“Rus dili təcavüz alətidir” – Ombudsman statusun ləğvini əsas vəzifəsi elan etdi

Musavat.com xəbər verir ki, Ukraynanın yeni təyin olunan dil ombudsmanı Yelena İvanovskaya rus dilinin ölkədəki hüquqi statusuna qarşı barışmaz mövqe nümayiş etdirib. O, rəsmi vəzifəyə başladığı ilk gündən etibarən əsas prioritetlərindən birinin məhz rus dilinə tanınmış xüsusi statusun ləğvi olacağını bəyan edib.

“Qanunvericilikdəki simvolik bərabərsizliyi aradan qaldırmaq, xüsusilə də Rusiya dilinin xüsusi statusunu ləğv etmək lazımdır. Bu dil Rusiya tərəfindən həyata keçirilən silahlı təcavüz şəraitində yalnız kommunikasiya vasitəsi deyil, həm də destabilizasiya alətidir,” – deyə İvanovskaya bildirib.

Yeni ombudsman onu da vurğulayıb ki, gələcəkdə Rusiyanın işğal etdiyi ərazilər azad olunduqdan sonra həmin bölgələrdəki əhalinin Ukrayna dilinə reinteqrasiyası da onun əsas hədəflərindən biri olacaq.

Xatırladaq ki, Ukrayna Konstitusiyasının 10-cu maddəsində ölkədə rus dili və digər milli azlıqların dillərinin azad inkişafı, istifadəsi və qorunmasının təmin olunduğu qeyd olunur. Lakin son illərdə Rusiya ilə aparılan müharibə fonunda rus dilinə münasibət Ukrayna cəmiyyətində və dövlət strukturlarında kəskin şəkildə dəyişməkdədir.

Yelena İvanovskayanın bu bəyanatı isə rus dilinin gələcəkdə Ukraynada hüquqi və ictimai mövqeyinə ciddi təsir göstərə biləcək radikal dönüş kimi qiymətləndirilir.

Musavat.com

19.07.2025 21:15
1564