Dünyada ərzaq bahalaşır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatına görə, 2025-ci il aprel ayında ümumdünya ərzaq qiymətlərinin ümumi göstəricisi mart ayı ilə müqayisədə 1% artıb.

Oxu.Az xəbər verir ki, FAO Ərzaq Qiymətləri İndeksinin (ƏQİ) orta dəyəri 128.3 bal olub, bu da əvvəlki aya nisbətən 1.2 bal yüksəkdir.

Şəkər və bitki yağları üzrə qiymət indekslərinin azalmasına baxmayaraq, ƏQİ-nin ümumi artımı dənli məhsullar, süd məhsulları və ət qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.

Dünya üzrə ət qiymətləri əhəmiyyətli artım göstərib. Aprel ayında müvafiq indeks 3.7 bal (3.2%) artaraq 121.6 bal olub.

Qeyd edək ki, FAO Ərzaq Qiymətləri İndeksi ərzaq məhsulları səbətinə daxil olan beynəlxalq qiymətlərin aylıq dəyişikliyini göstərən göstəricidir. O 5 məhsul qrupu üzrə qiymət indekslərinin orta dəyərlərini əhatə edir: Dənli məhsullar, bitki yağları, süd məhsulları, ət və şəkər.

03.05.2025 04:18
216