Minalarla bağlı Azərbaycana dəstək vədləri - sözdən işə keçmək zamanı

Ölkənin daha çox nəyə ehtiyacı var - mütəxəssisə, robota, itlərə, yoxsa..?

İşğaldan azad edilən torpaqlarımıza “Böyük qayıdış” planı çərçivəsində böyük inşa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz yurd yerlərinə dönüşü davam edir. Əfsus ki, bu prosesə ən böyük əngəl ərazilərin minalarla çirklənməsidir. Təəssüf ki, bu olduqca bahalı işi də Azərbaycan dövləti müstəsna olaraq öz imkanları və resursları hesabına görmək zorundadır.

“ATƏT Azərbaycanda minatəmizləmə prosesinə töhfə verməyə hazırdır”. Bu sözləri ötən həftəsonu ATƏT-in baş katibi Feridun Sinirlioğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Bundan bir neçə gün öncə isə Prezident İlham Əliyevin Pekin səfəri zamanı Çin də bu işdə ölkəmizə kömək vəd edib. Həmçinin ötən həftə Bakıda olan Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Aİ adından eyni dəstəyi vəd edib.

Bəs həm ATƏT-in və Aİ-nin, həm də Çinin köməyi konkret nədən ibarət ola bilər? Azərbaycanın hazırda daha çox nəyə ehtiyacı var - mütəxəssisə, robota, itlərə, yoxsa..?

Emin Həsənli: Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola bilməz  - MÜSAHİBƏ

Emin Həsənli 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi icmalçı Emin Həsənli “Yeni Müsavat”da çox vacib məqamlara toxundu: “Təəssüflər olsun ki, ATƏT heç bir vədi yerinə yetirmir. ATƏT vaxtında münaqişəni həll etsəydi, Azərbaycan məcburi köçkünləri bu qədər ağır həyat yaşamazdılar. Eyni zamanda iqtisadiyyatımıza bu qədər ağır zərbə dəyməzdi. ATƏT-in həmsədr ölkələrindən heç biri üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədilər. BMT Təhlükəsizlik Şurasının qərarları da yerinə yetirilmədi. Nəticədə bunu Azərbaycan dövləti yerinə yetirdi. Vətən müharibəmizdən sonra dövlətimiz əraziləri minalardan təmizləyir, bərpa-quruculuq işləri aparır. İndi bəs ATƏT  niyə hələ də konkret addımlar atmayıb? Bunlar, sadəcə, təəssüf doğurur. Yaxud ATƏT niyə Ermənistana qarşı qərarlar qəbul etmir? Dövlətləri Ermənistanı təcavüzkar ölkə kimi tanımağa çağırmır. Ermənistan ərazilərimizi 2020-ci ildən sonra da çirikləndirib. Özləri etiraf edirlər ki, təkcə Ağdam və Füzulidə 97 min mina basdırıblar. Düzdür, onun 75 faizdən çoxu yanlış çıxdı. Amma Ermənistana sual vermək lazımdır ki, ərazilərimizi niyə bu qədər çirkləndirib”.

Əli Orucov: “Siyasi təşkilatların xaricdən maliyyə dəstəyi alması  yolverilməzdir”

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov isə ümidli danışdı: “Ermənistanın 30 illik işğalı dönəmində Azərbaycan əraziləri minalarla, partlayıcı maddələrlə və döyüş sursatları ilə çirkləndirilib. Faktiki olaraq 20 faiz işğal altında olmuş ərazilər bu səbəbdən riskli və təhlükəli ərazilərə çevrilib. 44 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasında humanitar məsələlərlə bağlı, o cümlədən minalanmış ərazilərin xəritələrinin Bakıya verilməsi barədə müzakirələr aparılsa da, ilkin müəyyən razılaşmalar əldə edilsə də İrəvan bundan hər dəfə imtina edir, razılaşmaları pozur. Azərbaycanın müharibədə əsir düşmüş erməni hərbçiləri böyük humanistlik edərək Ermənistana tam təhvil verməsindən sonra da Paşinyan hakimiyyəti mina xəritələrini təqdim etməkdən yayındı. Verdiyi xəritələr də səhih olmadı. Bu da nəticə etibarı ilə Azərbaycanı minaların təmizlənməsi ilə bağlı çətin vəziyyətə saldı. Təəssüflər olsun ki, Ermənistanın ucbatından müharibədən sonra yüzlərlə Azərbaycan vətəndaşı mina qurbanı olaraq həyat və sağlamlıqlarını itirib. Minalı və döyüş sursatları və partlayıcı maddələrlə ərazilərin çirkləndirilməsi tikinti-quruculuq işlərinə də, məcburi köçkünlərin yenidən  məskunlaşma prosesinə də mənfi təsir göstərir. Bu sahədə göstərilən fəaliyyəti ləngidir. Təəssüflər olsun ki, minatəmizləmə işlərini Azərbaycan təkbaşına görür. Halbuki bunu həyata keçirmək ağrılı olmaqla yanaşı, böyük maliyə, maddi və texniki vasitələr tələb edir. ATƏT, Aİ, Çin kimi güclərin minatəmizlənməsi ilə bağlı böyük potensialı, imkanları və təcrübəsi var. Əgər verdikləri sözlərin üzərində dursalar minaların ərazilərdən təmizlənməsi ilə bağlı göstərilən fəaliyyət sürətlənir və bu da infrastrukturun yaradılmasında tikinti-quraşdırma, abadlıq və məskunlaşmanın surətini artırmış olardı. İndi yaxşı fürsət düşüb, Bakı İrəvanı məcbur etməlidir ki, mina və partlayıcı qurğularla çirkəndirilmiş ərazilərin təmizlənməsinə beynəlxalq ictimaiyyətin diqqətini geniş şəkildə cəlb edərək, bu məsələnin də həllinə nail ola bilsin. Hər halda, ümid edirəm ki, ATƏT, Aİ, Çin və digər təşkilat və ölkələr problemin dərinliyini və ciddiliyini nəzərə alaraq əməli fəaliyyətə keçəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

29.04.2025 09:28
360