Deputatlar arasında Mehdiyev DAVASI: “10 il əvvəl danışıb tarix YAZARDIN DA...” – kimlər TOQQUŞDU?

Milli Məclisin iclasında çıxış edən deputat Tənzilə Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb.

Musavat.com-un xəbərinə görə, daha sonra o, başda Ulu öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə andığını vurğulayıb və bildirib ki, onların xidmətlərini unutmaq olmaz.

Ardınca komitə sədri Siyavuş Novruzov çıxışa yazılaraq xanım həmkarının fikirlərinə reaksiya verib.

Bildirib ki, Azərbaycanın müstəqilliyinə o zaman Ali Sovetin üzvü olan 350 nəfərdən 271 nəfər səs verib, iclasa Ziyad Səmədzadə sədrlik edib.

Siyavuş Novruzov həmin 43 nəfərin isə referendum əleyhinə səs verdiklərini xatırladıb:

“Müstəqillik başqa şeydir, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verib”.

“Çıxışlarda bəzi nöqsanlar olur. Buradakı çıxışlarda da bəzi nöqsanlar oldu. Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”,- spiker Sahibə Qafarova reaksiyasında bildirib.

Növbəti məsələlərin müzakirəsi zamanı söz alan Tənzilə Rüstəmxanlı yenidən bu mövzuya qayıdıb:

“Sahibə xanım, mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm, olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı. 1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram. Mən bu prosesin içində idim, qadınlarımız ön sırada idi.

Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı”.

S.Novruzov növbəti dəfə söz istəsə də, spiker Sahibə Qafarova çıxışa ehtiyac görməyib və bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı "Canlı debat" verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

17.10.2025 13:09
2523