icrası, digər tərəfdən isə Azərbaycana “mühüm mesaj” olmalı idi.
Yürüşün uğuru xarici təşkilatların ASİMKOM-a etimadını artıracaq və onların gözündə təşkilatın siyasi çəkisini gücləndirəcəkdi.
İşini şansa buraxmayan Qənimət Zahid bu məqsədlə yürüşə azərbaycanlı mühacirlərin cəlb edilməsi işinə xüsusi diqqət ayırıb. O, hazırda Strasburqda yaşayan keçmiş AXCP üzvü Qədim Bəkirov vasitəsilə azərbaycanlı mühacirləri, xüsusilə Avropa ölkələrində oturum almağa çalışan şəxsləri, onların ailə üzvlərini, azyaşlı uşaqlarını və fiziki məhdudiyyətli insanların yürüşə cəlb etməyi planlaşdırıb. Bu yolla yürüş iştirakçılarının sayının əslində olandan daha artıq göstərilməsi hədəflənib.
Plana əsasən mühacir alveri işində xüsusi ad çıxarmış Qədim Bəkirov oturum almaq üçün sənəd hazırladığı şəxslərlə tək-tək əlaqəyə keçməli və onların yürüşdə iştirakını təmin etməli imiş. Qədim Bəkirov əlaqəyə keçdiyi şəxslərə yürüşdə iştirak edəcəkləri təqdirdə onların oturum almaq işinin asanlaşacağı və onlar üçün “siyasi müxalif obrazı”-nın yaranacağını da qeyd edib. Həmçinin Qədim Bəkirov yürüşdə iştirak edərək şəkil çəkdirənlərdən təxminən 50-70 dollar məbləğində ödəniş etmələrini istəyib. Bu ödənişin və yürüşdə çəkilən fotoşəkillərin onların oturum alması üçün önəmli olduğunu vurğulayıb. Təbii ki, toplanan vəsait Qədim Bəkirov vasitəsilə birbaşa ASİMKOM-un sədrinə- Qənimət Zahidə çatdırılıb.
Lakin yürüş iştirakçılarının, xüsusilə xaricdəki azərbaycanlı mühacirlərin tədbirə yanaşması Qənimət Zahidin gözləntilərini puç edib. Qədim Bəkirovun təsir gücünə arxayın olan Qənimət Zahid Avropada yaşayan əksər azərbaycanlı mühacirləri yürüşdə görəcəyini ümid edirmiş. Yürüş günü isə iştirakçı sayının cəmi 70 nəfər olduğu bəlli olub. Üstəlik bu 70 nəfərin yarıdan çoxu ümumiyyətlə, tədbirin mahiyyətindən bixəbər olub.
Oturum almaq həvəsi ilə Strasburqa gələn mühacirlərin, əslində, nə baş verdiyindən və nə istədiklərindən heç özlərinin də xəbəri olmayıb.
Nəticədə yürüş iştirakçılarının əksəriyyəti bir neçə foto çəkdirib öz işlərini bitmiş hesab ediblər, yürüş ərazisindən uzaqlaşıblar. Hazırlanan posterlər və şüarlar isə azyaşlı uşaqlara, qadınlara həvalə edilib.
Qənimət Zahidin siyasi vizyonunun və Qədim Bəkirovun təşkilatçılığının dırnaqarası uğuru elə yürüşün ilk dəqiqələrində özünü göstərib. İştirakçı sayını çox göstərmək üçün hər yola əl atan Qənimət Zahid bir-biri ilə küsülü, aralarında ədavət olan şəxsləri də “təsadüfən” bir araya gətirməyə müvəffəq olub.
Nəticədə yürüş hələ başlamamış Emil Cəfərov və Vüqar Niftiyev adlı şəxslər arasında qarşıdurma yaranıb. Emil Cəfərov Vüqar Niftiyevi döyməyə cəhd göstərib və ikili çətinliklə sakitləşdirilib.
Təşkilatçılığın plana uyğun getməməsi və yürüşün fiaskosu ürəkaçan olmasa da, ən azından Qənimət Zahid prosesdən qazanclı çıxıb. O, yürüş üçün aldığı qrantla yanaşı xaricdə oturum almaq eşqinə düşən mühacirlərin foto ödənişlərini də mənimsəyib. Bir sözlə “Demokratiya marşı” ASİMKOM-un, daha doğrusu Qənimət Zahidin cibini artıqlaması ilə doldurub. Belə görünür, səsləndirilən şüarların və plakatların kölgəsində təkcə bir nəfər, Qənimət Zahid, öz həqiqi arzusuna çatıb. Elə yürüşün ortasındaca əlini saqqalına çəkərək günün qazancını hesablayan Qənimət Zahid, bəlkə də dodaqaltı deyinib, “Allah bərəkət versin... “
Onu da qeyd edək ki, Strasburq yürüşü Qənimət Zahid və onun təşkil etdiyi tədbirlərdəki maliyyə fırıldaqları ilə bağlı ilk belə hal deyil. Əvvəllər də o, müxtəlif bahalı otellərdə mühacirlərin tədbirlərini keçirmək üçün qrant vəsaitləri alıb və alınan vəsaitləri mənimsəyib.
Qafar Səfərli,
Musavat.com