Musavat.com xəbər verir ki, bu gün Cənubi Azərbaycanın fəxri klubu sayılan Təbrizin “Traktor” komandası Qəzvin şəhərində “Şəms Azadi” klubunun qonağı olub.
Qarşılaşma stadionda millilik və birlik ruhunun yüksək səviyyədə hiss olunduğu anlarla yadda qalıb.
İlk dəqiqələrdən etibarən üstünlüyü ələ alan “Traktor” artıq 2-ci dəqiqədə hesabı açıb, 9-cu dəqiqədə isə ikinci qolla fərqi artırıb. Qardaş komandalar arasında baş tutan bu matç əsl futbol bayramına çevrilib. Stadionun tam dolu olması və tribunaları dolduran minlərlə azarkeşin Azərbaycan milli ruhunu səsləndirməsi matçı fərqli bir atmosferə bürüyüb.
Xüsusilə də “Dağlar başı dumandır, bura Azərbaycandır!” şüarının stadionda birmənalı şəkildə səsləndirilməsi Güney Azərbaycanda milli oyanışın canlı təzahürüdür.
Qeyd edək ki, “Traktor” komandası hazırda İran çempionatında 27 turdan sonra 61 xalla lider mövqedədir. İkinci yerdə 56 xalla “Sepahan”, üçüncü yerdə isə 51 xalla “Persepolis” qərarlaşıb. Turnirin sonuna isə cəmi iki tur qalıb.
83-cü dəqiqədə “Traktor” klubu 4-cü qolu penaltidən vurub. Rəqibin oyunçusu qaydanı pozduğu üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
Musavat.com