İşxanyan qəhrəman kimi təqdim olunduğu videonun yalan üzərində qurulduğunu dedi - Bakıda "Nürnberq prosesi" davam edir  

 

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir.

Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.

Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçirilir. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Musavat.com xəbər verir ki, məhkəmə prosesində müttəhim Davit İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub. Ermənilər tərəfindən hazırlanmış videomaterialda deyilir ki, Azərbaycan hərbçilərinin Şuşanın işğalının qarşısını almaq məqsədilə Xocavənd istiqamətində irəliləməsini dayandırmaq üçün Davit İşxanyan və onun dəstəsi Monte Melkonyanın əmri ilə yolu bağlayıblar. Videokadrlarda bildirilir ki, 1992-ci il mayın 15-də dəstə komandiri Armen Avokyan döyüş zamanı ölüb, onun yerinə Davit İşxanyan təyin olunub. Müttəhim  Davit İşxanyan videomaterilada yer alan faktların düzgün olmadığını, bu vidematerialın təbliğat məqsədi ilə çəkildiyini iddia edib. O deyib ki, bu film 2020-ci ilin əvvəllərində Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qondarma rejimin “parlament və prezident seçkiləri” ərəfəsində çəkilib:

 “Bunun məqsədi təbliğat idi. Mən həmin vaxt əsayla gəzirdim. İstəsəydim belə, fiziki cəhətdən orda iştirak edə bilməzdim”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

01.05.2025 16:33
371