Kommunal ödənişlərdə müəmmalı qərar

İşıq pulunu ödəmək üçün əvvəlcə zibil haqqını bağlamalısan?

Xəbər verdiyimiz kimi, “Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sisteminin yaradılması və aidiyyəti sistemlərin inteqrasiyası üzrə 2025-ci il üçün Yol Xəritəsi” təsdiqlənib.  Mayın 1-nə qədər kommunal qurumlar üzrə vahid abunəçi kodu mexanizmi yaradılması və Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin formalaşdırılması ilə bağlı konseptual sənədin hazırlanması planlaşdırılır.

Sistemin yaradılmasına rəhbərliyi həyat keçirən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən bu ilin sonuna qədər layihə ilə bağlı əsas mərhələlərin tamamlanması nəzərdə tutulur.

Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi vətəndaşların elektrik, qaz, su, internet və digər kommunal xidmətlərlə əlaqəli məlumatları bir yerdə izləməsinə, ödəniş etməsinə və problemləri həll etməsinə imkan verən rəqəmsal platformadır. Amma bu, həm də yeni texniki və hüquqi mexanizmlər deməkdir. Burada hansısa ödəmədən yayınma çətin olacaq. Çünki dövlət səni kommunal haqqa görə vahid borclu kimi tanıyacaq. Bu çərçivədə bir neçə sual aktuallaşır. Məsələn, bir vətəndaş işıq pulunu 20, qaz pulunu isə 10 gün gecikdirib. Bu halda borcun ödənilməsi zamanı hansı xidmətə üstünlük veriləcək? Sistem bu ardıcıllığı necə müəyyənləşdirəcək? Yaxud əgər vətəndaş zibil daşıma və ya istilik xidmətlərinə görə borcludursa, amma işıq pulunu ödəmək istəyirsə, buna icazə veriləcəkmi, yoxsa əvvəlcə digər borcları qapamalıdır? Bu mexanizmin necə işləyəcəyi ilə bağlı ekspertlərə müraciət etdik. 

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli deyir ki, yeni sistemlə bağlı kifayət qədər publik açıqlamalar yoxdur. Rəsmi qurumlar buna aydınlıq gətirməlidir: “Hazırkı mövcud qanunvericiliyə görə kommunal xidmət göstərən dövlət şirkətləri ödənişin vaxtı keçdikdə xəbərdarlıq edirlər, ondan 10 gün sonra isə kommunal xidmətləri məhdudlaşdırırlar. Yeni yaradılmış quruma gəldikdə isə qanunvericilik bazası dəyişməyibsə, necə işləyəcəkləri sual doğurur. Nazirlər Kabinetinin yeni qaydaları təqdim edilməli və vətəndaş həmin qaydalara uyğun öz xərclərini ödəməlidir. Hazırda müvafiq qaydalara görə təbii inhisarçıların əlində böyük səlahiyyət var. Yeri gəlmişkən, belə bir yeni sistem yaradılırsa, vətəndaşlarla fərdi müqavilələrin bağlanması prinsipinə də keçmək lazımdır. Bir vətəndaş və istehlakçı kimi məsuliyyətimiz var, amma qarşı tərəfin heç bir məsuliyyəti yoxdur. Biz pulu ödəyə bilmiriksə və yaxud da gecikdiririksə, bizim məsuliyyət yaranır. Zamanla göstərilən xidmətin keyfiyyəti ilə bağlı problem yaşanırsa və kəsintilər olursa, qarşı tərəf buna görə məsuliyyət daşıyırmı? Təəssüf ki, yox.  Çünki Azərbaycanda kommunal xidmətlərlə bağlı fərdi müqavilələr prinsipi yoxdur. Yaxşı olardı ki, bu, qarşılıqlı olsun, fərdi müqavilələr prinsipinə keçirilsin. Vətəndaş nə qədər məsuliyyət daşıyırsa, əlaqədar dövlət şirkətləri də eyni qaydada vətəndaşın qarşısında məsuliyyət daşısın. Keyfiyyətlə bağlı problem olanda, yaxud da onların fəaliyyətinə görə vətəndaşa ziyan dəyəndə şirkətlər hansı məsuliyyəti daşıyırlar? İndiki qanunvericilikdə yeganə yol məhkəmə ilə hansısa kompensasiya almaqdır. Bu, nadir hadisədir. Demək olar ki, vətəndaşlar heç vaxt bundan istifadə etmirlər.

Yeni sistem məsələsi maraqlı təşəbbüsdür, lakin hələ tamamlanmasına ehtiyac var. Kifayət qədər ciddi qanunvericilik bazasının və Nazirlər Kabinetinin qaydalarının dəyişdirilməsinə, fərdi müqavilələr məsələsinin gündəmə gəlməsinə ehtiyac var.  Vətəndaş məsuliyyəti tək daşıya bilməz. Əlaqədar dövlət qurumları da bu məsələdə aktivlik göstərməlidir".

