Rusiyanın paytaxtı Moskvada ana ilə qızının cəsədinin tapılması böyük rezonans doğurub. Bununla belə hadisə ölkə tarixində özünü “Yeltsinin sanitarı” adlandıracaq qatil rieltorun ilk “işi” olmayıb.
Aleksandr Murlev 31 mart 1971-ci ildə sovet ordusu zabitinin ailəsində anadan olub və onun atası Qərb qüvvələr qrupunun əks-kəşfiyyat qərargahında xidmət edib. Murlevlər ailəsi 1980-ci illərin sonlarında Moskvaya qayıdıb. Aleksandr tibb fakültəsini bitirdikdən sonra orduda xidmət etməyə gedib və burada hərbi xəstəxanada feldşer vəzifəsinə təyin edilib.
Lakin gənc həyatını tibbə həsr etməyi planlaşdırmayıb. O, jurnalist olmaq istəyib və tərxis olunduqdan sonra sənədlərini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə təqdim edib, müsabiqədən keçə bilməyib. Ancaq o, ümidsizliyə qapılmamaq qərarına gəlib və birdən-birə üç paytaxt qəzetində - “Novoye Vremya”, “Delovaya Rossiya” və “Veçerniy Klub”da ştatdankənar müxbir kimi işə düzəlib.
Murlev işinə görə müxtəlif yerləri gəzib və bir anda ona paytaxt kazinolarından birinin işi haqqında reportaj hazırlamaq tapşırığı verilib. Kazinoya baş çəkdikdən sonra gənc həvəskar qumarbaza çevrilib. Murlev əvvəlcə bütün maaşını kazinoda uduzub, sonra isə tez-tez olduğu kimi, borca girib və ümidsizliyə qapılıb.
Borcların ümumi məbləği o qədər böyük olub ki, gənc onları qanuni yolla qaytarmağı qeyri-mümkün hesab edib. Odur ki, tez-tez daşınmaz əmlakın özəlləşdirilməsi haqqında yazan jurnalistin ağlına yeni fikir gəlib. Jurnalist təcrid olunmuş insanları tapmaq, onlardan daşınmaz əmlak üçün etibarnamə almaq, sahibləri ilə razılaşmaq, sonra isə mənzillərini satmaq istəyib.
Odur ki, düşündüyünü reallaşdırmaq üçün Moskva mağazasının yaxınlığında Pyotr Jeleztsovla tanış olub. O, spirtli içki aludəçisini evinə dəvət edib. Eyni zamanda, Jeleztsov tənha olduğunu gizlətməyib və bununla da öz ölüm fərmanını verib. Yeni tanışı Pyotru mənzilini yaxşı qiymətə satmağa və daha təvazökar bir yer almağa inandırıb.
Alkoqolik bu təklifdən məmnun qalıb və o, hər şeyi təşkil edəcəyinə söz verən Murlevin adına etibarnamə imzalamağa razı olub. Etibarnaməni alan Aleksandr arağa klonidin əlavə edib və Pyotrun ürəyinə bıçaq zərbəsi endirib. Murlev cəsədi ədyala bükərək onu Rostov sahilinə aparıb Moskva çayına atıb. Bir müddət sonra yoldan keçən iki nəfər dəhşətli tapıntı ilə qarşılaşıb və hadisə yerinə milis çağırıb. Lakin jurnalistin bu planı öldürülən şəxsin qardaşının ortaya çıxması ilə puç olub.
İlk qətlindən sonra Murlev yenidən “ova” çıxıb və paytaxtın marginal əhalisinin toplaşdığı yerdə Vladimir Troşinlə tanış olub. Külli miqdarda pul sahibi olmaq perspektivi Troşinin xoşuna gəlib və “Oktyabrın 60 illiyi” prospektindəki evi üçün Murlevə etibarnamə verib.
Murlev və Troşin qarşıdan gələn gəlirli sövdələşməni Vladimirin həyat yoldaşı Vinokurova ilə birlikdə qeyd etmək qərarına gəliblər. Ancaq ziyafət cütlük üçün ölümcül olub. Qatil jurnalist hər iki şəxsin cəsədini quyuya atıb. 1993-cü ilin iyulunda Murlev eyni sxemdən istifadə edərək Sidorov adlı tənha moskvalını aldadıb. Ondan mənzil üçün etibarnamə alan cinayətkar mətbəx baltası ilə paytaxt sakininə ölümcül zərbələr endirib.
Murlev öldürdüyü bütün şəxslərin (Jeleztsovdan başqa) mənzillərini uğurla satmağı bacarıb. Ona paytaxt notariusunda 10 illik təcrübəsi olan keçmiş prokuror və hakim kömək edib. Müəyyən məbləğ qarşılığında o, Murlevin gətirdiyi bütün etibarnamələri təsdiqləyib və bununla da cinayətkara mənzilləri satmaq imkanı yaradıb.
Bir müddət sonra qatil Şelepixinski şossesinin yaxınlığında ayrı-ayrı mənzillərdə yaşayan ana və qızı ilə tanış olub. Evdar qadınları huşunu itirənə qədər sərxoş vəziyyətə salan Murlev onları boğaraq öldürüb, sonra isə cəsədləri 3-cü Magistralnaya küçəsindəki istilik xətləri üçün nəzərdə tutulan quyuya atıb. Təcili yardım xidmətləri onları çıxarmağa vaxt tapmamış, ertəsi gün cinayətkar yeni qurbanı, yerli sakin Aleksandr Bulanenkovu eyni yerə atıb.
İstintaqın aparılmasına gözlənilmədən Aleksandr Bulanenkovun qonşuların sayıqlığı kömək edib. Murlev mərhumun mənzilini daşınmaz əmlak şirkəti vasitəsilə satmağa çalışıb, lakin qonşular nəyinsə səhv olduğundan şübhələniblər və milisə müraciət ediblər. Agent saxlanılıb, şirkət direktoru isə tezliklə dindirilib.
Müstəntiqlərin tələbi ilə direktor Murlevlə əlaqə saxlayıb və guya mənzilə müştəri olduğu üçün onunla görüşmək istəyib. Görüş Belorusski dəmiryol vağzalına təyin edilib. Murlev milisləri görəndə çaşqınlıq içində olub və müqavimət göstərməyib. Əvvəlcə qatil rieltor üç cinayətdə ittiham olunsa da, istintaq zamanı dedektivlər onun daha beş qətl törətdiyini müəyyən ediblər.
“Mən Yeltsinin sanitarıyam” deyən təqsirləndirilən şəxs cinayət törətməklə ölkəyə xeyirxahlıq etməyə çalışdığını, bu ölkəni marginal insanlardan, alkoqoliklərdən təmizlədiyini bildirib.
Qatil rieltorun 10-a yaxın insanı öldürdüyü məlum olub. Güllələnmə cəzasına məhkum edilən Murlevin bəxti gətirib. Ölkədə moratoriumun tətbiqindən sonra ona ömürlük həbs cəzası verilib. 1996-cı ildən Murlev Solikamsk şəhərindəki (Perm diyarı) “Ağ qu quşu” cəzaçəkmə koloniyasındadır. O sonuncu müsahibələrinin birində deyib: “Təbii ki, ömürlük həbs cəzasının bağışlanması mümkün deyil. Ancaq bir çoxumuz ölmədən əvvəl buradan çıxmağa ümid edirik”.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün