Səudiyyədən gözlənilməz addım: Asiya üçün neft qiymətini kəskin ucuzlaşdırdı  

Səudiyyə Ərəbistanı may ayında Asiya regionuna satacağı neftin qiymətini kəskin şəkildə azaldaraq dörd ayın ən aşağı səviyyəsinə endirib.

Musavat.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, dövlətə məxsus “Saudi Aramco” şirkəti “Arab Light” markalı neftin rəsmi satış qiymətini 2,30 dollar ucuzlaşdırıb. Qeyd olunur ki, Səudiyyə neftinin qiymətindəki eniş son iki ildə ən nəzərə çarpan ucuzlaşma olub.

Xatırladaq ki, hasilatın könüllü azaldılması sazişində iştirak edən səkkiz OPEC+ ölkəsi aprelin 3-də hasilat cədvəlində dəyişiklik etmək və may ayında neft hasilatını sutkada 411 min barel (bpd) artırmaq qərarına gəlib. Bu, neft bazarında qiymətlərin 75 dollardan 63 dollara qədər düşməsində böyük rol oynayıb.

Bazarın ən böyük 3 oyunçusundan biri olan Səudiyyə Ərəbistanının qiymət qərarları yaxınmüddətli dövrdə neft bazarındakı proseslərin göstəricisi hesab olunur.

 

Musavat.com

07.04.2025 14:12
1262