Türk Dövlətləri Təşkilatının (OTG) Dövlət Başçıları Şurasının Azərbaycanın Qəbələ şəhərində keçirilən zirvə toplantısı MDB məkanında xüsusi diqqət mərkəzinə düşüb.
Birincisi ona görə ki, TDT üzvlərinin çoxu MDB ölkələridir. İkincisi, Rusiya bu birlikdə kənardadır və onu özünə qarşı yaradılmış birlik hesab edir.
Ona görə də zirvə toplantısının yekunları üzrə imzalanmış “Qəbələ bəyannaməsi”nə Rusiyanın yanaşması fərqli və ağrılıdır.
Moskva daha çox TDT-nin hərbi strukturlarının yaradılması, birgə hərbi təlimlər keçirilməsi çağırışlarından narahatdır.
Rusiyada fəaliyyət göstərən “Nezavisimaya qazeta” nəşri Qəbələ sammitinə həsr etdiyi məqalədə qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev TDT-yə sədrliyə başlayarkən birliyin birləşdirici gücünü vurğulayaraq türk xalqlarının ortaq tarixinin və etnik köklərinin, dillərinin onları bir ailə kimi birləşdirdiyini bildirib.
“O, bu konsepsiyanı daha da inkişaf etdirərək, 2026-cı ildə Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Ölkənin hazır olduğunu nümayiş etdirmək üçün Əliyev mühüm təcrübəni, o cümlədən son bir ildə Türkiyə ilə keçirilən 25-dən çox ikitərəfli və çoxmillətli hərbi təlimləri göstərib” – qəzet yazır.
“NQ” sevincək bir şəkildə vurğulayır ki, Azərbaycan rəhbərinin bu təklifinə həmkarlarından heç bir reaksiya verilməyib və görüşlər zamanı hər bir lider öz milli gündəmini və dövlət maraqlarını irəli sürməyə diqqət yetirib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kibertəhlükəsizlik Şurasının və Rəqəmsal İnnovasiya Mərkəzinin yaradılmasını təklif etdiyini yazan qəzeti bildirir ki, o, TDT çərçivəsində iri ticarət, iqtisadi və logistika layihələrinin inkişafının vacibliyini vurğulayıb.
Rusiya nəşri diqqətini daha çox TDT daxilində olan fikir ayrılıqlarına yönəltmək üçün qazaxıstanlı politoloq Daniyar Aşimbayevin fikirlərinə yer verib. Asimbayev “NQ”-yə deyib: “Astana TDT-nin hərbi-siyasi “perspektivləri” və ya bütün türk xalqları üçün ortaq əlifbanın tətbiqi ideyası ilə o qədər də maraqlanmayıb, bunu prezident Ərdoğan bir daha təkrarlayıb. Türkiyə lideri xüsusilə “türk dili üçün böyük dil modeli”nin yaradılmasının sürətləndirilməsinin zəruriliyini bəyan edib. Tokayev Qazaxıstanın xarici geosiyasi oyunlara və iyerarxik münasibətlərə qarışmaqdan çəkinməklə iqtisadi, humanitar və mədəni əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib”.
Göründüyü kimi, postsovet məkanında rus dilinin işləkliyi məsələsinə xüsusi önəm verən Kremlin ruporu olan qəzet TDT çərçivəsində türk dilinin inkişafına qısqanclıqla yanaşdığını gizlətmir.
“NQ” türkmən politoloq Dərya Qarayevdən də TDT-yə qarşı “ifadə alıb”. D.Qarayev deyib: “TDT sintetik və ideoloji konstruksiya kimi, bir tərəfdən ilkin niyyətlərə uyğun gələn, lakin “inkişaf” kimi elan edilən yeni məna və rəvayətlərlə daim gücləndirilməsini tələb edir, digər tərəfdən isə bu birlik getdikcə daha çox pantürkizmi “Prokrus çarpayısı”na bağlamaq üçün nəzərdə tutulub. Bir TDT sammitindən digərinə getdikcə bu daha aydın görünür”.
