“İbrahim razılaşması” Azərbaycana nə verəcək, nə alacaq?

Amerika Birləşmiş Ştatlarının təşviq etdiyi və İsraillə müsəlman ölkələri arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan “İbrahim razılaşmaları” gündəmdən düşmür. Ağ Ev hesab edir ki, bu sazişə qoşulan müsəlman ölkələrinin sayının artması Yaxın Şərqdə sabitliyə xidmət edəcək. Belə bir məqamda Vaşinqton Azərbaycanın da bu təşəbbüsə qoşulmasında maraqlıdır.

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu Azərbaycanın bu razılaşmaya qoşulmasının həm zəruri olmadığını, həm də müəyyən mənada problematik olduğunu düşünür.

elxan.jpg (68 KB)

Politoloqun fikrincə, Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulması üçün real əsaslar yoxdur:

“Azərbaycanın bu şərtlərin yerinə yetirilməsinə ehtiyacı yoxdur. Birincisi, Azərbaycanın İsraillə diplomatik münasibətləri mövcuddur. İkincisi, Azərbaycan bəlkə müsəlman ölkələrinin çoxundan İsraillə müxtəlif sahələrdə dərin əlaqələrə malikdir. Belə olan halda Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasına ehtiyacı varmı? Azərbaycanın razılaşmaya qoşulmasını çətinləşdirən bir neçə amil var”.

Politoloq bildirib ki, Azərbaycanın bu təşəbbüsə ehtiyatla yanaşmasının bir sıra ciddi səbəbləri var. Onlardan biri də bölgədəki geosiyasi balans və müttəfiqlik münasibətləridir:

“Azərbaycanın strateji müttəfiqi Türkiyə bölgədəki mövcud şərtlər daxilində “İbrahim razılaşmaları”na qoşulmayacaq.

İkincisi, Qəzzada insan fəlakəti davam edərkən və İsrailin Fələstinin müstəqilliyini tanımaqdan imtinası durumunda Azərbaycanın razılaşmaya qoşulması problematikdir.

İsrailin Mərkəzi Asiyanın digər türk dövlətləri, o cümlədən Qazaxıstanla da sıx əlaqələri var. Astana da “İbrahim razılaşmaları” məsələsində gözləmə mövqeyindədir. Halbuki, Vaşinqton Bakı ilə yanaşı, Astana ilə də bu mövzuda intensiv danışıqlar aparır. Yalnız “Amerika istəyir” deyə Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasının itkisi qazancından çoxdur.

Maraqlı tərəf olan Təl-Əvivin Azərbaycanın “İbrahim razılaşmaları”na qoşulmasıyla bağlı xüsusi istəyi yoxdur. Təl-Əviv “İbrahim razılaşamaları”na ilk növbədə ərəb ölkələrinin qoşulmasını istəyir. Belə olan halda Azərbaycan-İsrail tərəfdaşlığının ikitərəfli əsasda davamında fayda var və bu, həm Bakı, həm də Təl-Əviv üçün yetərlidir”.

Xalidə Gəray
Musavat.com

03.08.2025 14:47
561