Macarıstanın Bakı şərti qəbul olun(ma)sa...
Macarıstan Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsaitin ayrılmasını bloklayır. Bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsait ayrılmasına veto qoyulması ilə bağlı xəbərlərin həqiqət olub-olmadığı sualını cavablandıran Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyası prezidentinin müavini Kaya Kallas bildirib.
Qeyd edib ki, Avropa İttifaqı 27 suveren dövlətdən ibarətdir, hər bir ölkənin öz mövqeyi var və qərarlar konsensus əsasında qəbul olunur.
“Məsələnin həllini tapmağa çalışırıq. Bəli, hələlik qərar yoxdur, amma həll yolu axtarırıq”, - deyə K.Kallas bildirib. Kaya Kallasın təşəbbüsü ilə təklif olunan yardım Avropa Sülh Fondu vasitəsilə Ermənistana qeyri-döyüş müdafiə imkanlarının gücləndirilməsinə yönəlib. Yada salaq ki, Ermənistan Aİ-dən 10 milyon avroluq ilk hərbi yardımı alıb. Həmin vəsait növbəti iki il yarım ərzində bir batalyonluq hərbi hissə üçün səhra hospitalının və yardımçı obyektlərin quraşdırılmasına xərclənməlidir.
Macarıstan həmin vəsaitin ayrılmasını aylarla bloklayıb, Azərbaycanın da proqrama daxil edilməsini tələb edir və bunu vəziyyətdən çıxış yolu adlandırır. Qeyd edir ki, Azərbaycanın əraziləri otuz ilə yaxın işğal altında olub. Çox sayda Azərbaycan yaşayış məntəqəsi erməni işğalçıları tərəfindən talan edilib. Ermənistanda isə belə hallar olmayıb. Ermənistan ərazilərinin minalardan təmizlənməsinə böyük vəsait xərclənməsinə ehtiyac yoxdur, Azərbaycan isə buna məcburdur. Ermənistanın Azərbaycana qarşı cinayətlərinin siyahısını davam etdirmək olar. Amma bunların heç birinə görə Ermənistan böyük dövlətlər tərəfindən qınanmayıb. Əksinə, indi ona yardım, o cümlədən hərbi yardım göstərmək istəyirlər. Macarıstan isə ədalətli davranaraq buna qarşı çıxır. Kallas son açıqlamasında “məsələnin həllinə çalışırıq” desə də, Macarıstanın Azərbaycanla bağlı haqlı tələbi barədə heç nə deməyib.
Avropa Sülh Fondu Aİ büdcəsi hesabına maliyyələşdirilir. Fond 2021-ci ildə yaradılıb və 2027-ci ilədək fəaliyyət göstərməsi nəzərdə tutulub. Onun hazırkı büdcəsi 17 milyard avrodur. Niyə Bakıya yardım verilmir ki, Macarıstan bloku götürsün?
Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqı indiyə qədər də müxtəlif layihələr və proqramlar adı altında Ermənistana maliyyə yardımları edib. Ermənistana milyonlarla avro maliyyə vəsaiti ayrılsa da, ölkədə hökumət tərəfindən sosial və humanitar məsələlərlə bağlı hər hansı bir real layihənin həyata keçirilməsi müşahidə edilməyib: “Ən azından əhalinin sosial durumunun ağır olması da bunu təsdiqləyir. Bütün bunlar məsələdə siyasi maraqların olmasını göstərir.
Aydın Hüseynov
Layihənin adından da göründüyü kimi, Avropa İttifaqı Şurası Avropa Sülh Fondu çərçivəsində Ermənistanın “müdafiə qabiliyyətinin artırılması” adı altında əslində Ermənistan ordusunun gücləndirilməsi, təminatı üçün 10 milyon avro yardım göstərilməsinə qərar verib. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi hələ də imzalanmayıb və Ermənistanda revanş əhvalı hələ də qalır. Belə olduğu halda, Ermənistan ordusu üçün 10 milyon avro yardım ayrılması qətiyyən düzgün deyil və sülhə xidmət etmir. Dost Macarıstan dövləti də haqlı olaraq və bu məntiqdən çıxış edərək Avropa Sülh Fondunun ayırdığı həmin 10 milyon avronun Ermənistana verilməsinə mane olur. Macarıstan dəfələrlə haqlı olaraq bəyan edib ki, Avropa Sülh Fondunun bu qərarı Ermənistanda revanşizm meyllərinin güclənməsinə, bu ölkənin yenidən təcavüzkar siyasət həyata keçirməsinə təkan verə bilər. Azərbaycan da Aİ-nin bu addımını heç bir halda ədalətli yanaşma kimi qiymətləndirmir və dövlət rəsmiləri də bu barədə öz mövqelərini ifadə ediblər".
