Tramp “mars” oldu- Zelenski “zər tutur...”  

Ukraynanı hədəf alan, “borcunuzu qaytarın” deyə təhdid edən ABŞ prezidenti Zelenskinin şərtlərini qəbul etməyə niyə məcbur qaldı? Ağ Evin köhnəlmiş “qamçı-kökə” siyasəti...

Trampın hakimiyyətə gələndən bəri Ukraynanın qiymətli təbii ehtiyatlarını ələ keçirmək cəhdləri-hansı ki, buna kəmfürtsətlik də demək olardı, çapavolçuluq da- nəhayət, sənəd şəkilində imzalandı. Tərəflər mədənlərin birgə hasilatı ilə yanaşı  Ukraynanın bərpası üçün İnvestisiya Fondunun yaradılmasına da razılışıblar. Buna çərçivə sazişi də demək olar, amma sənədlə tanışlıq əsas razılığın əldə olunduğunu göstərir. Sazişin mətni ratifikasiya üçün Ali Radaya təqdim olunacaq. Ratifikasiya edildikdən sonra bu saziş qüvvəyə minəcək. 

 ABŞ-ın maliyyə naziri müqaviləni “tarixi” adlandırıb  və  Trampa “davamlı sülhü təmin etmək üçün göstərdiyi səylərə” görə təşəkkür edib. Amma ABŞ Maliyyə Nazirliyi imzalanan rəsmi sənədi hələ dərc etməyib.

Ukrayna tərəfinin açıqladığı sənəddə isə əsas müddəalarla tanış olmaq mümkündür. Məsələn, razılaşmaya görə  Ukrayna yerin təki və infrastrukturu üzərində tam nəzarəti özündə saxlayır.   Qeyd olunur ki, ABŞ-ın haradan və nəyi istismar  edəcəyini Ukrayna hökuməti müəyyənləşdirəcək. Ukraynanın yenidən qurulması üçün yaradılacaq fond da birgə idarə ediləcək. Fondun gəlirləri ABŞ-da və Ukraynada vergiyə cəlb edilməyəcək,  müstəsna olaraq  qiymətli metallar, neft və qaz sahəsində layihələr üçün yeni lisenziyalardan əldə edilən gəlirlə doldurulacaq. “Ukrnafta” və “Enerqoatom” kimi dövlət şirkətləri Ukrayna dövlətinin mülkiyyətində qalacaq. Müqavilədə Ukraynanın ABŞ qarşısında hər hansı borc öhdəliyinə dair  qeyd də yoxdur. Halbuki Tramp əvvəlcə  üç illik müharibə zamanı verdiyi yardıma görə təbii ehtiyatları ilə ABŞ-a pul ödəməsini tələb edirdi. Əvvəlcə o, “300 milyard dollara yaxın bir məbləğdən” danışdı, sonra isə hətta 500 milyard dollara qaldırdı. Ukrayna borc əvəzinə qiymətli metalların ABŞ-ın ixtiyarına verilməsi  təklifi ilə razılaşmırdı. Eləcə də sazişdə Ukraynaya hansısa təhlükəsizlik qarantiyası verilməyib. Ukraynanın baş naziri bu kontekstdə maraqlı ifadə işlədib: “ABŞ-la strateji tərəfdaş olduq”. Ukrayna ilə belə bir sənəd halbuki çoxdan var.

b7e592a0-2208-11ea-83af-2d1150e20fb1.jpg (71 KB) 

İddialara görə, Trampın çevrəsində başlanan istefa Ukraynadan daha sərt güzəştlər tələb edənlərin  reaksiyası kimi də qiymətləndirilə bilər.  Bildirilir ki, xüsusilə vitse-prezident Vensdən söhbət gedir. Ukrayna cəmiyyətində mənfi reaksiyaya səbəb olan martdakı  razılaşmanın mətninin  təşəbbüskarı məhz Vens ola bilərdi.

Ukraynanın Vaşinqtonun təzyiqlərinə baxmayaraq, bu mərhələdə əraziləri ilə bərabər həm də təbii sərvətlərini itirmək təhlükəsindən qurtulmuş kimi görünür.  Rus istilası vaxtı adı açıqlanmayan bir bakılı şairinin  “Dənizin altı  sizin üstü bizim, Bakının üstü sizin, altı bizim” misrası Ukrayna üçün indi keçərli deyil, yəni Zelenski cəbhədəki ağır vəziyyətə rəğmən  sazişi Ukraynanın maraqlarının qurban verilməməsi şərti ilə imzalanmasına nail olması alqışlanası hadisədir.

ABŞ sazişin imzalanmasından sonra Trampın Zelenskiyə “kökə”, Rusiya prezidentinə isə bu dəfə “əbasının altından zopa” göstərəcəyi gözlənilən idi. Tramp Papanın dəfn mərasimindən əvvəl Zelenskiyə görüşündən sonra  Rusiyaya və prezident Putinə sərt ritorikası diqqət çəkmişdi. Halbuki Tramp son bir neçə həftədə  danışıqlara Zelenskinin  əngəl olduğunu işarə edirdi. Lakin Zelenski ilə o görüşdən sonra Tramp bu dəfə “silahın lüləsini” Putinə doğru çevirdi,    Rusiya prezidenti danışıqlarda maraqlı olmamaqda  suçladı. İndi bəlli olur ki, Vatikandakı 15 dəqiqəlik bəlli görüşdə Zelenski saziş imzalamağa boyun olub və Tramp ritorikasının dəyişib.  Tramp administrasiyası sazişin imzalanmasından sonra  Ukraynaya 50 milyon dollar dəyərində silah almaq hüququnun verilməsi üçün Konqresə sorğu göndərilib. Bu, Baydenin səxavəti ilə  müqayisədə “semeçka pulu”dur, lakin əhəmiyyətli addımdır, çünki Trampın dövründə yardım şəklində deyil, kommersiya əsasında silah tədarükü üçün ilk presedentdir.

Rusiyaya isə əksinə, yeni sanksiyaların tətbiqinin müzakirəsinə başlayıb. Həm də söhbət  Rusiyadan neft, qaz, uran və digər  yeraltı resursları alan ölkələrdən idxal olunan mallara 500% rüsumun tətbiqindən gedir. Sanksiyalar hələ  Nümayəndələr Palatası tərəfindən təsdiqlənməlidir, lakin Rusiya üçün bu cür sərt sanksiyanın qəbulu gözləniləndir. 

Ekran şəkli 2025-04-12 120422.jpg (95 KB)

Trampın Zelenskiyə niyə güzəştə getdiyi, Putinə qarşı hücumları artırdığının psixoloji səbəbləri də var. Trampın seçkiöncəsi kəlləçarxa çıxan reytinqinin içinə cəmi  100 gündə “gül qoyub”. Ona görə müharibəınin dayandırılması nədir, heç bir neçə günlük atəşkəsə belə nail olmayan Tramp, bu sazişlə  heç olmasa Zelenskini razı saldığı rəyini yaratmağa çalışdı.  Putinə  sərt tənqid haradək gedəcək, bunu demək çətindir, çünki qarşıdakı adam-Tramp proqnozlaşdırılmayan biridir. Sabah  Rusiyaya nüvə raketi tuşlaya da bilər, Putin mənim dostumdur deyə də...   İstənilən halda, Tramp bu tası(partiyanı) uduzdu, hələ mars(mat) da oldu demək olar...

Nazim SABİROĞLU,
Musavat.com  

02.05.2025 08:28
1263