Hazırda dünyanın müxtəlif bölgələrində - qlobal, regional və yerli səviyyələrdə - bir çox ciddi gərginlik və münaqişə ocaqları mövcuddur.
Son iki ayda müxtəlif regionlarda alovlanan münaqişələr, artan nüvə təhdidləri və diplomatik böhranlar həm regional, həm də qlobal sabitliyə ciddi təzyiqlər göstərib. İlk olaraq 2025-ci ilin iyul ayında Konqonun Rutshuru bölgəsində M23 silahlı qruplaşması tərəfindən törədilən hücumlar nəticəsində ən azı 319 mülki vətəndaş qətlə yetirilib. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi. BMT bu hücumu “soyqırım potensialı daşıyan” bir akt kimi qiymətləndirib. Bu hadisədən sonra Qətərdə keçirilən danışıqlarda tərəflər arasında atəşkəs əldə edilib. Lakin M23-in strateji ərazilərdən geri çəkilməsi və sülh prosesinə sadiqliyi hələ də ciddi suallar doğurur. 27 iyulda Konqonun Komanda şəhərində Saint Anuarite kilsəsinə edilən silahlı basqın nəticəsində 43-50 mülki şəxs həyatını itirib. Hücumun arxasında İslam Dövləti ilə əlaqəli ADF-Baluku qruplaşmasının dayandığı bildirilib. Bu hücum ölkədəki dini icmalar arasında narahatlığı daha da artırıb.
Sudanda 2023-cü ildən bəri davam edən vətəndaş müharibəsi ölkəni humanitar fəlakətə sürükləməkdə davam edir. İyul-avqust aylarında yeni kütləvi hadisələr qeydə alınmasa da, 14 milyondan çox insan evini tərk etmiş, 150,000 nəfərdən çox insan isə həyatını itirmiş vəziyyətdədir. Hazırda aclıq və epidemiyalar bölgədə yayılmaqda davam edir. 2025-ci ilin yay aylarında İsrail və Qəzza zolağında hərbi əməliyyatların intensivliyi əvvəlki dövrlərlə müqayisədə azalsa da, vəziyyət hələ də qeyri-sabitdir. Qəzzada aclıq və infrastruktur dağıntıları davam edir. Suriya daxilində, xüsusən də Suveyda bölgəsində dini və etnik qruplar arasında gərginliklər ara-sıra yenidən alovlanır.
İyulun sonlarında və avqustun əvvəlində ABŞ iki nüvə sualtı qayığını Rusiyaya yaxın əraziyə göndərib və Prezident Donald Tramp “nüvə müharibəsinə tam hazır olduqlarını” bəyan edib. Bu addım Rusiya tərəfindən təxribat kimi qiymətləndirilib. Cavab olaraq, Rusiya 1987-ci ildə imzalanmış INF (Orta Menzilli Nüvə Silahları) müqaviləsindən çıxdığını açıqlayıb. Bu isə yeni nüvə silahlanması yarışının başlanması təhlükəsini artırır. Ekspertlər 2026-cı ildən sonra nüvə müharibəsi riskinin daha real olacağını proqnozlaşdırırlar.
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik gömrük rüsumları tətbiq edəcəyinə söz vermişdi. Avqustun 8-i, yəni bu gün həmin vədə bitir. Bəs nəticə necə oldu?
Aqşin Kərimov
Siyasi analitik Aqşin Kərimov “Yeni Müsavat”a bu barədə şərh verərkən bildirib ki, Donald Trampın Vladimir Putinə vaxt limiti qoymasından sonra ABŞ Rusiyaya yaxın ərazi sularında iki atom sualtı gəminin yerləşdiriləcəyini bəyan edib: “ABŞ-ın bu addımı Rusiyanı müharibə məqsədlərindən çəkindirmir, lakin Kreml ekstremal vəziyyətlərə uyğun davranmaq məcburiyyətində qalır. Kreml Trampın sualtı qayıqları yerləşdirmək qərarına cavab vermək üçün ehtiyatlı ritorik çərçivədən istifadə edir. Kremlə görə, Trampın bu qərarı daha çox ‘emosional’ xarakter daşıyır. Ehtimal olunur ki, ABŞ-ın bu addımı Rusiya üçün birbaşa təhlükə yaratmır. Lakin Ukrayna müharibəsinin həllində Vaşinqtonun çəkindirici səyləri Moskvanı qıcıqlandırır. Digər tərəfdən isə Rusiya Trampın bu mövqeyini uzlaşma siqnalı kimi qiymətləndirir.
Bu xəbərdarlıqlardan sonra Trampın Yaxın Şərq üzrə elçisi Stiv Uitkofun avqustun 6-da Putinlə görüşü yeni perspektivləri üzə çıxarır. Birincisi, Tramp yaxın həftələrdə həm Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır. İnformasiya lentlərinin təhlili bunu deməyə əsas verir. İkincisi, Donald Tramp Ukrayna məsələsində Rusiya ilə müəyyən razılaşmalar müqabilində Yaxın Şərqdə güzəştlər əldə etməyə çalışacaq. Üçüncüsü isə danışıqlar baş tutmasa və ya nəticəsiz qalarsa, ABŞ Ukraynaya hərbi dəstək paketini gücləndirəcək və eyni zamanda Rusiya daxilində kəşfiyyat imkanlarını genişləndirmək istiqamətində addımlar atacaq".
Onu da qeyd edək ki, qlobal ticarət gərginlikləri də artmaqdadır. Donald Tramp administrasiyası tərəfindən avqustun 6-da Hindistandan idxal olunan mallara əlavə 25% vergi tətbiq olunub. Bu qərar artıq Çinə, Tayvana və digər Asiya ölkələrinə qarşı tətbiq edilən ticarət tariflərinə əlavə kimi qəbul edilib. Tramp bu addımı “Amerikanın strateji iqtisadi təhlükəsizliyini qorumaq” məqsədilə atdığını bildirsə də, qlobal bazarlarda ciddi narahatlıq yaradıb.
Nəticə etibarilə deyə bilərik ki, son bir ayda dünyada baş verən münaqişələr və diplomatik böhranlar göstərdi ki, qlobal sabitlik ciddi təhdid altındadır. Afrika, Yaxın Şərq və Asiya regionlarında baş verən qarşıdurmalar artıq lokal deyil, qlobal nəticələr doğura biləcək səviyyədədir. Xüsusilə ABŞ və Rusiya arasında artan nüvə gərginliyi, eyni zamanda Tramp-Putin görüşünün nəticələri dünyanın gələcək taleyini müəyyən edə biləcək strateji məqamlar kimi dəyərləndirilir. Belə bir dövrdə beynəlxalq təşkilatların və böyük güclərin koordinasiyalı və rasional davranması həyati əhəmiyyət kəsb edir.
Afaq MİRAYİQ