İran nüvə müqaviləsindən çıxa bilər – Tehran parlamenti məsələyə baxır

İranın Xarici İşlər Nazirliyi ölkənin Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilədən (NPT) çıxmaq məsələsində parlamentlə koordinasiyalı şəkildə hərəkət edir.

Musavat.com-un xəbərinə görə, bu barədə İran XİN-in rəsmi nümayəndəsi açıqlama verib.

O bildirib ki, İran deputatları müqavilədən çıxmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.

Qeyd edək ki, bundan əvvəl İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəsmi nümayəndəsi “İranın bu müqavilədən çıxmasının vaxtı çatıb” açıqlaması ilə çıxış etmişdi.

Bu bəyanatdan sonra məlum olub ki, NPT-dən çıxmaq məsələsi artıq parlamentin gündəmindədir və məsələ üzrə müvafiq hüquqi və diplomatik prosedurlar müzakirə edilir.

Xatırladaq ki, İran uzun illərdir nüvə proqramı ilə bağlı beynəlxalq təzyiqlərlə üzləşir. ABŞ və İsrailin son dövrlərdə İranın nüvə obyektlərinə qarşı mümkün əməliyyatları müzakirə etməsi Tehranın bu istiqamətdə sərt qərarlar verməsinə səbəb ola bilər.

İranın NPT-dən çıxması beynəlxalq aləmdə ciddi rezonansa səbəb ola bilər və bölgədə gərginliyi daha da artıracağı ehtimal olunur.

Musavat.com

16.06.2025 12:37
624