Pezeşkian, Netanyahu, Ərdoğan... - Bakıda barış rüzgarları

Azərbaycan qarşı-qarşıya duran tərəflərin etibar etdiyi mərkəz rolunda

İran Prezidenti Məsud Pezeşkianın Bakıya səfərinin reallaşdığı gün İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinin vaxtı açıqlanıb. “The Times of Israel” yazır ki, baş nazir mayın 8-də Bakıya səfər edəcək, bu gün prezident İlham Əliyevlə danışıqlar aparacaq, yəhudi icmasının nümayəndələri ilə görüşəcək. Səfər zamanı Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.

İsrail baş nazirinin səfərindən sonra may ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri gözlənilir. Lakin formal olaraq iki səfər arasında heç bir əlaqə yoxdur. Türkiyə mənbələri xəbər verir ki, Ərdoğan ikitərəfli hökumətlərarası komissiyanın iclasında iştirak etmək üçün Azərbaycan paytaxtına səfər etmək niyyətindədir.

Məlumdur ki, Azərbaycan müttəfiqi Türkiyə ilə yaxın tərəfdaş İsrail arasında mövcud gərginliyin yumşaldılmasına öz yardımını təklif edib. Bir neçə gün əvvəl Bakıda İsrail və Türkiyə nümayəndələri arasında Suriyada tərəflər arasında toqquşmaların qarşısının alınması mexanizminin yaradılmasına həsr olunmuş görüş keçirilib.

Qeyd olunur ki, Ankara ilə Təl-Əviv arasında siyasi gərginliyin azaldılması ilə bağlı danışıqlar hələlik aparılmayıb. Türkiyənin belə danışıqlara başlaması İsrailin Qəzzada əməliyyatlarını dayandırmasıdır.

Bu səfərlər Azərbaycanın bölgədə  önəmli rola malik ölkə olduğunun növbəti təsdiqidir. Ekspertlər hesab edir ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Azərbaycan Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşmasında İsrailin iştirakında maraqlıdır. Bu isə Yaxın və Orta Şərqdə İranla geosiyasi qarşıdurmanın artması fonunda  İsraili qane edir. Eyni zamanda İsraillə strateji tərəfdaşlıq Azərbaycana təhlükəsizlik zəmanəti yaradır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artdığını nəzərə alsaq, rəsmi Bakı ilə əlaqələri dərinləşdirmək İsrail üçün də İran üçün də çox vacibdir. Türkiyə isə hər bir halda Azərbaycana qardaş ölkə və ən yaxın müttəfiqdir.

Azərbaycanın “İbrahim sazişləri”nə qoşulacağına dair yayılan məlumatlar İsrailin İslam aləmində tərəfdaşlarının sayını artırmaq baxımından mühüm addım ola bilər. Böyük ehtimalla, Netanyahunun Bakıya səfəri zamanı bu məsələyə də aydınlıq gətiriləcək. Qeyd edək ki, həm İslam dünyasının, həm də Yaxın Şərqin ən böyük dövlətlərindən biri Türkiyədir.  Hazırda İsraillə münasibətləri gərgin olan Türkiyə deyildiyi kimi, Azərbaycanın müttəfiqidir. Azərbaycan isə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının qurulmasında həm Türkiyənin, həm də İsrailin iştirakını istəyir. Bu baxımdan, Azərbaycanla əlaqələr hər iki ölkə üçün ortaq sülh və əməkdaşlıq platforması rolunu oynaya bilər. Son vaxtlar Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında təhlükəsizlik, müdafiə sahəsində münasibətlərin normallaşmasına dair danışıqların aparılması bunu bir daha təsdiq edir.

Netanyahunun Bakıya səfərini zəruri edən səbəblərdən biri də çox güman ki, Yaxın Şərqdə Türkiyə ilə hərbi toqquşma vəziyyətini aradan qaldırmaq üçün Azərbaycanın vasitəçilik və tərəfdaşlıq missiyasından faydalanmaqdan ibarətdir.

İsraili cəlb edən digər səbəb Azərbaycanın  bölgədə geoiqtisadi rolunun artması ilə izah oluna bilər. Hazırda Azərbaycanın Çin-Mərkəzi Asiya-Cənubi-Qafqaz-Avropa nəqliyyat və ticarət yolunun üzərində əsas dəhliz rolu oynaması, görünür, İsrailin də diqqətini cəlb edib. Orta dəhlizin Şimal-Cənub nəqliyyat dəhlizi ilə kəsişməsində yerləşən dost Azərbaycanla münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmaq İsrail üçün həm siyasi, həm də iqtisadi divident gətirə bilər.