Ekspert dedi ki, yeni sistem məntiqlə eyni mərkəzdən effektiv idarəetmə mexanizmlərinin yaradılmasına  cəhddir: “Bu, pərakəndəliyin aradan qalxmasına səbəb olacaq. Lakin effektli olması üçün qaydaların şəffaf şəkildə elan olunmasına ehtiyac var”.

Elvin Abbasov: “Starlink” peykinin Azərbaycanda bərqərar olması ölkənin  cəlbediciliyini ortaya qoyur”

Elvin Abbasov 

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov kommunal xidmətlərin bir platformadan idarə olunmasını müsbət qiymətləndirib:  “Kommunal xidmətlərin vahid formada bir platformadan idarə olunması o deməkdir ki, Azərbaycanda bu sahədə dövlət qurumlarının vətəndaşla münasibəti bir nöqtədə rəqəmsal formada tərtib olunacaq. Vətəndaş öz məlumatları və borcu ilə hər an rahatlıqla tanışa biləcək, ödənişini edəcək. Ödəniş bir dəfəyə və ya mərhələli ola bilər. Vahid kod yazılanda hər bir sərfiyyat üzrə ayrı-ayrı borclarını görəcək. Vətəndaşın hər hansısa etirazı varsa, sistem üzərindən bildiriş göndərəcək. Vətəndaşın bütün məlumatları şəffaf olacaq. Buna qədər vətəndaşın qaz borcu bir ünvana, işıq borcu isə digər ünvana göndərilirdisə, indi buna bənzər problemlər aradan qalxacaq. Sistemdə şəxslərin adları ilə bağlı olan yanlışlıqlar da aradan qaldırılacaq, məlumatlar dürüstləşəcək. Növbəti mərhələdə ağıllı sayğaclardan istifadə olunacaq və müxtəlif dövrlərdə oradan sərfiyyatlar avtomatik olaraq yenilənəcək. Məsələn, ağıllı qaz sayğacı məlumatı özü birbaşa sistemə ötürəcək”.

İslahatlara mane olan qüvvələr kimlərdir? (Elçin Rəşidov) - ARB24 (Gündəm)

Elçin Rəşidov

İqtisadçı Elçin Rəşidov açıqlamasında bildirib ki, Vahid İnformasiya Sisteminin yaradılması mütərəqqi addımdır. Onun sözlərinə görə, bu sistemlə vətəndaşın bütün borcları bir nöqtədə toplanır və ödəniş işləri asanlaşır: “Kommunal xidmətlərin vətəndaşlara çatdırılmasının son mərhələsi özəlləşdirilməlidir. Yeni sistem bunun qarşısını alacaqsa, o zaman artıq mütərəqqi addım olmayacaq. Vətəndaş toplam borcunun bir hissəsini ödəyəcəksə, ödənilən məbləğin hansı borca yönələcəyi şirkətlərin arasında olan məsələdir. Əslində vətəndaşın borcu qurumlar arasında proporsional bölünə bilər. Digər qayda isə belə ola bilər ki, ilk borcu hansı quruma yaranıbsa, onun borcu çıxılsın. Yaxud da son borc hansı xidmətə görə yaranıbsa, onun ödənişinin edilməsi ilə başlaya bilər. Üç qaydadan birinin təyin edilməsi zəruridir. Çünki qaydalar müəyyən olunandan sonra özəl şirkətlər rahatlıqla həmin sistemə qoşula bilərlər.

Vətəndaşlar bəzi kommunal xidmətlər üzrə smart tipli sayğaclardan istifadə edirlər. Bu zaman ödəniş öncədən tələb olunur. Buna görə də borc yaranmır. Əksinə, şirkətin vətəndaş qarşısında öhdəliyi yaranır. Elə etmək lazımdır ki, Vahid İnformasiya Sistemi smart sistemlərlə uyğunlaşa bilsin. Smart sistem borc yaratmır, lazım gələrsə, digərləri də smart sistemə keçə bilər. Vahid İnformasiya Sisteminin çatışmayan cəhətlərindən biri də o olacaq ki, digərləri kimi onun da qurumu olacaq. Həmin qurum ölkə iqtisadiyyatı üçün əlavə fiskal yük yaradacaq.  Bu da iqtisadiyyat üçün itki deməkdir".

Fərhad Mirəliyev: Siz elə bilirdiniz ki, bu razılaşmaya qədər Whatsapp  istifadəçi məlumatı toplamırdı?

 Fərhad Mirəliyev

İT mütəxəssisi Fərhad Mirəliyev deyir ki, ödənişlər qurumların bank hesablarına ediləcək: “Ödənişi vətəndaş hansı istiqamətdə ödəyirsə, həmin xidmətin bank hesabına oturacaq. Ödəniş zamanı kommunal xidməti seçmə imkanınız olacaq. Məsələn, işığa görə ödəniş edirsinizsə, bu, su pulunun balansına yazıla bilməz. Hər kommunal xidmətin öz hesabı olacaq. Bütün ödənişlər birgə olsa, qurumların balansı bir-birinə qarışar. Xidmətlər vahid portalda birləşdiriləcək və mərkəzləşdirilmiş şəkildə vətəndaşa təqdim ediləcək”.    

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

02.05.2025 10:05
2351