Polşa öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib

Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına xəbərdarlıq edərək, onları Rusiyaya səfər etməməyə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə idarənin X sosial şəbəkəsində dərc olunmuş rəsmi məlumatında deyilir.

Əsas səbəblər Ukraynadakı müharibə və Polşanın Rusiya hakimiyyətinin tərtib etdiyi qeyri-dost ölkələr siyahısına daxil edilməsi olub.

Xarici İşlər Nazirliyi diplomatik münasibətlərin pisləşməsi fonunda konsulluq yardımının göstərilməsinin məhdudlaşdırıla biləcəyini vurğulayıb.

“Rusiyadakı Polşa konsulluq işçilərinin sayının azalması ilə əlaqədar olaraq, Polşa vətəndaşlarına yardım göstərmək imkanları məhduddur”, - XİN-in bəyanatında deyilir.

İdarədən onu da xatırladıblar ki, regionda vəziyyət gözlənilməz olaraq qalır və bu, vətəndaşların təhlükəsizliyi üçün əlavə risklər yarada bilər.

Musavat.com

18.07.2025 14:56
246