Mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olan “Kürd Amo” ləqəbli Əhməd Ərəbovun qətlinin təfərrüatları məlum olub. “Kürd Amo” həmkəndlisi 37 yaşlı Tarzan Şamilov tərəfindən maşınla vurularaq öldürülüb.
Musavat.com xəbər verir ki, hadisədən bir neçə gün əvvəl tərəflər arasında mübahisə olub və onlar əlbəyaxa dava ediblər. Qohumlar onları barışdırmağa çalışsalar da buna nail ola bilməyiblər.
İlkin məlumatlarda tərəflər arasındakı mübahisənin torpaq üstündə başladığı bildirilsə də, cinayət işi materiallarında başqa təfərrüatlar üzə çıxıb. Məlum olub ki, hadisədən bir neçə gün əvvəl onlar əkin sahəsinin yanında görüşüblər.
Tarzan dayısı Nizami torpaq sahəsini suvaran zaman onun yanında olub. “Kürd Amo” həmin əraziyə gələrək Tarzanın dayısı Nizami ilə mübahisə edib. Mübahisəyə qoşulan Tarzan sonradan “Kürd Amo” ilə əlbəyaxa dava edib. Bu zaman “Kürd Amo”nun da yanında iki nəfər olub. Onlar tərəfləri sakitləşdiriblər və hadisə yerindən uzaqlaşıblar.
Məhkəmədə dindirilən Tarzan ifadəsində deyib ki, “Kürd Amo” ilə əvvəllər arasında ədavət və düşmənçilik olmayıb:
“Dayım Nizami ilə əkin sahəsində idik. Mən maşında arxa oturacaqda oturmuşdum. Əhməd yanımıza gəlib dayımdan nə üçün onun mal-qarası ilə maraqlandığını soruşdu. Söyüş söyüb, dayımla mübahisə etməyə başladı. Dayım ondan bir dəfə mal-heyvanı neçəyə satdığını soruşduğu üçün Əhmədin bundan xoşu gəlməmişdi. Mən mübahisəni dayandırmaq üçün Əhmədə dedim ki, dayımın soruşmasında qəbahət yoxdur. Əhməd əlindəki fənəri mənə atdı, sonra da yumruq vurdu. Əlbəyaxa olanda bizi aralaşdırdılar”.
Tarzanın dediyinə görə hadisədən bir gün sonra Əhmədgilin evində görüş olub:
“Ertəsi gün dayım hadisə ilə bağlı ailəmə məlumat verdi. Atam Əhmədin atasına zəng edib danışdı. Sonra dayım Nizami ilə birlikdə Əhmədgilə getdik. Əhmədin atası Temur kişi bizi evə dəvət etdi. Mən Əhmədə “sənə yaxışılıqdan başqa nə etmişəm ki, mənə qarşı elə hərəkətlər edirsən” dedim. Əhməd dedi ki, tələsmə, gör mən sənə nə edəcəm. Əhmədin atası mənə dedi ki, oğlum səni çağıranda yanına getmə, əsəbidir. Sonra çıxıb evə getdik”.
Daha sonra Əhmədin valideynləri Tarzanın dayısıgilə gedərək, tərəfləri barışdırmaq üçün danışıblar. Həmin ərəfədə isə Əhmədlə Tarzan yolda bir dəfə rastlaşıblar.
Tarzanın sözlərinə görə, Əhməd maşınla onun yanından keçən zaman avtomobilin içərisinə baxıb:
“Sonra dayım, əmim və Əhmədin atası yenidən görüşdülər ki, bizi barışdırsınlar. Amma Əhməd onlara deyib ki, heç kim bizim işimizə qarışmasın, özümüz həll edəcəyik. Həmin gün yolda Əhmədlə qarşılaşdıq. Maşında oğlum da var idi. Əhməd mənə dedi ki, tələsmə, səni tək tutacam”.
Hadisə günü baş verənlərdən danışan Tarzan deyib ki, yolda Əhməd maşınla anidən qarşısına çıxdığı üçün onun maşınını arxadan vurub: “Geri dönüb evə qayıtmaq istədim. Dava olmasını istəmirdim. Maşının surətini artırıb getmək istəyəndə Əhməd anidən avtomobildən düşüb, qarşıma keçdi. Maşının ön sağ tərəfinə dəydi. Məsafə az olduğundan əyləci sıxa bilmədim. Hadisənin şokunda olduğumdan dayanmadım. Əhmədin maşınında Rəvan da var idi. Ona görə oradan getdim. Bibimgilə gedib hadisə barədə məlumat verdim. Əhmədə kömək etmələrini xahiş etdim”.
Tarzan deyib ki, Əhmədin üstündən bilərək maşınla keçməyib.
“Kürd Amo”nun atası hüquqi varis kimi dindirilən zaman deyib ki, qətl hadisəsindən əvvəl Tarzan onlara gələrək evlərinə hücum edib:
“Mən Tarzanın dayısı Nizamidən nə baş verdiyini soruşdum. Nizami dedi ki, Əhməddən mal-heyvanı neçəyə satdığını soruşub. Əhməd də bununla niyə maraqlandığını Nizamiyə irad bildirib. Onlar arasındakı mübahisəyə Tarzan qoşulub və Əhmədi vurub. Onları barışdırmaq üçün cəhd etdik. Tarzanın əmisi, dayısı ilə də danışdım. Tarzan bizə gəlib Əhmədi soruşdu. Evə hücum edəndə belində silah olub. Əhməd ona dedi ki, evdə uşaqlar var, sonra söhbət edərik. Tarzan dedi ki, Əhmədin başına oyun açacam. Tarzan gedəndən sonra əmisi Knyaza zəng elədim. Knyaz dedi ki, onları barışdırmağa çalışacaq. Əhməd evdən çıxıb gedəndən bir müddət sonra xəbər gəldi ki, onun maşınını vurublar. Hadisə yerinə gedəndə öyrəndik ki, Tarzan Əhmədi vuraraq öldürüb”.
Tarzanın “Kürd Amo”nu avtomobillə qəsdən vurmasına şahidlik edən Rəvan olub. Rəvan “Kürd Amo”nun avtomobilində olub. İstintaq orqanı Rəvanın ifadəsini əsas sübut kimi qiymətləndirib. Rəvan bildirib ki, Tarzan sürətlə onları arxadan vurandan sonra Əhməd maşından düşüb. Bu zaman Tarzan yenidən sürəti artıraraq Əhmədi vuraraq bir neçə metr sürüyərək yolun kənarına atıb.
“Kürd Amo”nun yaxınları ifadə verən zaman deyiblər ki, Tarzan Əhməddən qisas alacağını deyib. Tarzanın yaxınları da deyib ki, Əhməd Tarzandan qisas alacağını deyirmiş.
Məhkəmə araşdırması zamanı istintaqın gəldiyi nəticə həqiqətə uyğun hesab edilib. Tarzanın “Kürd Amo”nu bilərəkdən maşınla vurub öldürdüyü şahid ifadələri ilə təsdiq edilib.
Tarzan xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, “Kürd Amo” kriminal aləmdə kifayət qədər tanınmış şəxs idi. O, daha əvvəl Azərbaycanda iki dəfə məhkumluq həyatı yaşamışdı. Quldurluq və narkotik ittihamları ilə həbs edilmişdi. “Kürd Amo” bir müddət də Türkiyədə “Lotu Quli”nin yanında idi. Bakıya qayıtdıqdan sonra sonuncu dəfə 2021-ci ildə narkotik ittihamı ilə həbs edilərək 2 il cəza almışdı.
İlkin Muradov
Musavat.com