Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Köçəryan uzun fasilədən sonra “5-ci kanal”a verdiyi müsahibədə 2020-ci il müharibəsi ilə bağlı iddialar səsləndirib.
Musavat.com xəbər verir ki, "Zəngəzur dəhlizi" və Laçın yolu ilə bağlı sualı cavablandırarkən o bildirib:
“Məndə bu məlumat var və həmin yolun mövzusu 9 noyabr bəyanatına Azərbaycanın xahişi ilə daxil edilərək Laçın dəhlizi ilə simmetriya yaratmaq məqsədi güdürdü.”
Lakin müsahibənin əsas rezonans doğuran hissəsi onun müharibə ilə bağlı səsləndirdiyi ittiham və təəssüf ifadələri olub:
“Biz uduzmamalı idik, Azərbaycanın belə bir üstünlüyü yox idi. Bunu sizə dəqiq deyirəm. O (Paşinyan) orduyu guya təkmilləşdirmək şüarları ilə dağıtdı, indi də eyni şeyi kilsə ilə edir.”
Robert Köçəryanın bu çıxışı, əslində, aciz bir ritorikadan başqa bir şey deyil. O, 2000-ci illərdə Ermənistanı hərbi cunta rejimi ilə idarə edən, Qarabağda qan tökülməsinin əsas ideoloqlarından biri, 1992–1993-cü illərdə Xocalı soyqırımı və digər qətliamların siyasi baş cavabdehlərindən biridir. Bu gün isə üzərindən 5 il keçəndən sonra “niyə uduzduq” sualına Paşinyanı günahlandıraraq cavab vermək istəyir.
Ancaq tarix təkcə Paşinyanın səhvlərini deyil, Köçəryan və Sərkisyan rejiminin qurduğu erməni ordusunun çürük sütunlarını da iflas etdirdi. Azərbaycan 2020-ci ildə təkcə Paşinyanı deyil, Köçəryanın “ordusunu”, ideoloji-militarist rejimini, 200 illik revanşist hədəfləri darmadağın etdi.
Azərbaycan Ordusunun Qələbəsi yalnız qarşı tərəfin zəifliyinə söykənmirdi. Bu, illərlə aparılan düzgün hərbi-strateji planlaşdırmanın, diplomatik hazırlığın, milli ruhun və siyasi iradənin təntənəsi idi. 2020-ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən müharibədə Azərbaycanın qələbəsi Paşinyanın səhvlərinin yox, Azərbaycanın dövlət olaraq, xalq olaraq, liderlik olaraq öz yolunu doğru seçməsinin nəticəsidir.
Köçəryan nə qədər özünü təmizə çıxarmağa çalışsa da, "Dəmir Yumruq" onun siyasi mirasını da, ordu sistemini də, Qarabağdakı işğal planlarını da darmadağın etdi.
İndi isə Ermənistan cəmiyyətinin sualı belə olmalıdır: “Biz niyə uduzduq?” yox, “Siz bizi niyə bu qədər uzun müddət yalanla yaşatdınız?”
Musavat.com