Milli Mətbuatın 150 illiyi münasibətilə ADSEA-dan media nümayəndələrinə dəyərli jest 

Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu şərəfli və əzəmətli yolun 150 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ölkənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş təşkil edib.

Musavat.com xəbər verir ki, görüşdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər, redaktorlar və analitiklər bir araya gələrək həmrəy atmosferdə bir-birini təbrik ediblər.

ADSEA-nın rəhbər heyəti çıxış edərək Azərbaycan Milli Mətbuatının ölkənin ictimai-siyasi və ekoloji həyatındakı əvəzsiz rolunu vurğulayıb. Bildirilib ki, media yalnız informasiya ötürücüsü deyil, eyni zamanda cəmiyyətin aynası, ictimai rəyin formalaşmasında mühüm vasitədir.

Xüsusilə su ehtiyatlarının idarə olunması, iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf kimi strateji sahələrdə medianın maarifləndirici və nəzarətedici funksiyasının əhəmiyyəti qeyd olunub. Agentlik rəhbərliyi vurğulayıb ki, şəffaflıq və ictimaiyyətin düzgün məlumatlandırılması məhz medianın fəal iştirakı ilə mümkündür.

Tədbir mehriban və səmimi mühitdə keçib. ADSEA nümayəndələri media təmsilçilərinə təşəkkür edərək onların ictimai maraqları qorumaq istiqamətində göstərdikləri peşəkar fəaliyyəti yüksək qiymətləndiriblər.

Xalidə Gəray
Musavat.com

19.07.2025 21:36
620