Deputat hesab edir ki, Avropa Sülh Fondu bölgədə sülhə dəstək vermək istəyirsə, sülhə qarşı olan, sülh müqaviləsi imzalamaqdan yayınan Ermənistana deyil, sülhün tərəfdarı olan Azərbaycana maliyyə ayırmalıdır: “Avropa Sülh Fondu ona görə Azərbaycana deyil, Ermənistana yardım ayırır ki, Ermənistan güclənsin. Öz aləmlərində düşünürlər ki, bu cür yollarla Ermənistan ordusunu gücləndirib. Azərbaycan Ordusu səviyyəsinə qaldıra bilərlər. Ancaq yanılırlar. Azərbaycan Ordusu Avropa Sülh Fondunun yardımı olmadan gəlib indiki güclü səviyyəyə çatıb və inkişaf etməkdə davam edir. Azərbaycan öz ordusunun təminatını öz imkanları ilə həyata keçirir. Azərbaycana yardım ayırmamaqla bizim ordunun güclənməsinin qarşısını almaq mümkün deyil”.
A.Hüseynov qeyd etdi ki, Avropa Birliyi qərar qəbul edəndə konsensus əsasında qəbul edir. Yəni orada tam razılıq olmadan qərarların qəbul olunması məsələsi mümkün olmur: "Ona görə də Macarıstan əgər Ermənistanla bağlı məsələdə AB-nin istəyinə “hə” deməsə, bu yardımın birbaşa AB adından edilməsi mümkün deyil. Avropa Birliyi Macarıstanın şərtini qəbul etməlidir".
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli isə bildirdi ki, Avropa İttifaqının ikili siyasəti yeni deyil. Yarandığı vaxtdan dövlətlərə münasibətdə “özününkülər” və “özgəninkilər” bölgüsü həyata keçirirlər: “Bu da ona gətirib çıxarıb ki, Avropa İttifaqı digərlərinə münasibətdə ədalət prinsipini qoruyub saxlaya bilməyib və üstəlik, xristian birliyinə cevrilib. İqtisadi və sosial baxımdan Türkiyədən çox zəif olan ölkələr Avropa Birliyinə qəbul edilsələr də, Türkiyəyə hələ də ögey münasibət davam etməkdədir. Azərbaycan və Ermənistana münasibətdə də hər zaman işğalçı ölkənin yanında olublar. Torpaqlarımızı işğal edən Ermənistana qarşı nəinki basqı göstərilməyib, üstəlik, ona hər zaman maddi və mənəvi köməklik edilib. Bundan da ruhlanan Ermənistan ərazilərimizi 30 ildən artıq işğal altında saxlayıb.
Avropa İttifaqı sanki müsəlman ölkələrinə ədalətsiz mövqe tutmağı özünün bir prinsipinə çevirib. Onlar istəmirlər ki, Azərbaycan müstəqil ölkə kimi inkişaf etsin. Ona görə də heç bir halda olkəmizə maliyyə yardımları etmirlər. Faktlara nəzər salsaq gorərik ki, Ermənistan və Gürcüstana hər il təhsilə ayırdıqları vəsait Azərbaycana nəzərdə tutduqları vəsaitdən 5-10 dəfə çox olur. Bu proqramı da Avropa Birliyi maliyyələşdirir".
M.Rəhimlinin sözlərinə görə, bütün bunlari nəzərə alsaq deyə bilərik ki, Avropa İttifaqı Azərbaycana vəsait ayrılmasın deyə birtərəfli və haqsız prinsipini dəyişməyəcək: “Avropa Sülh Fondundan Ermənistana düşən vəsaiti başqa adlar altında bu ölkəyə verəcəklər”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”