("Prokrus çarpayısı" süni, zorla tətbiq edilən sərt çərçivələri, standartları və ya ölçüləri ifadə edən məşhur ifadədir. İfadə qədim yunan quldur Prokrus mifindən qaynaqlanır. O, əsirləri ya artıq bədən üzvlərini kəsərək, ya da lazımi qədər dartıb uzadaraq çarpayısına uyğunlaşdırırdı – A.A).
D.Qarayevin sözlərinə görə, vahid türk əlifbasının, dilinin, vahid türk tarixinin yaradılması və həyata keçirilməsi təşəbbüsləri hər bir Mərkəzi Asiya ölkəsində müxtəlif reaksiyalarla qarşılanır, lakin bu cür fikirlər Türkmənistan hakimiyyəti üçün qəbuledilməzdir. “Dil, tarix və mədəniyyət Türkmənistanın dövlət siyasətinin əsas təməlini təşkil edir və onun bənzərsiz “türkün doğuş hüququ” qeyd-şərtsiz bir maksimuma yüksəldilib. Türkmənistan hakimiyyəti bunu qısamüddətli taktiki ittifaqlara dəyişməyə tələsmir və qardaş xalqlar və qohumluq haqqında daimi mantralara baxmayaraq, yaxın gələcəkdə türklərin birləşməsini qəbul etməyəcək”, - deyə Qarayev vurğulayıb.
Qeyd edək ki, Türkmənistan hələ də özü ilə TDT arasında məsafə saxlayır, birliyə qoşulmağa tələsmir. Bu ilin aprel ayında Türkmənistanın lideri, ölkə prezidentinin atası Qurbanqulu Berdiməhəmmədovun Qazaxıstan, Qırğızıstan və Özbəkistana səfəri, xüsusilə də dövlətlərin paytaxtlarına deyil, türk dünyasının müqəddəs yerlərinə – Türküstan, Səmərqənd və Ruh-Ordoya (Çingiz Aytmaovun adıyla bağlı olan məkan) baş çəkmsi, müəyyən ümidlər yaratsa da, qardaş türkmənlər TDT-dən kənarda qalmaqda davam edirlər. Bu, ruslar tərəfindən yüksək qiymətləndirlir, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın isə təəssüfünə səbəb olub.
Rusiya nəşri Şimali Kiprin TDT-yə müşahidəçi qisminə qəbul edilməsi məsələsinin də birlik daxilində fikir ayrılığına səbəb olmasından yazır, qeyd edir ki, Qazaxıstan, Türkmənistan və Özbəkistan ŞKTC-nin müstəqillik elanını hüquqi cəhətdən etibarsız hesab edən BMT TŞ qətnamələrini (1980) dəstəkləyib.
Bir sözlə, məqaləni hazırlayan rus politoloqlar türkmən və qazax həmkarları ilə birlikdə TDT-nin indisini və gələcəyini, fəaliyyətini şübhə altına alan mülahizələr yürüdür, qulağa xoş gələn və yüksək intellektdən xəbər verən ibarələrlə (“Prokrus çarpayısı”, “Manilov fantaziyası”, “qardaş transı” və s.) onu gözdən salmağa çalışır, birliyin qlobal regionalizmə can atdığını qeyd edirlər.
Onlardan biri olan Aleksandr Kobrinski TDT-ni Avropa İttifaqının prototipi sayaraq deyir: "Sırf iqtisadi məqsədlərlə başlayan Aİ indi hərbi bloka çevrilmənin finiş xəttinə yaxınlaşır. Aİ kimi, TDT də bu trayektoriyanı gizli gündəmlərlə təkrarlayır. Assosiasiyanın yaradılmasının mənşəyini bu və ya digər şəkildə Londondan Ankaraya, Orta Asiyaya qədər izləmək olar”.
Kobrinski şərhinin sonunda “İstər-istəməz sual yaranır: bu hərbi ittifaq kimə qarşı yönələcək?", - deyə qoyaraq Moskvanın, Kremlin əndişəsini dilə gətirir və onunla təskinlik tapır ki, 2026-cı ildə TDT-nin birgə hərbi təlimlər keçirmək təklifinə Qazaxıstan və Özbəkistan tərəfindən lazımi reaksiya verilməyib.
Araz Altaylı, Musavat.com