Sənə meydan oxumuşu qəfəsdə görüb dayanırsan – Şuşalı jurnalistin ifadəsi hər kəsi sarsıtdı

Bakıda Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər. Musavat.com xəbər verir ki, geniş ictimaiyyətin diqqət mərkəzində olan proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçirilir. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Hazırda prosesdə zərərçəkənlər, şahidlər ifadə verirlər. Aprelin 24-də keçirilən prosesdə Azərbaycana qarşı ağır cinayətlərin Şuşa mərhələsi başlayıb.

İş üzrə zərərçəkənlərdən biri də tanınmış jurnalist Hikmət Sabiroğludur.

Onun tarixi proseslə bağlı fikirlərini təqdim edirik:

- 4 zərərçəkən dəvət olunmuşdu. Məndən əvvəl dostum Elxan, qonşularım Sahib və İlham ifadə verdilər. Elxanla Sahib Birinci Qarabağ müharibəsinin qazisidir. İlhamın döyüşçü qardaşı Rövşən 1992-ci il mayın 8-də itkin düşüb. Yarımcan qardaşım Elxan sərt danışdı. Oğlu da İkinci Qarabağ müharibəsinin döyüşçüsüdür. Qazi balamız Hüseyn. Mən axıra qalmışdım. Dedim Şuşadakı dədə-baba evimizin 1992-ci il martın 14-də mərmiyə tuş gəlib kül olmasına görə zərərçəkən kimi tanınmışam, ibtidai istintaqa 2024-cü il aprelin 1-dəki ifadəmdə hər şeyi yerli-yataqlı danışmışam, məhkəmədə bunun üstünə gəlmirəm: "Xalqın bunca faciəsi içində bir evin yanması zərər sayılmaz. 23 min şəhid verib Azərbaycan. Ailələr, şəhər və kəndlər yer üzündən silinib. Milyonların ömrü talan olunub".

Ailəmizin çəkdiyinin yüz minlərlə ailənin müsibətinə oxşar olduğunu dedim: "Atam 1990-cı ilin yanvar faciəsində sarsıntıya dözməyib insult keçirdi, il yarım əlləşsək də, onu tam ayaq üstə qoya bilmədik, 58 yaşında itirdik. Qarabağ avantürası olmasa, 20 Yanvar da olmazdı".

Cibində qumbara gəzdirməyə vadar olmuş qardaşım Nazimin 1992-ci ilin yanvarında ehtiyatsız davranıb ağır xəsarət aldığını, uzun müddət xəstəxana qapılarında qaldığımızı dedim. Dedim evimiz dağılandan sonra altı nəfərlik ailə Bakıda bir otağa sığınmışdı, sonra da Şuşanı itirdik. Sonbeşik bacımın qaçqınlıq iztirabında xəstəlik tapıb 35 yaşında həyatdan getdiyini dedim.

Bunları danışdım, dedim, möhtərəm hakim, hamısının üstündən keçirəm, amma bir məqam var, onu bağışlamaram: "Anam Şuşa gedəndən sonra hər vaxt məndən bir şey soruşdu: Torpaqdan nə xəbər? Əvvəl bir evdə yaşayırdıq, hər axşam soruşurdu. Mən ailə qurub ayrılandan sonra hər gedəndə, qapını üzümə açan kimi soruşurdu. Anamın Ağdamdakı ata yurdu da işğal olunmuşdu. Savadlı qadın idi, hər gün qəzet oxuyurdu, bilirdi iş nə yerdədir, amma sanki məndən möcüzə, bir şad xəbər gözləyirdi".

Dedim anama heç bir şad xəbər verə bilmədim: "2013-cü ildə yurd nisgili ilə vəfat etdi. Hər şeyin üstündən keçirəm, amma anamın o cür nisgilli ölməsini bağışlamıram".
Biz birtərəfli danışa bilmərik dedim: "Ermənistanda, Qarabağda, diaspor cameəsində üst-üstə min nəfər "miatsum", "Arsax azadlıq hərəkatı" şüarları ilə qabağa düşüb on minləri bu işə qoşdu, yüz minlərin həyatını qaraltdı. Nə verdi onlar erməni xalqına? Yerevandakı "Yerablur" məzarlığını bəxş elədilər. Ermənistan o cür məzarlıqla doludur. Dağlıq Qarabağ ərazisi də. İndi sahibsiz qaldı o məzarlıqlar. Bunu bəxş elədilər erməni xalqına".

Dedim Ermənistanın rusdilli mediasını hər gün izləyirəm, hərdən qarşıma talelər çıxır: "Baxıram bir erməni qadın. Ərini Birinci Qarabağ müharibəsində itirib, oğlunu İkinci Qarabağ müharibəsində. Tək qalıb. O qadının göz yaşını bəxş elədilər erməni xalqına".

Mühakimə olunanların çoxu qarabağlıdır. Dedim mən Şuşada, Dağlıq Qarabağ Muxtar Vilayətində doğulub böyümüşəm, əsgərliyimin il yarımı isə Ermənistanda keçib, Eçmiədzində qulluq eləmişəm: "Eçmiədzini qarış-qarış gəzmişəm. Dəfələrlə Yerevanda, Oktemberyanda (indiki Armavirdə), Masisdə olmuşam, amma Ermənistanın heç harasında Qarabağ ermənisindən yaxşı yaşayan bir erməni də görmədim. Gül kimi yaşayırdı Qarabağ ermənisi. Qaldırdılar o camaatı Azərbaycanın üstünə, bizim qanımızı tökdülər, o camaatı da zəlil elədilər".

Çox şey demək olardı. İclasın axırı idi, bunları dedim yalnız.

Təqsirləndirilənlər sakitcə qulaq asdılar. Bəzilərinə sözüm vardı. Demədim. Sənə meydan oxumuşu qəfəsdə görüb dayanırsan.

Siftə ifadə verənlər hakimdən dustaqlara ağır cəza istəmişdilər. Mən dedim, möhtərəm hakim, mühakimə olunanlar hökmlərini özləri veriblər…

Məhkəmədən dönəndə içimi ağırlıq bürümüşdü: bu xəmir nə qədər su aparır, Allah!

Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Məhkəmədə dövlət ittihamını müdafiə edən şəxslər aşağıdakılardır:

Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev

Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev.

Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova.

Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,

Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit

Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

01.05.2025 10:50
702