Tolikdən blogerlərə sərt İSMARIŞ: “Milyonlarla izləyici və sahibkarı aldadırsınız!”

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkələrdə fəaliyyət göstərən blogerlər barədə sərt açıqlamalar verib.

Musavat.com-un xəbərinə görə, Tarix Əliyev iddia edir ki, “bloger” adı altında cəmiyyətə təqdim olunan parıltılı həyat əslində illüziyadan başqa bir şey deyil:

“Bunların heç bir peşəsi yoxdur. Əgər ciddi araşdırılsa, “bloger” adı altında çox fərqli məqsədlərin gizləndiyini görərik. Göstərdikləri “şahənşah” həyatları, bahalı villalarda çəkilən videoları çox zaman real deyil. Bu da bəzi imkanlı şəxslərin diqqətini cəlb edir və nəticədə “influencer” adı altında, əslində cəmiyyəti çaşdıran bir proses baş verir.

Amma günah təkcə onlarda deyil. Onlara bu qədər dəyər verən, milyonlarla izləyici bəxş edən də kasıb, sadə insanlardır. Bir telefona, bir paltara, bir şampuna görə onların səhifələrini izləyən cəmiyyətin özü bu süni nüfuzun yaranmasına zəmin yaradır”.

O, dövlətin bu sahəyə təcili nəzarət etməli olduğunu vurğulayıb, həm də bir sıra suallar səsləndirib:

“Bugünkü gündə diqqət etsəniz, bir çox blogerin aktuallığı itib. Artıq izləyicilər də ayılmağa başlayıb. Amma dövlət də bu məsələyə nəzarət etməlidir. Bu şəxslərin fəaliyyəti nədir? Qazandıqları pullar haradandır? Dövlətə vergi ödəyirlərmi? Niyə müğənnilərin reklam qiymətləri şəffaf olmalıdır, amma blogerlərinki yox?

Bəzi siqaret, içki, avtomobil və digər şirkətlərin bu şəxsləri reklam üzü kimi təqdim etməsi də narahatlıq doğurur. Saxta milyonlarla izləyici və baxışlarla həm cəmiyyəti, həm də sahibkarları aldadırlar.

Bəli, biz blogerlərin içində dəyərli olanları da tanıyırıq. Amma sual budur: bu sahədə şəffaflıq nə vaxt olacaq? Bu insanlar da qanun qarşısında məsuliyyət daşımalıdır. Heç kim toxunulmaz deyil”.

Xalidə Gəray
Musavat.com

05.08.2025 17:05
380