"İstanbul dağıla bilər, hazır olun!”- TBMM-nin sədri xəbərdarlıq etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İstanbulda baş verməsi gözlənilən dağıdıcı zəlzələ ilə bağlı ciddi xəbərdarlıq edib.

Musavat.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, o, dövlət qurumlarını və vətəndaşları ehtimal olunan təbii fəlakətə hazır olmağa çağırıb.

“Ümid edirik ki, bu güclü zəlzələni heç bir fəsadsız geridə qoyacağıq və xalq olaraq daha bir böyük təhlükəni dəf etmiş olacağıq. Ancaq görünən odur ki, İstanbulda gözlənilən zəlzələ artıq qapıdadır. Xalqımız, bütün qurum və təşkilatlar mümkün olan itkiləri minimuma endirmək üçün hazır vəziyyətdə olmalıdır”, – deyə Numan Kurtulmuş bildirib.

Xatırladaq ki, 23 aprel tarixində İstanbulda 6.2 bal gücündə zəlzələ baş verib. Təxminən yarım saat ərzində şəhərdə üç güclü təkan hiss olunub. Bir çox rayonlarda binaların yelləndiyi bildirilib.

Yeraltı təkanlardan sonra şəhərdə mobil rabitə və internetə çıxışda problemlər yaranıb. İstanbul Böyükşəhər Bələdiyyəsi açıqlama yayaraq bildirib ki, indiyədək ciddi dağıntılar və insan itkisi barədə məlumat daxil olmayıb.

Anadolu Agentliyinin məlumatına görə, hökumət və aidiyyəti qurumlar zəlzələ riskinin yüksək olduğu İstanbul üçün xüsusi hazırlıq planları üzərində işləyir.

Xəbərin orijinalı burada: http://v.aa.com.tr/3546280

Musavat.com

23.04.2025 16:51
2023