OPEC+ razılaşmasının 8 üzvü sentyabrdan gündəlik hasilatı 548 min barel artırmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, məlumatı İnterfaks agentliyi yayıb. Bildirilir ki, 2023-cü ildə bu ölkələr könüllü şəkildı OPEC+ alyansı çərçivəsində öz kvotalarına əlavə olaraq gündəlik hasilatı 2,2 milyon barel azaldıb. 2024-cü ilin sonunda BƏƏ üçün istinad hasilat səviyyəsinin sutkada 300 min barel artırılması barədə qərar qəbul edilib.
2025-ci ilin aprelindən etibarən ölkələr bu məhdudiyyətləri aradan qaldırırlar: apreldə - 138 min barel, may-iyun-iyun aylarında - hər ay 411 min barel, avqustda - 548 min barel. Beləliklə, məhdudiyyətlərin qalan həcmi sutkada 548 min barel təşkil edir.
Müzakirələrin hansı qərarla bitəcəyi hələ aydın deyil. Bir gün əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak Ər-Riyadda olub və həmkarı, Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salmanla neft bazarındakı vəziyyəti müzakirə edib.
Səkkiz ölkənin neft hasilatında həm də 2026-cı ilin sonuna qədər qüvvədə olan 1,65 milyon barellik məhdudiyyət var. Bu məhdudiyyətlərin taleyi ilə bağlı da hələlik aydınlıq yoxdur.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ukrayna məsələsində sülh danışıqlarına başlamayacağı təqdirdə Rusiya neftini alan ölkələrə qarşı 100 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb. İyulun 29-da o, sanksiyaların həmin gündən etibarən 10 gün keçdikdən sonra tətbiq olunacağını açıqlayıb. Bundan sonra Hindistanın dörd ən böyük neft emalı zavodu Rusiya neftinin alışını dayandırıb. Tramp sanksiyaları tətbiq edərsə, bazardan böyük həcmdə Rusiya neftinin çıxacağı gözlənilir. Bu isə təklifi azaltmaqla qiymətləri yüksəldə bilər. Lakin əksər analitiklərə görə, OPEK və ondan kənar ölkələrin yaranacaq çatışmazlığı qısa müddətdə aradan qaldırmaq imkanları var.
Musavat.com