2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsinə dair yeni və sarsıdıcı iddialar yayılıb. Ermənistan mənbələrinin iddiasına görə, müharibə zamanı Qarabağdakı hərbi rəhbərlik tərəfindən təchizatlı jiletlər – yəni gülləkeçirməz qoruyucu vasitələr qəsdən məhv edilib. Məqsəd isə Ermənistan ərazisindən cəbhəyə göndərilən əsgərlərin çoxsaylı döyüş xəsarətləri alaraq həlak olması olub.
Musavat.com xəbər verir ki, bu barədə erməni bloger Roman Baqdasaryan özünün telegram kanalında paylaşım edib.
Məlumata görə, 13 minə yaxın gülləkeçirməz jilet müxtəlif yollarla sıradan çıxarılıb. Bu addımların Azərbaycan ordusunun daha çox itki vermədən irəliləməsinə yardım etmək üçün atıldığı iddia olunur.
İddialar təkcə döyüş meydanındakı fəaliyyətlərlə məhdudlaşmır. Bildirilir ki, 44 gün boyunca Qarabağda olan generallar Ermənistan ictimaiyyətinə və Rusiyadakı erməni təşkilatlarına "jilet çatışmazlığı" ilə bağlı yalan məlumatlar veriblər. Bunun nəticəsində xaricdə yaşayan ermənilərdən milyonlarla dollar yardım toplanıb, lakin həmin vəsaitlərin böyük hissəsi mənimsənilib.
Yayılan görüntülərin Əsgəranda yerləşən 4-cü müdafiə polkunda çəkildiyi bildirilir. Ermənistan tərəfindən ezam olunmuş nümayəndələrin videoda Arsax (Qarabağ) zabitləri tərəfindən jiletlərin kütləvi şəkildə yandırıldığını və zədələndiyini sənədləşdirdiyi qeyd olunur.
Daha da dramatik olan iddia isə ondan ibarətdir ki, təftiş üçün gələn nümayəndələrə qarşı sui-qəsd cəhdi olub, lakin onlar möcüzə nəticəsində sağ qalıblar.
Yayılan bəyanatlarda vurğulanır ki, 3900 həlak olmuş erməni əsgərinin 40 faizi məhz bu daxili sabotaj və təxribat nəticəsində həyatını itirib.
Hadisə ilə bağlı hələlik rəsmi strukturlar tərəfindən açıqlama verilməyib. Lakin yayılan videolar və sənədlər sosial şəbəkələrdə geniş rezonans doğurub.
Toğrul İSMAYIL,
Musavat.com