İranın sabiq prezidenti Mahmud Əhmədinejadın dövründə Prezident Administrasiyasında mədəniyyət müşaviri vəzifəsində çalışmış Abbas Əmirifər "DidarNews" saytına verdiyi müsahibədə kəşfiyyat naziri (ETTELAAT) İsmayıl Xətibini tənqid edib və 12 günlük İran-İsrail müharibəsi zamanı SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadənin öldürülməsi ilə bağlı detalları açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.
“Hacızadənin yaxın dostu onu səhər saat 5 radələrində İsrailin hədəf aldığı səkkiz SEPAH komandiri ilə görüşə aparıb. Bildirilir ki, həmin şəxs artıq həbs olunub və hazırda məhkəməsini gözləyirik”, – Əmirifər deyib.
O, İranın təhlükəsizlik sistemini “çuxur” adlandırıb və İsrailin İranın Ali Milli Təhlükəsizlik Şurasının iclasının keçirildiyi yerə hücumu ilə bağlı bildirib: “Sonuncu bomba işə düşmədi, əks halda prezident Pezeşkian, parlament sədri Qalibaf və Məhkəmə Sisteminin rəhbəri Ejei eyni anda həyatını itirəcəkdi”.
Musavat.com