ŞƏT-ə üzvlüyümüz payıza qaldı

Azərbaycan Prezidenti Zirvə sammitinə dəvət olunub

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçiriləcək Zirvə Toplantısına və bu çərçivədə təşkil olunacaq bir sıra təntənəli tədbirlərə dəvət edib. Dövlət başçısı dəvəti məmnunluqla qəbul edib.

Artıq üçüncü dəfədir ki, İlham Əliyev ŞƏT-ə üzv ölkələrin zirvə toplantısına dəvət olunur. Təbii ki, bu da səbəbsiz deyil. Çünki Azərbaycan yerləşdiyi coğrafi mövqe baxımından ŞƏT üçün mühüm əhəmiyyətə malikdir. Xüsusilə də nəqliyyat və kommunikasiya xətlərinin qovşağında yerləşməsi, eləcə də enerji resursları ilə zənginliyi səbəbindən Azərbaycan ŞƏT üçün ideal tərəfdaş hesab olunur. ŞƏT isə 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran) var. Bundan əlavə, təşkilatın 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Qeyd edək ki, Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatına  üzvlük perspektivi ilə bağlı da danışmışdı.  Dövlət başçısı demişdi ki, Şanxay Əməkdaşlıq Təşkilatında ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır: “Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Şanxay Əməkdaşlıq Təşkilatının və BRİCS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çox töhfələr verə bilərik”.

Prezident əlavə edib ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir.

Qeyd edək ki, ŞƏT-in iclası  payızda Çinin Tyantszin şəhərində keçiriləcək. Hazırda Çin ŞƏT-in növbəti 10 il üçün inkişaf strategiyası üzərində işləyir, təşkilata üzvlüyün genişləndirilməsi ilə bağlı danışıqlar aparır. Bu baxımdan Azərbaycanın payızda Şanxay Əməkdaşlıq Təşkilatına üzv olacağı gözləniləndirmi?

Aydın Mirzəzadə təkzib edir: “Paşinyanı snayperlə vurmağa çağırış  etməmişəm” | Kaspi.az

 Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan dövləti bir qayda olaraq milli maraqlarının qorunduğu təşkilatlara üzv olmağa çalışır: “Şanxay Əməkdaşlıq Təşkilatı ilə həm təşkilat kimi, həm də bu təşkilatın ayrı-ayrı üzvləri ilə Azərbaycanın sıx əlaqələri var. Gələcəkdə ölkəmizin bu təşkilata üzv olması heç də istisna deyil. Digər tərəfdən, cənab Prezidentimizin Çində yüksək səviyyədə qəbul edilməsi, iki ölkə arasında çoxsaylı, hər iki dövlətin maraqlarına cavab verən sənədlərin imzalanması onu göstərir ki, Çin kimi nəhəng, dünya siyasətində əsas rollardan birini oynayan bir dövlət Azərbaycanla əməkdaşlığa böyük diqqət yetirir. Azərbaycan tək regionun önəmli ölkəsi olmaqla kifayətlənmir, dünya siyasətində rol oynayan ölkələrin birinə çevrilir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti rəğbət doğurur. Azərbaycanın dövlətçilik təcrübəsi bir çox dövlətlər üçün bir nümunə rolunu oynayır. Eyni zamanda Azərbaycan kimi nüfuzlu, inkişaf edən bir ölkə ilə əməkdaşlıq Çinin bu gün xarici siyasətində mühüm məsələlərdən birinə çevrilir. Çin Xalq Respublikasının sədrinin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının payızda keçiriləcək Zirvə toplantısına dəvət etməsini Azərbaycana verilən böyük qiymət kimi qəbul etmək olar. Şübhəsiz ki, bu, digər dövlətlərlə də əvvəldən razılaşdırılıb. Bundan sonra hətta rəsmi üzv olmasaq da belə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantılarında mütəmadi olaraq Azərbaycan rəhbərinin iştirakı tamamilə gözləniləndir. Cənab İlham Əliyevin Çinə səfərinin tək ikitərəfli münasibətlər baxımından deyil, həmçinin beynəlxalq münasibətlər səpkisindən də böyük əhəmiyyət daşıdığı bir daha göründü”.

Qeyd edək ki, dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa-Çin arasında əsas körpüyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Məsələyə bu prizmadan da baxdıqda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun üzvü olması, zirvə toplantılarına Azərbaycan liderinin dəvət edilməsi dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın gələcəkdə ŞƏT üzvü olması eyni zamanda ölkəmizin Şərqlə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu daha da artırmış olacaq.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

25.04.2025 09:40
411