“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Musavat.com-un məlumatına görə, layihə barədə Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.
Deputat Hikmət Babaoğlu müzakirələrdə çıxış edib. O, Milli Məclisdə tarixi və mədəniyyət abidələrinin pasportlaşdırılması prosesi ilə əlaqədar İctimai Komissiya yaradılmasını təklif edib. Bildirib ki, pasportlaşma zamanı ictimai, siyasi, mədəniyyət xadimlərinin də fikirləri nəzərə alınmalıdır.
Spiker Sahibə Qafarova deputatın təklifinə cavab olaraq xatırladıb ki, belə komissiya mövcuddur.
H.Babaoğlu abidələrlə bağlı digər məqamlara toxunub. “Şuşaya səfər edəndə bələdçi bizə deyir ki, bu ərazidəki Saatlı məscidini Saatlıdan gələn tacirlər tikib. Bu, çox yanlış anlayışdır. Saatlı tayfaları türk tayfalarından biridir.
Azərbaycan, Ermənistan və bir sıra ərazilərdə bu tayfalar məskunlaşıb. Saatlı rayonu inzibati rayon kimi 30-cu illərdə yaranıb. Belə olan halda yaşı 200-dən çox olan Saatlı məscidini necə həmin tacirlər tikə bilər? Ora Cavanşir qəzası idi, gələnlər də oradan gəlib”.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımızda islamdan öncəki tariximizə aid 7 böyük kurqan var. H.Babaoğlu qeyd edib ki, bunlar Sak və Skif kurqanlarıdır: “Biz hələ də özümüzü Xəzər dənizinin şimalında yaşayan, böyük mədəniyyət yaradan saklarla identifikasiya edə bilmirik. Həmin 7 kurqan açılsın, xarici ölkələrdən etnoqraflar, arxeoloqlar dəvət edilsin və bizim vaxtilə Xəzər xaqanlığının eyni mədəniyyətə sahib olduğumuzu, sakların və skiflərin bizə aid olduğunu göstərək”.
H.Babaoğlunun fikirləri təqdirlə qarşılanıb.
Müzakirələrdən sonra layihə ikinci oxunuşda qəbul olunub.
E.Paşasoy,
Musavat.com