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm)

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan özünün yerləşdiyi coğrafi məkanın strateji əhəmiyyətindən çox gözəl istifadə etməklə və həm də özünün xarici siyasətini balanslaşdırmaqla dünyada öz nüfuzunu artıran ölkələr sırasındadır: “Azərbaycanın nüfuzunu artıran yalnız onun strateji coğrafi mövqeyi, zəngin enerji resursları deyil, eyni zamanda Azərbaycanın bir dövlət kimi etibarlı tərəfdaş statusunu qazanmasıdır. Bunu artıq dünyanın demək olar ki, böyük gücləri və dövlətləri xüsusi qeyd etməkdədir. Məhz Azərbaycanın etibarlı tərəfdaş rolu və strateji mövqeyi Azərbaycanı daha cəlbedici etməklə yanaşı, eyni zamanda Azərbaycanı müxtəlif beynəlxalq toplantıların keçirildiyi məkana çevirib. Bununla yanaşı, Bakı son illər qarşı duran müxtəlif tərəflərin həm də görüşlərinin keçirildiyi format rolunu oynamaqdadır. Son günləri nəzərə alsaq, Azərbaycan Prezidentinin Çinə səfəri və orada çox yüksək səviyyədə qarşılanması, İran Prezidentinin Azərbaycana səfəri, ardınca İranın düşmən gördüyü, Azərbaycanınsa əsas tərəfdaşlarından biri olan İsrail baş nazirinin Bakıya gözlənilən səfəri, onun ardınca Türkiyə Prezidentinin Azərbaycana səfərinin olacağı onu göstərir ki, əslində bir-birinə qarşı duran bu dövlətlərin həm rəhbərləri, həm də cəmiyyətləri Azərbaycandan onlara qarşı yönələcək hansısa bir addımın olmayacağına tam əmindir. Azərbaycan bundan sonra da hansısa bir qonşusuna qarşı öz ərazisindən istifadəyə imkan vermək niyyətində deyil. Bunu hər kəs anlayır və Azərbaycanın bu cür etibarlı ölkə olmasına əmindir. Bakının həm də son dövrlər bu keyfiyyətləri vasitəçi qismində  istifadə etməsinə imkan yaradıb. Bakının vasitəçi olaraq rolu get-gedə artır. Düşünürəm ki, İran Prezidentinin səfərində həm də İsrail-İran münasibətlərinin normallaşması ilə bağlı Bakı tərəfindən müəyyən təşəbbüslər ola bilər. Çünki artıq Azərbaycanın vasitəçilik təcrübəsi var”.  

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadə bildirdi ki, İran Prezidenti Pezeşkianın Bakıya səfəri iki ölkə arasında münasibətlərin yenidən inkişafına stimul olacaq. Bu səfərdən sonra Tehran Zəngəzurla bağlı siyasətində korrektlər edə bilər: “Pezeşkianın bu səfərindən sonra bir müddət münasibətlərin normal müstəvidə davam etməsi gözlənilir. Amma İranın mühafizəkar kəsiminin Azərbaycanla siyasətində müsbət istiqamətdə dəyişiklik edəcəyi gözlənilmir. Buna baxmayaraq, iki ölkə arasında münasibətlər Məsud Pezeşkianın prezidentliyi dönəmində böhranlı vəziyyətə gəlməyəcək. Tehran başa düşməlidir ki, Azərbaycandan İrana qarşı hər hansı təhdid yoxdur.

İran Prezidentinin səfərindən cəmi 10 gün sonra İsrail bas nazirinin Azərbaycana səfəri Azərbaycanın bu ölkələr üçün önəminin göstəricisidir. Bakı bölgənin mərkəzi ölkəsi kimi qəbul olunur. Azərbaycanın bu cür mühüm mövqeyə sahiblənməsi dünyada nüfuzuna çox ciddi müsbət təsir göstərir. Dünyada ikinci belə bir ölkə yoxdur ki, 3-4 həftənin içində İran Prezidenti, İsrail baş naziri və Türkiyə Prezidenti ard-arda oraya səfər etsin.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

30.04.2025 08:00
1194