ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan sammit Ukraynada ciddi narahatlıqla qarşılanır. The New York Times yazır ki, Kiyevdə bu təşəbbüsə dərin şübhə ilə baxırlar, çünki Rusiyanın danışıqlardan Ukraynaya təzyiq aləti kimi istifadə edəcəyi qorxusu var.
Musavat.com xəbər verir ki, Trampın məqsədi Ukraynada müharibəyə son qoymaq, sonda isə prezident Volodimir Zelenskinin də iştirakı ilə üçtərəfli görüş keçirmək olsa da, Ukrayna siyasi elitası bu prosesin təhlükəli fəsadlara yol aça biləcəyini düşünür.
Bankovaya yaxınlığı ilə tanınan politoloq Volodimir Fesenko bu prosesi “təhlükəli danışıqlar tuneli” adlandırıb. Onun sözlərinə görə, Kreml əvvəlcə Trampı istədiyi istiqamətə yönəltməyə çalışacaq, ardınca isə Zelenskiyə Rusiyanın şərtləri əsasında yumşaldılmış sülh planını qəbul etdirməyə cəhd göstərə bilər.
Nəşr qeyd edir ki, prezident Zelenski cümə axşamı Avropa ölkələrinin liderləri ilə görüşlər planlaşdırıb. Məqsəd isə Tramp və Putinin mümkün görüşündən əvvəl Ukraynanın mövqeyini müttəfiqlərlə koordinasiya etmək və ortaq bir cəbhə formalaşdırmaqdır.
Musavat.com