Trampın 79 illiyi ilə bağlı parad KEÇİRİLƏCƏK

ABŞ Ordusu 79 yaşını qeyd edəcək prezident Donald Trampın şərəfinə hərbi parad keçirmək üçün genişmiqyaslı planlar hazırlayır.

Musavat.com xəbər verir ki, tədbir ABŞ ordusunun yaradılmasının 250 illiyinə də təsadüf edir və 14 iyun tarixinə planlaşdırılıb.

"Associated Press"in məlumatına görə, parada 6600-dən çox hərbçinin, ən azı 150 ədəd hərbi texnikanın (o cümlədən tanklar), 50 helikopterin, yeddi hərbi orkestrin və təxminən 2000 mülki iştirakçının qatılması gözlənilir.

Tədbirlə bağlı hazırlıq işləri davam edir, lakin Ağ Ev hələ yekun qərar verməyib. AP-nin əldə etdiyi sənədlərə əsasən, parad Vaşinqtonda (National Mall) baş tutacaq Ordunun yubiley tədbirlərinin bir hissəsi olacaq və konsert, həmçinin atəşfəşanlıqla müşayiət olunacaq.

Planlaşdırılan tədbirin miqyası böyük xərclər tələb edir — texnika və şəxsi heyətin ölkənin müxtəlif bölgələrindən daşınması, onların yerləşdirilməsi və qidalanması üçün on milyonlarla dollar sərf oluna bilər. 2018-ci ildə Trampın bənzər bir parad keçirmək cəhdi məhz həddindən artıq xərclər və logistika problemləri səbəbilə ləğv olunmuşdu.

Paradda ən azı 11 hərbi korpus və diviziyanın iştirak edəcəyi gözlənilir. Bunlara "Stryker" zirehli maşınları, tanklar, "Bradley" piyada döyüş maşınları, "Paladin" artilleriya qurğuları və haubitsalarla təchiz olunmuş batalyonlar daxildir. Həmçinin, "Golden Knights" paraşütçüləri, tarixi texnika nümunələri, veteran təşkilatları və hərbi kolleclərin iştirakı da planlaşdırılır.

Vaşinqtonun meri Müriel Bouzer tanklardan istifadə olunduğu halda şəhər infrastrukturuna zərər dəyə biləcəyindən narahatlığını ifadə edib. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini, texnikanın hərəkəti və iştirakçıların yerləşdirilməsi ilə bağlı logistik planları müzakirə edir.

Hazırda parad layihə mərhələsində olsa da, ordu bu tədbirin “milli bayrama” çevriləcəyinə və ABŞ silahlı qüvvələrinin tarixi və gücünü cəmiyyətə nümayiş etdirmək fürsəti olacağına ümid edir.

Musavat.com

02.05.2025 15:51
319