Uşaqlarla bağlı həyəcanlı xəbərlərin sayı artır. Birini məktəbdən ayırıb ərə verirlər, başqası anasını atıb naməlum şəraitdə hansısa zorba erkəyə (üzr istəyirəm, ancaq belələrini - məktəbliyə tamah salan tipləri kişi adlandırmağa əlim gəlmir; lap istəyirsiniz bunu pafos kimi qəbul edin, vecimə deyil) qoşulub qaçır.
Son əhvalatda ananın “mənim səndən başqa heç kəsim yoxdur, qayıt gəl” deyərək ağlamasını ekrandan izləməyə ürək lazım idi. Çox kədərli, dəhşətli mənzərə idi. Hansısa Aran rayonundan gəlib Lökbatan tərəfdə, uçuq-sökük gecəqonduda kirayə (!!!) yaşayan bu zavallı ailənin darmadağın olması gözlənilən idi. İş yox, ata yox, uşaq isə məktəb yaşlı olsa da məktəbə getmirmiş. Ana “məktəbə göndərməyə imkanım yox idi” deyirdi.
Bir-birini bıçaqlayan şagirdlər haqda xəbərlər də silsilə şəkli almaqdadır. Sanarsan evdən məktəbə göndərəndə onların çantasına, cibinə dəftər-qələm, kitab-zad qoymaq əvəzinə bıçaq qoyurlar. Müəllim, sinif rəhbəri də gündəlik yerinə bıçağın ağzını yoxlayır: “Evdə valideynə göstərərsən, qanlı olub-olmadığına baxsın”.
Ən sonuncu - məktəblinin kütləvi zorlanması hadisəsi, buna görə içində anası və ögey atası da olmaqla, 4 nəfər “pəzəvəngin” (Anadoluda belə ifadə var, yəqin biz ənənəvi olaraq bu cür varlıqları “vələdüzna” adlandırmalıyıq) həbsi kasanı daşdıran hallardan biridir. Lakin kimin kasası daşacaq? Biz sosium, cəmiyyət olmağı bacarmışıq ki?
Belə hadisələrə mövqe, etiraz bildirmək yerinə bambılı adamları, düşük “ağsaqqallar”ı qoyasan elə hansısa axmaq seriala-zada etiraz eləsinlər. Bəs, sən demə, həmin kinoda bir “xalaşka”nın bunların kəndində yaşadığı söylənmişdir (nə kinonu, nə belə “ağsaqqalları” izləmədiyim üçün təfərrüatda yanıla bilərəm, üzrlü sayın). Pah. Dəhşət. Təfəkkür “sən də bizim kəndçisən”dən o yana getmirsə, insanlar bütün ölkənin, bütün xalqın dərdlərini özününkü saymırsa, orada millət yaşamır, biləsiniz. Ora mağaradır, ibtidai qəbilə-tayfa quruluşudur, hər nədirsə inkişaf etmiş insan cəmiyyəti, formalaşmış millət deyil.
Sözgəlişi, sanki Uşaq Sığınacağının müdirəsi Kəmalə Ağazadə bu cür ibtidai instinktlərin ... - şivəni ilə üz-üzə gələcəklərini gözəl anladığı üçün son hadisəyə belə şərh vermişdi: “Ailə həmin rayondan deyil, gəlmədir”.
Yəni ey həmin rayonun sakinləri, işinizdə olun, heç bir köpəyoğlunun, it balasının, cındır qızının sizin qeyrətinizə sözü ola bilməz! Rahat yatın. Hərdən o üz-bu üzə çevrilin, böyrünüz keyiməsin.
İndi mətbuatın üzərinə düşən əsas məsələ budur ki, həmin beqeyrət, benamus (bunların “bi” sözönü ilə yazıldığını bilirəm, amma sanki “be” yazanda effekti artmış olur - bunu məhəllə davalarında əyani müşahidə etmək mümkündür) ailənin rayona hansı rayondan gəldiyini araşdırıb tapsın. Budur əsas məsələ! Güman edirəm birdəfəlik o ailəni erməni elan edib söhbəti bağlasaq yaxşı olar. Bizim din-imanımızda, milli mentalitetimizdə uşaq zorlamaq yoxdur axı. “Molla Nəsrəddin” jurnalını da Soros fondu maliyyələşdirib, bunu hamı bilir.
Əlaqədar orqanlar isə eksperiment aparmaqla məşğuldur. Deyir orta məktəbləri publik şəxsə çevirəcəyik, hər uşağa bublik veriləcək. Dövlət idarə edəndə alınmadı.
Prinsipcə, eksperimentə ehtiyac yoxdur axı. Reallığı qanuna salın, bitsin getsin. Bəzi məktəbləri publik yox, hinduşkabaş şəxs də adlandırmaq olar. Özünüz mövzunu bilirsiniz.
Sonda bir fakt: uşaq sığınacağının müdirəsi həmin mərkəzdə cəmi 20 yer olduğunu, lakin qeydiyyata 44 uşaq götürdüklərini açıqlayıb. Görəsən, zorakılıqdan xilas edilən uşaqları 1 çarpayıda 2 nəfər yatmağa məcbur etmək zorakılıq növü deyildirmi?
İndi söz əlaqədar təşkilatlarındır - yazın görüm siz hansı rayondansınız?